Muəllif:

JURNALİST… ELÇİ… SİLLƏVURAN…

Bu yaxınlarda hüquq şirkətinin rəhbəri olan dostum zəng vurmuşdu. Hal-əhvaldan sonra öyrəndim ki, sən demə zəng vurmağının səbəbi başqa imiş. Dostum məndən bu yaşıma qədər adını eşitmədiyim bir –iki xəbər saytının adını sordu. Məsələnin mahiyyətinə gəldikdə isə məlum oldu ki, həmin bu “göbələk kimi yağışdan sonra” ortaya çıxan saytların bir çoxunda dostumun partnyorluq etdiyi bir şirkət haqda eyni məzmunlu və hətta deyərdim eyni mətnli qarayaxma yazılıb. Həmin saytları məhkəməyə vermək istəmədiklərini və onların rəhbərləri ilə danışıqlar aparıb saytlardan həmin yazının yığışdırılması üçün onları axtardığını söylədi. Və məndən bunun üçün yardım istədi. Doğrusu mən heç vaxt belə söhbətlərə girməmişəm. Amma ayda-ildə bir dəfə məndən yardım istəyən dostumu qıra bilmədim.

Xeyli axtarışlardan,  ondan-bundan xahiş edə-edə nəhayət ki, həmin saytlardan birinin baş redaktorunu tapıb onunla bir neçə dəqiqəlik telefonla danışa bildim. Şirin dillə məsələnin mahiyyətini, dostumun xahişini ona bildirəndə baş redaktor inadla qeyd etdi ki, bunu edə bilməz. Hətta dedi ki, istəyirlərsə məhkəməyə verə bilərlər. Heç nədən və heç kimdən çəkinmirlər. Əksinə, həmin yazı saytdan yığışdırılsa, onların başı daha çox ağrıyar, nəinki məhkəməyə verilsələr. Çox çək-çevirdən sonra məlum oldu ki, yazı sifarişli yazıdır və bir mərkəzdən gəlib. Yəni, bu və bir çox bunun kimi saytlara tapşırılıb ki, həmin yazını yayımlasınlar. Daha deyəcək bir şey qalmamışdı.

Sözümün canı var. Amma sözümün canına çatmamışdan öncə istəyirəm bu hadisə baş verəndən sonra xatırladığım daha bir hadisəni də sizinlə bölüşüm.

2014-cü ilin son aylarıdır. İndi qapıları bağlı olan AzadlıqRadiosunun Bakı bürosunda çalışırdım. Həmin dövrün stressini, psixoloji gərginliyini heç kimə yaşamağı arzulamıram. Hər gün yeni bir həbs, hər gün hansısa vətəndaş cəmiyyəti üzvünə mənəvi hücumlar, bir çox media orqanlarında qarayaxma yazılar. Bir sözlə, 2013-cü ildən sonra başlayan dəhşətli tendensiyanın gərginləşən dövrüdür. Həmin vaxt hakimiyyətin əlində olan media orqanlarının birinin rəhbəri sosial şəbəkədə mənə yazdı ki, axşama hazır olun. Axşama yaxın hakimiyyətin əlində cəmləşmiş media orqanlarının demək olar ki hamısında AzadlıqRadiosunun Bakı bürosu haqda qarayaxma dolu eyni məzmunlu və eyni mətnli yazı verilmişdi. Dərhal bayaq mənə yazmış media rəhbərinin saytına göz gəzdirdim. Həmin yazı orda yox idi. Sonradan həmin şəxslə təsadüfi görüşdə həmin məsələyə işarə etdim. Aydın oldu ki, o şəxs həmin yazını verməyi şəxsiyyətinə sığışdırmayıb, amma bu ona ucuza başa gəlməyib. Sonradan həmin saytda da digər saytlar kimi o cür yazılara rast gəlmək mümkün oldu. Bu da bizim “jurnalistika”.

Doğrudur, jurnalistika bir peşədir. Hər kəs bu peşə ilə məşğul ola bilər. Amma onun müqəddəs bir missiyası var. Xəbər çatdırmaq, həqiqəti üzə çıxarmaq, haqqı demək. Haqqı deyənlərə, xəbər gətirənlərə bəzən ELÇİ deyirlər. Bir sözlə, jurnalistlər həm də elçilərdirlər. Doğru sözün elçisi. Həqiqətin, haqqın elçisi.

Amma etiraf edək ki, bu peşədən istifadə edib, daha çox var-dövlət qazanmaq istəyənlər, kimlərəsə yarınmaq istəyənlər, media üzərindən öz siyasətini həyata keçirənlər, başqasına qara yaxanlar da az deyil. Onların missiyası isə tamam başqadır. Onlar sanki kiminsə əlində “Silləvuran” funksiyasını həyata keçirirlər. Həqiqət nə olursa olsun. Haqqdan uzaq. Bunun adı isə Jurnalistika deyil!

Təəssüf ki, indi Azərbaycan mediası demək olar ki, həmin sifarişlə silləvuran funksiyasını həyata keçirənlərin əlində cəmləşib. Bir-iki istisna var. Amma istisnalar həmişə azlıq təşkil edir.

Amma mən “silləvuran” olmaqdansa, bu müqəddəs peşəni tərk edib, başqa işlə məşğul olardım ki, həqiqət elçilərinə ləkə vurmayım. Bəlkə bir az ağır oldu. Amma sizi inandırım ki, haqqı tanısaydılar, bu yazı onlara ağır gələ bilərdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 8,00 из 10)
Oxunma sayı: 346