Muəllif:

Bəs bizi kim qoruyacaq?

Son vaxtlar əksəriyyət nümayəndəlik institutunun ləğvindən yazır. Vəkili də, hüquqşünası da, vətəndaş cəmiyyətinin üzvü də, jurnalisti də. Yenə də həmişə olduğu kimi sadə vətəndaşların az qisminin bu haqda nəsə yazdığının şahidi oluruq. Demək olar ki, yazmırlar. Çünki onlar üçün maraqlı deyil. Çünki onlar siyasətə qarışmırlar.

Vəkillər və hüquqşünaslar bu məsələnin sonradan gətirəcəyi fəsadlara diqqət çəkirlər. Jurnalistlər daha çox statistik məlumatların üstündə dayanırlar. Vətəndaş cəmiyyətinin üzvləri isə bu presedentin vətəndaşlara verəcəyi “töhfələr”i önləməyə çalışırlar.

Kimi yazır ki, filan rayonda cəmi bir vəkil var, başqa rayonda heç vəkil yoxdur. Kimi yazır ki, ümumiyyətlə ölkədə vəkillərin sayı olduqca azdır. Azərbaycanda hər 10 min nəfərə bir vəkil belə düşmür.

Azərbaycan adambaşına düşən vəkillərin sayına görə Avropada axırıncı yerdədir.

Məni isə başqa məsələ narahat edir. Bu barədə bir qədər sonra.

Əvvəlcə məsələnin mahiyyəti.

1.Əgər nümayəndəlik institutu fəaliyyətini dayandırsa, sadə vətəndaşların əksəriyyəti vəkilsizlik səbəbindən, hüquqi nümayəndə olmadan məhkəmələrə baş vurmaqdan vaz keçəcək. Əvvəla vəkil tutmaq üçün vətəndaşın imkanı yaxşı olmalıdır ki, o vəkilin xərclərini qarşılaya bilsin. İkinci, sadə vətəndaşların əksər hallarda hüquqi biliyi o səviyyədə deyil ki, adi hüquqlarını bilsin və rahat şəkildə məhkəməyə müraciət etsin.

Bu da sözsüz ki, avtomatik olaraq Azərbaycanda məhkəmə işlərinin sayını xeyli azaldacaq. Bu da bir göstəricidir. Və bu göstəricidən hökumət sonradan müsbət statistika kimi istifadə edəcək.

2.Son illərin təcrübəsi göstərir ki, Azərbaycanda həyata keçirilən iri tikinti layihələrinin fonunda mülkiyyət hüququ pozulmuş xeyli insanlar var ki, onlara hüquqi xidmət həyata keçirən təşkilatlar bu işləri məhkəmələrə daşıyırdılar. Və təbii ki, burdakı məhkəmələrdə onların hüquqları tanınmadığına görə həmin işlər kütləvi halda Avropa Məhkəməsinə istiqamət alırdı. Bundan sonra nə həmin insanlara hüquqi xidmət göstərən təşkilatlar çalışa biləcək, nə də onların şikayəti Avropaya gedib çıxacaq. Yəni istədiyini sök, istədiyini tik, istərsən kompensasiya ver, istərsən vermə. Bundan sonra daha onların səsini eşidən olmayacaq.

3.Azərbaycanda inzibati qaydada hüquqları pozulan jurnalistlərin, vətəndaş cəmiyyəti üzvlərinin, müxalifət partiyası nümayəndələrinin, narazı insanların hüquqlarını məhkəmədə müdafiə edənlər tapılmayacaq. Çünki onların hüquqlarını müdafiə edən hüquqi nümayəndələr, hüquq müdafiəçiələri artıq məhkəmələrə çıxa bilməyəcək.

Bax məni də əsl narahat edən bu məsələdir. Məncə, məsələnin də əsl mahiyyəti bundadır. Bu addım illərdir davam edən müxalifət partiyaları nümayəndələrinin fəaliyyətinə maneə yaratmaq, müstəqil QHT-ləri sıradan çıxarmaq, azad media təmsilçilərinin səsini boğmaq siyasətinin tərkib hissəsidir. Bundan belə həmin insanlardan hansısa birinin hüquqları pozulsa, onların hüquqlarını kim qoruyacaq? Təbii ki, siyasi və vicdan məhbuslarının hüquqlarını müdafiə edən Vəkillər Kollegiyasının üzvü olan 4-5  vicdanlı vəkilin bütün bu işləri götürməyə fiziki gücü yetməyəcək. Və bu insanlar kimin ümidinə qalacaqlar? Vəkillər Kollegiyasının “sözəbaxan” vəkillərinin. Məqsəd də hər bir mənada bu deyilmi? Kənardan dəstək verən hüquqşünasların hamısını bir mərkəzə toplamaq. Onları itaətcil etmək. Sözə baxmayanları isə İntiqam Əliyev, Aslan İsmayılov,  Xalid Bağırov kimi Kollegiyadan uzaqlaşdıraraq peşəsini və fəaliyyətini əlindən almaq. Bəs “sözəbaxan” vəkillər həmin insanların hüquqlarını müdafiə edəcəklərmi? Əsla. Onlar gəlib iş ittihamçısı kimi danışıb gedəcəklər. Nəticədə həmin insanların burda pozulmuş və sonradan Azərbaycan məhkəmələri tərəfindən tapdanmış hüquqlarını Avropa Məhkəməsinə daşıyan olmayacaq.

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 2016-cı ilin yekunları ilə bağlı hesabatına istinadən deyə bilərəm ki, Azərbaycandan  AİHM-ə göndərilən şikayətlərin sayı hər il artır.

Təxmini hesablamalarıma görə, 2016-cı ildən bu yana Avropa Məhkəməsinin çıxardığı qərarlara əsasən Azərbaycan hökuməti hüququ pozulmuş şəxslərə 1 milyon 500 min manata qədər kompensasiya ödəməlidir.

Bir sözlə, daha nə şikayət olacaq, nə də kompensasiya.

Bu da hökumətin daha bir uğur hekayəsi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 322