Rəngləri yaxşı seçin
Bu gün 1 apreldir. Bəlkə siz bu yazını oxuyanda təqvim artıq dəyişmiş olacaq, bəlkə də yox. Onsuz da bəziləri üçün ilin 365 günün hamısı 1 aprel kimidir. Dünyada bu günü gülüş, zarafat günü kimi qeyd edirlər. Bizdə, Azərbaycanda isə bu günə həm də «aldatma günü» deyirlər. Əslində aldatmaya nə gün? Aldadan elə hər gün aldadır. Guya bütün günlərdə düz danışırıq deyə özümüzə bir gün də seçmişik ki, həmən gün ürəyimiz istədiyimiz kimi aldadaq bir-birimizi.
Mən bu yazımı 1 apreldə yazıram, sizin nə vaxt oxuyacağınızı bilmirəm. Bu, «Ayna»nın rəhbərliyinin səlahiyyətində olan məsələdir. Ancaq öncə qeyd edim ki, yazacaqlarım nə zarafatdır, nə də ki, yalan. Mən digər günləri 1 aprel kimi qəbul edənlərdən deyil, 1 apreli də sıradan bir gün kimi qəbul edənlərdənəm. Anlaşılan, yalanla, filanla işim olmaz. Arada zarafat edirəm ki, yuxarıda qeyd etdiyim kimi, bu yazı zarafat deyil, yalan isə heç deyil.
Bu gün səhər yuxudan oyanar-oyanmaz dostlarımdan mesaj aldım ki, «Üç nöqtə»yə (qəzet) baxmısan? «Hələ yox» — dedim və bəlli oldu ki, orda kimsə mənə «cavab» yazıb. Nəhayət qəzetin internet səhifəsini gözdən keçirtdim və diqqətimi öz şəklim və «Vüqar Abbasov:»Diaspor təşkilatlarımız plansız, hərəsi özünə uyğun fəaliyyət göstərirlər»» başlığı çəkdi. Bu, mənim bir müddət öncə sözü gedən qəzetdə yayımlanan müsahibəmdən çıxarış idi. Oxumağa başladım, başqa heç yerdə öz adıma, fikirlərimə rast gəlmədim. Yazı demək olar ki, bütövlükdə (qısa bir hissəsini çıxmaqla) BAK-ın (Benilüks Azərbaycanlıları Konqresi) Azərbaycandakı fəaliyyətinə (bəli məhz Azərbaycandakı), ordakı yüksək çinli məmurlarla olan münasibətlərinə həsr olunmuşdu. İnsaf naminə qeyd edim ki, bir qədər də Niderlanddakı işlərindən bəhs olunurdu. Yazıda BAK-ın Azərbaycandakı bütün əlaqələri, Heydər Əliyev Fondu, Parlament və təbi ki, Azərbaycanın millət vəkilləri ilə olan isti münasibətləri və s. diqqətə xüsusi çatdırılıb. Deyəsən dostlarımız unudurlar ki, onlar Niderlandda, daha doğrusu, onların dili ilə desək Benilüks (aydınlıq üçün: Belçika, Niderland, Lüksemburgun adlarının qısaldılmış, birləşdirilmiş forması) ölkələrində fəaliyyət göstərməli, bu ölkələrdə əlaqələr qurması lazımdır, Azərbaycanda deyil. Əlbəttə, fəaliyyət üçün lazım olan vəsait (sözün bütün mənalarında) ölkəmizdən gəlir. Məsələn, bir dəfə Niderlanddan olan millət vəkili ilə müsahibəyə gedirdim və burda yaşayan dostlarımdan birindən Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş, Qarabağ həqiqətlərini özündə əks etdirən kitabı özümlə götürdüm və millət vəkilinə verdim ki, imkan edib oxusun. Ən azından ona görə ki, bu cür yüksək bir tərtibatda başqa material tapa bilmədim. Buna görə təbii ki, zəhməti keçənlərə təşəkkür düşür. Ancaq mənim fəaliyyət istiqamətim Niderland hökuməti, millət vəkilləri, mətbuatı və s. dir. Yazıda müəllif BAK-ın Azərbaycan Respublikası Prezidentinə sadiqliyindən söhbət açır. Olsun, buna kim etiraz edə bilər? Ancaq bunun mənim müsahibəmə heç bir aidyyəti yoxdur. Ümumiyyətlə, bu «cavab»ın mənim müsahibəmlə nə əlaqəsi olduğunu anlaya bilmədim. Bütün müsahibə boyu mən Niderlanddakı təşkilatlarımız arasındakı umu-küsüyə son qoymağa, birlikdə, ən azından milli məsələlərdə birlikdə fəaliyyət göstərməyə çağırmışam. Dediklərimin altına bu gün də imzamı qoyuram. Ancaq burda bir etiraf etməyi olduqca vacib bilirəm: Hər zaman obyektiv olmağa çalışmışam, odur ki, bəzi faktları mütləq qeyd etməliyəm.
Mən düşünürəm ki, ümümmilli məsələlərdə bizlər, xaricdə yaşayanlar siyasi ayrı-seçkilik etməməli, iqtidar-müxalifət tərəfdarları olmamalıdırlar. Etirafım da odur ki, BAK bu baxımdan məhz belə də edir. Niderlandda yaşayan və Azərbaycandakı iqtidara müxalif olan partiyaların burdakı əksər tərəfdarlarını BAK-ın tədbirlərində görə bilirik. Bunu Niderlandda yaşadığım bir neçə il ərzində hər zaman belə gördüm və bu, məni sevindirir.
Mənə cavabın müəllifi, Nasir Mahmudovla ilk dəfə bir neçə il öncə Parisə, Ermənistan səfirliyinin önünə BAK-ın da təşkilatçılarından olduğu mitinqə gedən zaman görmüşəm. Mitinqə hansı şəraitdə gedib-gəldiyimizi, kimlərin hansı şərtlərlə mitinqə getdiyini yazmayacam, heç o vaxt da yazmamışdım. Qısa olaraq onu qeyd edim ki, ora aparılan Bolqar türkləri də özümüzdəndir, sonunda hamımız Türkük. Bu, o mitinq idi ki, ondan sonra mən bir daha bu cür təşkil olunmuş tədbirlərə qatılmayacağımı yazmışdım. Doğrudan da qatılmamağa çalışdım. Elə həmən mitinqdən sonra yenidən Parisdə mitinq təşkil olundu və bu dəfə təşkilatçı BAK deyil, Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi idi. Parisə birinci səfərin avtobuslarını BAK, ikincini isə Azərbaycan-Türk Kültür Dərnəyi təşkil etmişdi və bu iki səfər arasındakı avtobus sifarişlərinin qiymətləri arasındakı fərqdən (ikinci dəfə birincidən az qala yarıbayarı aşağı idi) dolayı bu gün də bu iki təşkilat arasındakı münasibətlərdəki yaranmış buz ərimək bilmir. Ancaq mənim işim bunlarla deyil. Demək istədiyim odur ki, Nasir müəllimi ilk dəfə orda tanıdım. Parisə gedəndə Nasir müəllim mənim də getdiyim avtobusda deyil, digərində olduğundan ətraflı söhbət etmək imkanım olmadı. Qayıdanda isə yolun bir hissəsində avtobusları saxladıb Nasir müəllimi bizim avtobusa keçirdilər və onunla eyni avtobusda gəlmək şərəfinə nail oldum. Ancaq onda da artıq durum söhbət edəcək deyildi. O zamandan imkan edib bunun səbəbini özü ilə maraqlana bilməmişəm. Avtobusdakıların danışdıqlarını isə dəqiqləşdirmə aparmadan yazmaq istəmədim, heç indi də yazmıram…
Diqqətimi çəkən əsas məqamlardan biri də o oldu ki, BAK-ın Niderlandda fəaliiyət göstərən bir neçə məktəbi var imiş. Uzaqlara getməyə həvəsim yoxdur, Rotterdamdakı məktəbi isə bu günlərdə ziyarət etmək istərdim. Xoşum gəlsə mən də övladlarımı aparardım ki, dilimizi daha yaxşı öyrənsinlər. Bu, 1 aprel zarafatı deyil, tam ciddi deyirəm. Məktəbi görəndən sonra ordan bir yazı hazırlayacağıma söz verirəm. Ancaq onu da qeyd edim ki, görməsəm də yazacam…
Uzatmayım, mən cavabımı «Üç nöqtə»yə deyil, «Ayna»ya göndərdim. İstəmədim bu məsələ uzansın. Odur ki, yazıma üç nöqtə qoymaq istəmirəm, sadəcə sizin aynaya baxacağınıza ümid edirəm. Deyiləcək çox söz var, hər halda məndə. Sonda Nasir müəllimə müraciət etmək istəyirəm ki, xahiş edirəm sizdən, rəngləri yaxşı seçin. Ağı qaradan seçmək özü bir istedaddır. Sizin cavab verdiyiniz müsahibəmdə mən heç də sizləri aşağılamaq, hansısa işinizin üstündən xətt çəkmək fikrim olmamışdı. Ehtiyac var idimi sizin mənə «cavab» vermənizə. Gəlin burda nöqtə qoyaq. Bir vaxtların (bilmirəm siz bunu xatırlayarsınızı?) məhşur bir cizgi filmi vardı və orda deyirdi: «Rebyata, davaite jit drujno,» yəni ki, dostlar, gəlin sülh içərisində yaşayaq.
Sizin, BAK-ın bir neçə il öncə Niderland Parlamentinin binasında keçirdiyi tədbirdən və digər tədbirlərinizdən öncə yazmışdım, bir daha qayıtmaq istəmədim, hələlik istəmədim.
Mənə verilən «cavab»ın hamısına cavab vermədim. Söz yığnağı olardı Burda həm mənim müsahibəmin (http://ucnoqta.az/?p=52912), həm də mənə verilən «cavab»ın (http://ucnoqta.az/?p=56524) linklərini sizlərin diqqətinə çatdırdım. Özünüz oxusanız, aradakı «əlaqəni» görəcəksiz…