Muəllif:

Qısası, bura Niderlanddır

Niderland

Niderlandda bələdiyyə seçkilərinə çox az qalıb, 19 martda səsvermə günüdür. Təbii ki, bütün seçkilər önəmlidir. Ancaq niderlandlılar parlament (İkinci Kamer) və bələdiyyə seçkilərinə daha çox önəm verirlər. Bundan başqa, yerli əyalət idarəetməsinə, Birinci Kamerə, Avropa Parlamentinə, Su İdarəetmə Qurumuna seçkilər keçirilir. Avropa Parlamentinə seçkilər hər 5 ildən, digərlərinə isə 4 ildən bir olmalıdır. Ona görə «olmalıdır» yazdım ki, bu, qanunda belə nəzərdə tutulub, bəzi hallarda, parlamentin özünü buraxması və s. olanda seçki gününün tarixi dəyişə də bilər. Elə bilirəm ki, seçkilərin burada demokratik şəraitdə keçirilməsi barədə yazmam oxuculara bir o qədər də maraqlı olmaz. Niderland deyəndə ağıla ilk gələnlərdən biri də demokratiyadır, bu ölkəni başqa sayaq təsəvvür etməkdə çətinlik çəkirəm. Xüsusi vurğulamaq istəyirəm ki, söhbət səsvermə, səslərin sayılması zamanı yaradılmış demokratik şəraitdən gedir. Etiraf edim ki, bu barədə biliklərim hələlik nəzəriyyədən və bir də müşahidə etdiklərimdən o tərəfə deyil. Praktikada isə martın 19-da görmək imkanım olacaq.
İlk dəfə burada, Niderlandda səs verəcəm. Düzünü deyim ki, bir qədər həyəcanlandırır məni. Namizədlər artıq bəllidir. Bəzi partiyalar koalisiyada gedirlər seçkilərə. Məsələn, mənim yaşadığım bələdiyyə ərazisində PvdA (İşçi Partiyası), Yaşıl Solçular (Groen Links) və D 66 partiyaları seçki təbliğatını bərabər aparırlar. Səs verəcəyim namizəd artıq bəllidir. Bəzi namizədlər özləri evlərə gedir və proqramlarını təqdim edirlər. Yadıma Azərbaycanda keçirilmiş, 1999-cu ilin bələdiyyə və 2000-ci ilin parlament seçkiləri düşdü. Hər iki seçkidə mən də o zaman yaşadığım ərazidən namizədliyimi irəli sürmüş və hətta imzatoplama kampaniyasına şəxsən qatılmış, kobud desək, seçicilərin ayağına getmişdim. O ərəfədə bəzi seçicilərin münasibətini heç vaxt unutmaram: «Bu, özü qapı-qapı düşübsə, bunu kim seçər?» — deyirdilər. Burada əlavə şərh verməyə ehtiyac görmürəm. Görünən də o oldu ki, o şəxslər haqlı çıxdılar. Niderlandda isə seçicini saymayana kimsə səs verməz. Bu, aramızdakı ən böyük fərq…
Yeri gəlmişkən, bir başqa məqama diqqət çəkmək istəyirəm. İki il öncə Niderlandda parlamentə, İkinci Kamerə seçkilər keçirildi və mən o vaxt bəzi namizədlər, xüsusən türk əsilli namizədlərlə görüşüb «Ayna» qəzeti və yerli Niderland mətbuatı üçün müsahibələr aldım. İndi onların bəziləri parlamentdə fəaliyyətdədir. Türk kökənli namizədlər Niderlandda yaşayan türk kökənli seçicilərlə görüşlər keçirir, türk təşkilatlarında, müxtəlif tədbirlərdə olurdular. Ancaq təəssüf ki, Niderlandda yaşayan 10 000-dən artıq Azərbaycandan gələrək burda məskunlaşan insanları «görmürdülər» o namizədlər. Başqa sözlə desək, bəziləri bizim səslərimizə ehtiyacları yoxmuş kimi davrandılar. O halda ortaya maraqlı suallar çıxır: əcəba, biz türk deyilmiyik? Əcəba, bizim səsimiz səs deyilmi? Tamam, olsun, buna sözüm yox. Ancaq bizlərin, müxtəlif səbəblərdən Azərbaycandan gələrək burada məskunlaşan insanların öz sözünü deməyinin zamanı çatıb. Hər zaman deyirəm ki, ümumi işlərdə fikir ayrılığı olmamalıdır və bu da bizim ümumi işlərimizdəndir, deyə düşünürəm. Bizi saymayanı biz də saymamalıyıq. Seçimlərdə türk əsilli bir namizədə səs vermək heç də əsas şərt deyil. Yetər ki, namizəd obyektiv və hər kəsə eyni münasibət göstərən biri olsun. Ancaq etiraf edim ki, bizlər də siyasətdə o qədər aktiv deyilik. Bəzən diaspor təşkilatlarımıza rəhbərlik edənlərin siyasi cəhətdən o qədər də bilikli olmadığını müşahidə edirəm. Bir də görürsən parlamentdə bilavasitə sosial, səhiyyə və s. məsələlərlə məşğul olan, o komissiyalara daxil olan millət vəkillərinə Xocalı soyqırımı ilə bağlı suallar ünvanlayırıq ki, burada yaşayan birinin bunun yanlış olduğunu bilməsi lazımdır. Bizim bu sualı verəcəyimiz ünvan başqadır. Bu cür suallar öncə namizədləri, sonra isə millət vəkillərini bizdən uzaqlaşdıran səbəblərdəndir. Bir sözlə, məsələlərə savadsız yanaşma qaş düzəltdiyimiz yerdə vurub göz tökməyə bənzəyir. Bu kimi və bura yaza bimədiyim məqamlarda diqqətli olmamız gərəkdir, hər halda mən belə düşünürəm.
Başqa vaxt səsimizin düzgün sayılmadığını iddia edirik. Burada bizə nə mane olur? Seçkilər öncəsi və seçkilər vaxtı bir yerdə olmamızın zamanı çatmayıbmı? Bütün seçkilərdə namizədliyini irəli sürmək iddiasında olanlara:»Bizim də səsimiz var», — deyə səsimizi çıxarmalıyıq. Niderland siyasətini yaxından izləməli, münasib məqamda münasib sualları münasib siyasətçilərə vermək lazımdır.
Qısası, bura Niderlanddır. Burada seçkilərin demokratik keçirildiyinə, yuxarıda da qeyd etdiyim kimi, heç bir şübhə yoxdur (seçildikdən sonra siyasətçilərin seçki öncəsi verdikləri vədə əməl edib-etməməsi başqa mövzunun söhbətidir). Burada verdiyimiz səslər hesaba alınır, yetər ki, bizlər özümüzü hesaba aldıra bilək…
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 236