Muəllif:

Azadlıq oğurluğuna iki manatlıq şəriklik…

Hardasa, bir ilin söhbətidir, ilahiyyatçı Taleh Bağırzadə ilə birlikdə hakim qarşısına çıxarılanlardan biri dövlət hesabına təyin olunmuş vəkilin üzünə tüpürüb, onu zaldan qovmuşdu. “Belə vəkil olar?! Bu adam “banditizm”dəkilərə qoşulub məni döyürdü”, – müdafiəçiyə qarşı aqressiyasının səbəbini belə izah eləmişdi…

Hökumətin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki və  İnzibati Prosessual məcəllələrə dəyişikliklər haqda oxuyanda bu hadisə yadıma düşdü. İndiki vəziyyətdə cinayət işlərində, Ali Məhkəmədə və Konstitusiya Məhkəməsində vətəndaşların hüquqlarını yalnız Vəkillər Kollegiyasının üzvləri müdafiə edə bilər. Innən belə bütün məhkəmə işlərində, elə mülki mübahisələrdə də ancaq həmin adamlar iştirak edəcəklər. Başqa sözlə, müəyyən səbəblərdən bu qurumdan kənarda qalan hüquqşünaslar məhkəmələrdə hüquq müdafiəsi ilə məşğul ola bilməsinlər.

Nə deyirlər? Deyirlər ki, nümayəndəlik institutunun ləğvini nəzərdə tutan bu dəyişikliklər ölkədə hüquqi xidmətin (yardımın) keyfiyyətini artırmaq cəhdidir. Amma məqsəd hələ xeyli uzaqdan şübhəli görünür.

Əvvəla, Azərbaycan əhali ilə vəkillərin (bizim qanunvericiliyə görə, yalnız Vəkillər Kollegiyasının üzvü olan şəxslər “vəkil” adlanır) say nisbəti baxımından dünyada sonuncu  yerlərdən birini tutur. Avropa Şurasına üzv olan 47 ölkə arasında ən axırıncıdır – 936 nəfər. Bu da o deməkdir ki, təxminən 10 milyon əhalisi olan ölkədə hər 11 min 100 nəfərə bir vəkil düşür. Həmin 936 nəfərin də cəmi 200-ə qədəri bölgələrdədi, qalanı Bakıda.

Təkcə 2015-ci ildə Azərbaycanın birinci instansiya məhkəmələrində 260 mindən çox işə baxılıb. Bunun da təxminən 249 mini mülki işlər, vətəndaşlarla dövlət orqanları arasındakı mübahisələrə dair inzibati-iqtisadi məhkəmələr olub. Əksər hallarda da vətəndaşların hüquqlarını Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar qoruyub.

Vəkillər Kollegiyasının üzvünün vətəndaşın hüququnu bu qurumdan kənarda qalmış hüquqşünasdan daha keyfiyyətli müdafiə edəcəyi arqumenti isə heç bir məntiqə söykənmir. Şəxsi qərəzə görə Vəkillər Kollegiyasının qapıları üzünə qapadılmış İntiqam Əliyevin, Ənnağı Hacıbəylinin peşəkarlığına necə şübhə eləmək olar axı?! Bu adamları ölkədən xaricdə də məmləkətin ən yaxşı hüquqçularından biri kimi sayıb-seçirlər, amma bizimkilər deyir ki, yox, onlar məhkəmələrdə işə çıxa bilməzlər…

Azərbaycanın məhkəmə-hüquq sisteminə yaxından-uzaqdan bələd olanlar “paykovoy vəkil” ifadəsini eşitməmiş olmazlar. Adətən, dövlət hesabına işə çıxıb, hüquqlarını müdafiə etməli olduğu vətəndaşın haqqını müstəntiqə, prokurora “satan” vəkillərə belə deyirlər. Belə vəkillərdən, daha doğrusu, onların imzalarından ilkin həbslərdə, etiraf xarakterli, ya da başqasının əleyhinə ifadə almaq üçün aparılan dindirmələrdə daha çox istifadə olunur. Çünki qanun bir sıra hallarda vətəndaşın məhz vəkilin iştirakı ilə dindirilməsini, məhkəmə qarşısına çıxarılmasını vacib buyurur. Vəkil var ki, Nəsimi Rayon Məhkəməsində bir ay ərzində həbs qərarı verilən 51 işdən 49-na çıxıb…

Vəkillər Kollegiyasının bir üzvü var, Oqtay Əliyev. 5 saylı hüquq məsləhətxanasının vəkilidir. Hazırda həbsdə olan gənc ictimai-siyasi fəalların bir  çoxunun həbs qərarında bu ada rast gəlirik. Heydər Əliyevin heykəlinə şüar yazandan sonra həbs olunmuş Qiyas İbrahimovdan tutmuş, NİDA-çı aktivist Elgiz Qəhrəman, AXCP üzvü Murad Ədilov, Taleh Bağırzadənin tərəfdarı, dindar fəal Əhsən Nuruzadəyə qədər… Bu şəxs onlara dövlət hesabına vəkil təyin olunub,  gənc fəallardan narkotik tapılması haqda protokollara imza atıb.

Bilirsiniz dövlət hesabına göstərilən hüquqi yardımın hər saatı üçün nə qədər məbləğ müəyyənləşdirilib?! İki manat! “Ucuz ətin  şorbası olmaz” məsəlini yada salıb beləcə də deyirlər: “İki manatlıq vəkil işinin keyfiyyəti başqa necə olmalıydı ki?!”

Tamahkar həkim pula görə insanın həyatına, sağlamlığına, pula həris müəllim şagirdin, tələbənin gələcəyinə balta çaldığı kimi, bəzən “vəkillər” də insanların azadlıq haqqının oğurlanmasında ikinci dərəcəli iştirakçılar olurlar. Azadlığı iki manata oğurlayırlar…

Vəkilin üzünə tüpürən adamdan yazmışdım, adı Cabbardı. Ona 19 il iş kəsdilər, indi Qobustan həbsxanasındadır. Məhkəməsində də günahsız olduğunu deyə-deyə qaldı…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 674