Muəllif:

“Allah babanın nağılı”

Axşamüstüdür. Divanda uzanıb başımı telefonla qatıram. Uşaqlar isə dar evdə gizlənpaç oynayırlar. Ya 4 yaşlı Mehmet yumur, bacısı gizlənir. Ya da bacısı yumur, Mehmet gizlənir. Mehmet kiçik olduğundan bütün dəlmə-deşiklərə rahat girib gizlənə bilir. Bəzən divanın küncündə, bəzən şifonerin içində gizlənir. Şifonerin içinə girəndə üst-üstə qalaqlanmış, zorla dolaba sığışdırılmış paltarlar yerə tökülür və dağılır. Mehmetin anası buna görə ona acıqlanır. Pərt olmuş uşaq gəlib sakitcə kresloda süst-məst oturur. Az keçməmiş hiss edirəm ki, oturduğu yerdə öz-özünə nəsə danışır. Başımı divandan qaldırıb soruşuram:

-Memi, nə danışırsan?

— Ata, “Allah babanın nağılı”nı danışıram.

— O nağılı kim öyrədib sənə?

— Ata, özüm öyrənmişəm.

— Ataya da danış görüm.

Sanki bu təklifi çoxdan gözləyirmiş kimi həvəslə yerində dikəlib, üzünü mənə tutub, danışır:

— Biri var idi, biri yox idi. Bir Allah baba vardı, bir də Memi. Bir gün Allah baba Memidən soruşur ki, sən ən çox nə istəyirsən? Mehmet ona deyir ki, Allah baba, istəyirəm ki, bizim böyük evimiz olsun. Allah baba Memiyə böyük ev verir. Memi sevinir.

Kövrəlirəm. Mehmeti qucaqlayıram. “İnşallah” deyirəm. Və həyatda bütün çəkdiyim əziyyətlər gözümün qarşısında canlanır.

Gecə-gündüz, soyuq məktəb siniflərində oturub, lampa işığında oxuyub böyük ümidlə universitetə gir, 17 yaşından işlə, ölkənin və dünyanın ən qabaqcıl media orqanlarında çalış, 18 il iş stajın olsun, amma qazandığın ipoteka ilə əldə edə bildiyin 1 otaqlı ev olsun.

Tək jurnalistlər belədirmi? Bəlkə də indi bunu oxuyanlar düşünəcək ki, mən kimdənsə ev istəyirəm. Və ya hökumət üzvləri və ya onlara xidmət edən media qurumlarının rəhbərləri deyəcək ki, bizə müraciət etsin ev verək. Amma yazdığımın məğzi var. Mən bu vaxta qədər kimdənsə nəsə istəməmişəm, qalsın ki, ev olsun. Siz bilsəz mən 21-22 yaşımda “İç xəbər”də işləyəndə hansı təkliflərdən imtina etmişəm, bu yazını oxuduqda mənim haqda qara fikirlərə düşməzsiz. Hökumətin jurnalistlərə ev paylaması məsələsini isə prinsipial olaraq tənqid etmişəm və heç vaxt müraciət etmək fikrim olmayıb.

Mən düşünürəm ki, hökumət hansısa peşə sahiblərinə xüsusi yanaşaraq onlara ev paylamaqdansa, bütün peşə sahiblərinə şərait yaratmalıdır ki, onlar özləri işləyib, qazanıb, ev-eşik sahibi olsunlar.
Müəllim tanıyıram ki, qızını kirayə yaşadığı evdən gəlin köçürüb.

Hərbçi tanıyıram ki, təqaüdə çıxıb, evi yoxdur.

Hamımızın tanıdığımız ömrünün yarıdan çoxunu Azərbaycan incəsənətinə həsr etmiş, xalq artisti Rasim Balayev dolana bilmədiyindən şikayətlənir.

Rəssam tanıyıram ki, kuryerliklə ailəsini dolandırır.

Yəni tək mən belə yaşamıram. Ölkədə illərdir çalışan, halal zəhməti ilə, alın təri ilə yaşayan insanlar istər jurnalist olsun, istər müəllim olsun, istər digər peşə sahibi olsun, fərqi yoxdur, çətinliklə yaşayır. Hökumətin isə heç vecinə deyil ki, o insanlar harda, necə, hansı vəziyyətdə uşaq böyüdürlər və ya onların uşaqları necə böyüyür? Zatən bu ölkədə uşağa qiymət verilirmi?

Azərbaycanda hər doğulan uşağa 45, buzova isə 140 manat pul verilir.

Həmkarın Aytən Məmmədovanın son köşəsində yazdığı kimi “Bu ölkədə uşaq dünyaya gəlir, bütün məsuliyyət valideynin çiyinlərində. Sosial sektor iflic vəziyyətində. O uşağa təhsil vermək, sağlam böyütmək, iş tapmaq… Bu prosesdə ortada hökumət yoxdur”.

Hökumət bir də uşağın əsgərlik yaşında ortaya çıxır. Uşağı ata-ana təkbaşına böyüdür, əsgərlik yaşına çatanda hökumət gəlir dirənir ki, uşağın Vətənə borcu var. Hansı borcdan gedir söhbət? Hökumət düşünmür ki, o uşaq Vətəni təmənnasız sevir və təmənnasız xidmət edir. İfadəli formada desək, dövlət burda “Əkəndə yox, biçəndə yox, böyüyəndən sonra ortaya çıxan ortaq qardaşdır”.

Bir sözlə, ümidimiz Allah babaya qalıb.

Sonda. Bütün sərmayəsini gələcəyə yatıran, siyasətini uşaqların üstündə quran neft ölkəsi Norveçdə hər bir uşağın mütləq ayrıca otağı olmalıdır. Orda 1 otaqda bütün ailə yaşaya bilməz.

Yeri gəlmişkən, Norveç növbəti dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 6,50 из 10)
Oxunma sayı: 432