Ötən ilə və illərə dönüb baxarkən
Niderland
Daha bir ili yola salmaqdayıq. Ömrümüzü, ömrümüzün bir ilini deyirəm, gedən hər il ömrümüzdən gedir. Bir az da poetikləşdirsək, həyat kitabımızdan daha bir səhifəni də çevirmək üzrəyik. Kimin üçün ötən fəsillər, səhifə maraqlı, kimin üçün isə maraqsız oldu. Bəs gələcək fəsillərdə, səhifələrdə bizi nə gözləyir? Bunu bilmərik. Həyat kitabının mündəricatını oxumamız mümkün olmadığı kimi, sonuna baxıb gələcəyimizi görmək də mümkün deyil. Yaşadıqca, səhifələndikcə görəcəyik nələr olduğunu (olacağını). Bəs Azərbaycan nə qazandı, nə itirdi 2013-cü ildə? Bütün bunları yazmağa başlasaq, AYNAnın səhifələri çatmaz. Heç mənim həvəsim də yoxdur ötməkdə olan ilə bütövlükdə nəzər salmağa. Bunu isə hamımız bilirik ki, keçməkdə olan bu illə Qarabağ bizdən bir il də uzaqlaşır, orda doğulan uşaqlar da yaşlanmağa doğru gedir… İstəklərinə nail olmağa bir şey qalmayıb, artıq ermənilərlə rəqs edirik… Təbii ki, düşmənçilik bir ömür boyu sürə bilməz. Onda bəs bu torpaqlar uğrunda ömrünü verənləri nə edək? Boşunamı töküldü qanlar? Boşunamı idi hər şey? Bizlərin həyat kitabımızın vərəqlərindən «kulyok» düzəldib içinə tum tökdülər, həyatımızı tum kimi çırtladılar bəziləri. Bizlərin qiyməti bəzilərinin tum xərci qədər belə olmadı…
Təxminən hər 20 ildən bir torpaqlarımızın 20%-ni itirdik. Kimlərinsə Şah Babamızı təhqir (hətta bəzən tənqid) etməsinə dözmür, haqlı hay-küy salırıq. Bəs Şah Babamızın əmanətinə etdiyimiz xəyanət necə, onun o dünyasını söymək deyilmi? Zamanında qol gücü, qılınc zərbəsi önəm daşıyırdı və əcdadlarımız qanları bahasına bizlərə təhvil verdilər Vətəni. İndi ağıl, siyasət və həm də güc zamanıdır. Uğrunda qanımızı, canımızı verdik, ağlımız isə çatmadı onu qorumağa. Bütün işlərdə özümüzü günahlandırdıq, elə mənim yazımdan da elə anlaşılır. Elə bil ki, hər şeyə özümüz günahkarıq. Məşhur lətifədə olduğu kimi, hər kəs Hocanın üstünə düşüb, sanki oğrunun heç günahı yoxdur… Təbii ki, bizim də günahlarımız var. Özümüz öz başımızın altına yastıq qoyuruq… Əgər növbəti illərdə Türkiyə ATƏT Minsk Qrupu həmsədrlərindən biri olsa, bir neçə rayonumuz bizə qaytarılsa və bu «uğur»umuzdan başımız gicəllənsə və ayılanda Qarabağı görməsək, heç təəccüblənmərəm. ALLAH bundan qorusun…
Diasporumuzda (Niderlandda) da elə bir yenilik olmadı ötən bir il ərzində, 2-3 təşkilatın fəaliyyətini çıxmaq şərti ilə. Sonra… sonra 2012-də olunanlar 2013-də də oldu, yəqin ki, növbəti ildə də eyni ssenarilərin üstünün tozunu siləcəklər…
Diaspora məsul olan komitəmizin isə «gözləri açıqdır», kiminlə iş görməyin sərfəli olacağını yaxşı bilir…
Diaspor fəaliyyəti haqqında son olaraq onu qeyd edim ki, artıq «sezon» başlandı, martın sonuna kimi «fəaliyyətlər» və fəaliyyətlər davam edəcək…
Özüm nə etdim ötən ildə? Aprel ayına kimi istər yerli parlamentdə, istərsə də digər rəsmi yerlərdə bir çox görüşlərim oldu. Niderland mətbuatında ölkəmizlə bağlı bir neçə yazım çıxdı. Türkiyədə keçirilən beynəlxalq forumda iştirak etdim. Aprel ayından bu günə qədər, demək olar ki, heç bir tədbirə qatılmadım. Niderland parlamentində təyin olunmuş görüşlərimi ləğv etdirdim. Niderland parlamentində jurnalist kimi qeydiyyatdan keçmək şansımı (mətbuat xidmətinin rəhbəri ilə bu yöndə müsbət istiqamətdə yazışmama rəğmən) bilərəkdən qaçırtdım. Mənim də öz ailəm və övladlarım qarşısında öhdəliklərim var. Xalq dili ilə desək, ailəmin boğazından kəsib bu işlərə para xərclədiyim bəsdir, məncə. Kimlərsə öz maraqlarında olduğu halda, dəyməzdi etdiklərimə. Ancaq bu, mənim kənara çəkildiyim anlamında deyil. İlk imkan düşən kimi sözümü deyəcəm. Mən dostluğu da, düşmənçiliyi də mərd-mərdanə aparmağa üstünlük verirəm, namərdliyi, arxaca danışmağı, iş çevirməyi sevmərəm. Onu da qeyd edim ki, kimsəni nə özümə düşmən, nə də rəqib gördüm bu günə kimi…
Uzatmayım, ötən ildə ancaq və ancaq dərslərim, işimlə məşğul oldum. Ailəmə vaxt ayırdım. Bir də imkan olduqca yerli Niderland mətbuatına və AYNAya yazdım…
Nə deyim? 2014-cü il hər birimizin ailəsinə sevinc gətirsin. İtirilmiş torpaqlarımızı geri qaytarmağa özümüzdə güc tapaq. Haqsız həbs olunanlarımız ailəsinə qovuşsun. Mətbuatımız sözün bütün mənalarında azad, müstəqil və obyektiv olsun. Bir-birimizə olan qısqanclığımıza son qoyulsun. Ancaq pis şeyləri deyil, yaxşını da görməyi bacaraq. Oxuyub gerçəkdən ali təhsil almayacağıqsa, ali məktəblərə diplom dalınca getməyək. Ailə başçıları ailə üzvlərinin yanında başıaşağı, xəcalətli olmasınlar. Bizləri Yaradan millətimizi çörəklə imtahana çəkməsin. Bir-birimizi görəndə gülümsəməyi bacaraq. Bir sözlə, bütün xoş arzularımıza çataq. Yeni iliniz mübarək.
[email protected]