Muəllif:

Səs verməyə getməzdən öncə «Dombıra»nı dinləyin

Niderland

Türkiyədə seçimlər yaxınlaşdıqca siyasi partiyalar arasında gərginlik artan xətt üzrə inkişaf etməkdədir. Artıq neçə aydır davam edən hadisələr hakim AKP üçün heç də yaxşı şeylər vəd etmir. Mənim bu olaylara fikir bildirmək kimi bir düşüncəm yoxdur, sonra bizim də qardaş ölkəyə getmək imkanımız məhdudlaşar ki, bunu heç istəmirəm. MHP-nin getdikcə artan nüfuzunu görmək üçün Türkiyə mətbuatına ötəri nəzər salmaq kifayətdir. Əlbəttə ki, bunun səbəbləri çoxdur. Bu sıraya Türkiyədə son olayların hamısını daxil etmək olar. Ancaq bunun önəmli səbəblərindən biri də hakim partiyanın Türklüyə qarşı olan münasibətidir.
Türklüyü danmaq, hətta Türkiyənin əsas qanunundan «Türk» adı çıxarmaq AKP-nin planlarına daxil idi və yalnız son zamanlar bu istiqamətdəki fəaliyyətlərinə bir qədər ara veriblər.
Ötən ilin aprel ayında «Türk Diasporası və Türk Dünyası Vizyonu 2023» adlı forumda iştirak etmək üçün Niderlanddan böyük bir heyətin tərkibində İstanbula getmişdim. Konfrans zalına getmək üçün liftlə aşağı mərtəbəyə enərkən, o zaman AKP-dən olan millət vəkili İdris Bal ilə qarşılaşdıq və aramızda olan söhbəti heç unutmadım. «İdris bəy, Türk sözünün əsas qanununuzdan çıxarmaqda nə qədər israrlısız və nəyə görə?» — deyə sual etdim. İdris bəyin cavabı məni çox təəccübləndrdi: «Hansı yolla olur olsun, bu adı çıxartmağı düşünürük və çıxardacağıq» — dedi və tələsdiyini bildirərək uzaqlaşdı. Zatən gerisini dinləməyə ehtiyac belə yox idi. «Bunlar Türk deyilmi?» — deyə özümə sual verdim və hətta özümə uca səslə verdiyim bu sualı İdris bəyin də eşitdiyini hiss etdim. Bu, sadəcə bir misaldır. Türkiyə türkləri bundan da artığını görüb və bilirlər…
Dünyada millətlər daha erkən formalaşıb, dinlər sonradan yaranıb. Bunu hər kəs bilir. Şəxsən mənə, xristian dininə mənsub Qaqauz Türkü Misirdəki bir ərəbdən daha yaxındır. Təbii ki, bu, mənim düşüncəmdir və təbii ki, müsəlmanam, ALLAHımı da, peyğəmbərimizi də, dinimizi də sevirəm. Ancaq bütün bunlar mənə öz millətimi, Türkü sevməyə mane olmur.
Türk adını çəkməyi az qala qadağan etməkdə olan bir partiya, AKP seçkilər öncəsi, yenə də, Türklüyə sığınmaq, türklərin səsini almaq istəyir. Hətta, seçki ilə bağlı hazırladıqları video çarxda Arslanbəy Sultanbəyov (Arslanbek Sultanbeyov — Noqay xalq sənətçisi) tərəfindən səsləndirilən (Dombıranın tarixi çox qədimlərə gedib çıxır) «Dombıra»nın musiqisindən istifadə ediblər. Bu o «Dombıra»dır ki, son dövrlər az qala Türklüyün simvoluna çevrilib. Bu o «Dombıra»dır ki, dinləyən hər Türkün damarlarında qanı qaynayır və bu gün sən bir işə bax ki, bu «Dombıra» AKP-nin reklam çarxında səslənir. Bunu hətta Millət Vəkili Dr.Sinan Oğan Türkiyə Böyük Millət Məclisindəki çıxışında dilə gətirdi və «Dombıra»nı səsləndirməkdən belə çəkinmədi.
Bəli, biz türklər bir qədər unutqanıq və indiyə qədər də bu səbəbdən az problemlərlə rastlaşmadıq. İndi də bundan istifadə etməyə çalışırlar. Alınacaqmı? Bunu bilmirəm. Bu suala Türkiyə türkləri seçimlərdə cavab vermiş olacaq. Mənim onlardan sadəcə bir xahişim var, səs verməyə getməzdən öncə «Dombıra»nı, reklamını deyil, əslini dinləyin…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 271