Muəllif:

“Ayna”ya bükülü çörək

(Elçin Şıxlının “Qəzetə bükülmüş çörək” məqaləsinə cavab)

“Ayna” mənim üçün doğma qəzetdir. Bu qəzet haqqında keçmiş zamanda yazmaq istəmirəm, çünki elə bu gün də doğmadır.  Uzun illər bu qəzetlə müxtəlif formalarda əməkdaşlıq etmiş, gah reklam, gah da müəllif kimi yazılar vermişəm. “Ayna”ya yazdığım son yazı “A bala, get o aynanı aç” olub ki, həmən yazının sonu belə idi:“Ancaq inanıram ki, Elçin İsmayıl oğlu Şıxlı bizim hamımızı, «Ayna»ya yazanları, onu sevənləri bu imtahandan çıxarmağı bacaracaq. Təbii ki, «imtahan» obyektiv olarsa.” Hələlik imtahandan tam çıxmış olmasaq da deyə bilərik ki,  indi yenidən aynaya baxmaq, “Ayna”nı oxumaq imkanımız var. Ancaq hələlik “Ayna”nı kağızda, qəzet formatında deyil, internetdə oxuya bilirik. Olsun, əsrimiz zatən internet əsridir. Həm də indiki çətin bir vaxtda çörək pulundan kəsib  qəzetə əlavə  pul verməli olmursan.  Eyni zamanda,   “Ayna”ya çörək büküb verən də yoxdur…

Bu günlərdə “Ayna”da   Elçin Şıxlının “Qəzetə bükülmüş çörək” (mənbə: http://ayna.az/2017/qezete-bukulmus-corek/) yazısını oxudum. Düzünü deyim ki, yazının başlığını,  əvvəlini oxuyanda  sevindim və elə düşündüm ki, “Ayna”nın  çapı bərpa edilib və  kimsə çörəyini “Ayna”ya büküb. Düşündüm ki, olsun, görünür “Ayna”nın dəyərli oxucularının qəzetin nəşrinin bərpasından xəbərləri yoxdur deyə qəzet satılmayıb. Yoxsa “Ayna” belə duruma düşməzdi. Həm bunda da bir eyib yoxdur, çörək alan ən azından evdə qəzeti də vərəqləyər.   Oxumağa davam etdikcə gördüm ki, yox, vaxtilə  bir neçə ailəyə həm də çörək “vermiş”  “Ayna” hələlik çörəklə “qovuşmayıb.”  Elçin bəy sözü gedən yazısını M.Ə.Sabirdən bir bənd şerlə bitirib. Nə təsadüf ki, elə həmən gün axşam  adını unutduğum birinin, mənə görə sərsəm bir təklifini  və ona verilmiş cavabları oxudum.  Təklif də bundan ibarət idi ki, M.Ə. Sabiri orta məktəb dərsliklərindən çıxartsınlar. Təklif sahibinin adını xatırlamaq üçün bu təklif ətrafında müzakirələr açmış sayta daxil olmaq istədim, ancaq həmən linkə daxil olmaq mümkün olmadı.  Görünür sayt rəhbərliyi belə bir təklifi müzakirə etməyin belə  münasib olmadığını fərq edərək müzakirəni saytdan çıxartmışdı.  Əgər belədirsə, sayt rəhbərliyinə bir təşəkkür də məndən.  Düşünürəm ki, bu cür təkliflərin verilməsi, aramızda bunu müdafiə edənlərin olması, cəmiyyətimiz üçün böyük  təhlükə siqnalıdır. M.Ə.Sabir, M.F. Axundov, C.Məmmədquluzadə, Ü.Hacıbəyov və başqa bu kimi mütəfəkkirlərimiz cəmiyyətimizin aynalarıdırlar. Nədir bizdəki bu AYNA düşmənçiliyi? Ayna görəndə “gözləri bərələnlərə” mən də M.Ə.Sabirin bir beyti ilə cavab vermək istəyirəm:

Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Sözsüz ki, kimsə özünü aynada əyri görürsə, günah aynada deyil. Ayna hər zaman bizi olduğumuz kimi göstərər. Bir misal da Çarli Çaplindən:“Ayna mənim ən yaxşı dostumdu. Çünki mən ağlayanda, o əsla gülməz”. Bəli,  ağlayan cəmiyyəti ayna əsla gülən kimi və əksinə göstərməz, hələ o ki ola bizim “Ayna.”

Yuxarıda sözünü etdiyim yazısında Elçin bəy onu düşüncələrdən çaydanın fitinin ayırdığını yazıb. Bəs görəsən bizi necə, verilmiş bu qədər siqnallar, cəmiyyətin savadsızlığa doğru meyl etməsi, intiharlar və s.  düşüncələrimizdən ayıracaqmı? Ayırmalıdır, ayılmalıyıq, yoxsa sonumuz istədiyimiz kimi olmayacaq; əlbəttə ki, hamımız daha xoşbəxt, bütöv Azərbaycan görmək istəyirik.  Ölkədən uzaqda yaşayıb bunları görməmək, müşahidə etməmək mümkün deyil, hələ bir də uzun illərdən sonra ölkəyə gələndə bunu açıq-aydın hiss edirsən. Neyləyim, yenə də Sabir demişkən:

Mən belə əsrarı qana bilmirəm,

Qanmaz olub da dolana bilmirəm.

Bundan sonra imkan olduqca “Ayna”ya da yazmağa çalışacam.   Əgər bu yazım saytda verilərsə, əziz oxucu, uzun ayrılıqdan sonra sizləri “Ayna”da xoş gördük.  “Ayna”nın böyüyüb bir holdinqə çevrilməsi, sehirli aynanın (Ayna tv) geniş ekranlardan evinizə daxil olması, “Ayna”ya bükülü çörək almağınızı (eybi yox, qəzeti oxumaq məqsədilə alıb isti təndir çörəyini onun arasına qoymaq olar) görmək ümidi ilə.

P.S. Zatən çörəyə gedən ən rahat yol qəzetdən, kitabdan keçmirmi?

Niderland

email: [email protected]

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 8,29 из 10)
Oxunma sayı: 367