Qatarlar və biz
Vağzal yolların başlandığı yerdir. Bizi gözləyən və ya gözləməyən ünvanlara aparar. Qatarlar bilir hara getdiyini, təkərlərin taqqıltısı da, hərdən eşidilən fit səsləri də, sanki onların işgüzarlığından xəbər verər, gedərlər, qayıdarlar, təkrar-təkrar. Bizlər də bu ahəngdarlığın bir parçası olarıq, yolboyu düşünərik, fikrə dalarıq, xatirələri çözərik… Bəzən qatar ünvana çatmamış biz “çatarıq”, xəyalən görüşərik, söhbət edərik, yaxud ilk dəfə olacağımız ünvanları təsəvvür edərik, görməli yerləri gəzərik , düşüncələrlə səyahət edərik. Biz gedərik, qatarlar qalar. Qatarlar vağzallara doğmadır, çatar-çatmaz həyəcanını gizlətməz, fit verərlər, nəfəslərini dərərlər, sonra növbəti dayanacağa doğru yol alarlar, yol gedərlər, qatarlar bilir hara getdiyini. Qatarların yolu birdir, amma gedənlərin yolu başqa-başqa, bu qədər yol necə ayrılır burdan? Ümidlərini qoyub gedənlər, ümidinə doğru gedənlər, bir parça çörək üçün gedənlər, sərvətinə qovuşmağa gedənlər… Bunlardan kimlər qayıdar, kimlər qayıtmaz, biz bilmərik, qatarlar bilər… Qatarlar daha nə bilər görəsən? Yaşamaq üçün münasib dayanacaq varmı görən- soruşsam, nə deyərlər? Ömür adlı bu yükü çoxmu daşıyacam çiyinlərimdə, yaşamaq üçün fürsətim olmayacaqmı heç? Qatarlar bilir hara getdiyini, biz bilməsək də…
Qatarlar dayanacaqdan-dayanacağa tələsərlər, axşamdan sabaha, bahardan payıza, həm də hey tələsərlər, kimsə gecikməsin deyə. Biz də tələsərik, amma niyə tələsdiyimizi bilmədən, eləcə tələsərik. Qatarlar istəməz gecikək, qatarlar vaxtında çatarlar, amma biz gecikərik, yaşamağa gecikərik, xoşbəxt olmağa gecikərik, bəzən bahara, bəzən payıza gecikərik. Qatarların bir günahı yoxdur, günahkar bizik. Vaxtında gələn qatara tələsmiş, vaxtında gedən qatara gecikmiş sərnişin oluruq. Qatarlar bilir hara getdiyini, biz bilməsək də…
Bu qatarda bir qoca da gedər, keçmişini də yükləyib aparar, görən qatarın xəbəri varmı bu yükdən? Bir zamanlar pəncərəsiz, dəmir vaqonlar da gedərmiş, bu uzun, dəmir yollarla, amma o vaqonlar çox-çox uzaqlara gedərmiş.
Onlar faciələr, ölən dünyalar daşıyarmış, gecə-gündüz dayanmadan, nəfəs dərmədən. Taqqıltısı beyinləri oyar, oyar, sanki sonsuzluğa apararmış. Hərdən fit səsləri gələr, ürəklərdə bir sevinc qığılcımı yanar, bu taqqıltı kəsilsin, dayansın,-deyə. Bir anlıq, qatar dayanar, sonra bu işgəncə, əzab yükünü ağır-ağır çəkər, apararmış. Susuzluqdan yanan ürəkləri, havasızlıqdan boğulan, yanan ciyərləri, solan körpə gözləri, partlayacaq qədər qəzəblə, çarəsizliklə dolmuş ürəkləri aparar, çəkə-çəkə bəlkə zorla aparar,bəlkə istəmədən aparar? Qatarlar bilir hara getdiyini, biz bilməsək də…
Qoca xatırlayır, bu taqqıltıları…
Sonra bu vaqonlar silah daşıdı, mərmi daşıdı, yaralı daşıdı. Əsgər məktubları daşıdı, atlara saman daşıdı, əsir daşıdı, yükü çox oldu bu dəmir vaqonların. Tank daşıdı, top daşıdı, daha nələr daşıdı: vicdan məhbusları, söz məhbusları, əqidə məhbusları. Hərdən xainləri, oğruları daşıdı, amma lüks vaqonlarda. Dözdü vaqonlar, dözdü qatarlar, dəmirdi dözdü.
Qoca düşür qatardan, bir-birini sevinclə qarşılayan insanları görür, qatara tələsən, qatardan düşüb gedən insanlara baxır. Bir anlıq illərin yükünü çiyinlərində hiss etdi. O da bu yükü daşıyacaq, daşıyacaq, son mənzilə kimi.
Qatar fit verir, yola düşür, hələ kimləri, nələri aparacaq, qatarlar bilir hara getdiyini…