Muəllif:

Novruz olmasa, Niderlanda da yaz gəlməz

Niderland

Bizlər başqa cür qeyd edərdik bu bayramı. Uşaqlıq illərində ən çox sevdiyim, gözlədiyim bayramlardan idi Novruz. Elə indi də yeri tam başqadır. Bayramdan bir ay əvvəl hazırlaşardıq Novruza, yumurta döyüşdürən, yumurta gillədən kim, xoruzunu qoltuğuna vurub döyüşdürməyə aparan kim. Öncədən hazırladığımız toppuzlara axır çərşənbədə od vurar, evlərimizin yaxınlığındakı boş meydanda yandırıb göyə atardıq. Göydə fırlanan toppuzların ətrafa saldığı işıqların altında hamımızın sevincli üzü açıq-aydın görsənirdi. Qaladığımız tonqalların ətrafına yığışaraq, evlərə torba atıb əldə etdiyimiz «qənimət»lərimizi, qoz-fındığı ləzzətlə yeyərdik. Torba atan zaman kimin torbasına yumurta qoyulurdusa, ayrı bir ləzzət alırdıq. Qaladığımız tonqalın alovları hələ öləziməmiş tonqalın üstündən tullanmağa cəsarət edənə qəhrəman kimi baxardıq.
Sizlər bu bayramın əsl ləzzətini hiss etmirsiz…
Niderlandda yaşadığımız altı il ərzində hər Novruz bayramı ərəfəsində övladlarıma dediyim sözlərdir bunlar. Təbii ki, bir qədər sadə dildə. Onlar da sakitcə dinləyir, «Ata, bura gəlməyimiz bizim səhvimiz deyil axı. Azərbaycanda olsa idik, biz də bunları edərdik», — cavab verirlər. O an xəcalət hissi bürüyür məni. Mən etdim, övladlarımı bu qərib ellərə mən saldım. Doğrumu etdim, yanlışmı yapdım, bilmirəm…
Artıq odunumuzu almışıq, tonqal qalamağa hazırıq. Burda olduğumuz hər il həyətimizdə, kiçik də olsa, tonqal qalayıb ətrafına yığışırıq. Yumurta boyamaq üçün də bütün hazırlıqlarımız tamamlanıb. Mən bu sətirləri yazarkən yaxınlıqda yaşayan və indi bizdə olan bacımla həyat yoldaşım şəkərbura, paxlava biş-düşü ilə məşğuldurlar. Qızım əlindəki naxış salanla şəkərburaların üzərini bəzəyir. Oğlum bacısına yalvarır ki, şəkərburanın birinin üstünə onun adını yazsın. «Bişən ilk şəkərburanı mən yeyəcəm», — deyə bacımın oğlu bizim balacaları cırnadır. Bu qərib eldə bacardığımız, mümkün olan qədər Novruz əhval-ruhiyyəsi yaratmağa çalışırıq evimizdə.
Ölkə qərib olsa da, Novruz doğmadır. Azərbaycanda olanda bəzən düşünürdüm ki, Novruz olmasa idi, Azərbaycana bahar gəlməzdi. İndi də, burada məndə o hiss var ki, Novruzu qeyd etməsək, Niderlanda yaz gəlməyəcək. Novruz elimizə, evlərimizə istilik gətirir. Novruz ürəklərə rəhm gətirir. «Rəhm» demişkən, elə indicə televiziya kanallarımızın birində Bakıda bayramqabağı təşkil olunmuş yarmarkanı göstərirlər. Deyəsən bu Novruzda da rəhbərlərimiz rəhmə gəlib insanlarda, az da olsa, bayram əhvalı yaratmağı düşünürlər. Qiymətləri «od tutub yanan» bazarlarımızın üstünə bu yarmarkalarla bir qədər «su çiləmək» istəyirlər. Buna da şükür, olmasa nə edəcəkdik? Qiymətlərə baxıram, insafən pis deyil, münasibdir. Ancaq mənə görə münasib görsəndi, ölkəmizdə yaşayan insanların cibinə uyğun olub-olmamasını bilmirəm.
Ötən yazılarımın birində yazmışdım ki, Niderlandda bütün bayramlar öncəsi supermarketlərdə, digər dükanlarda 50%-dən də artıq endirimlər olur və insanlar bayramın gəlməsindən xərcə düşəcəklərini düşünüb darılmır, əksinə, sevinirlər. Burada bayram ərəfəsi yarmarkalar təşkil etmirlər. Zatən Niderlandın hər yerində ilin bütün fəsillərində həftədə bir-iki dəfə, bəzən isə daha çox yarmarkalar keçirilir. Mənim yaşadığım şəhərdə də, həftədə bir dəfə yarmarka var, get nə istəyirsən al. Ancaq burada yarmarkanı gəzməyə nəinki nazir, heç bələdiyyə başçısı da gəlmir. Bəlkə də gəlir, sadəcə, bazarlıq etmək üçün. Televiziyalarda da bu barədə ayrıca süjetlər verilmir, yarmarkaları «dövlətin insanlara qayğısı» kimi təqdim etmirlər. Dövlətin qayğısını niderlandlılar ilin bütün fəsillərində hiss edirlər. Başqa sözlə desək, burada həmişə bayramdır, bu baxımdan…
Yuxarıda da qeyd etdiyim kimi, tonqal qalamaq üçün odunumuzu da almışıq (burada odunu da pulla almalısan). Bir «ailə sirrimizi» sizlərə açım. Bütün bayram bazarlığı, necə deyərlər, A-dan Z-yə kimi hər şeyi almaq, yol xərclərim də daxil, mənə təxminən 100 avroya başa gəldi və bu, mənim ailə büdcəmə bir o qədər də təsir etmədi. Bəs bayram sizə neçəyə gəldi? Büdcənizə təsir etdimi? Siz də bu «ailə sirrinizi» mənimlə bölüşərsinizmi?
Yazıya davam etmək istəyirdim. Ancaq şəkərburanın ilk «partiyası» artıq hazırdır. Xanımım çayı süzüb qoyub yanıma, böyründə də şəkərbura. Burada nöqtə qoyuram yazıma. Sizlərə də bütün bayram biş-düşünüz nuş olsun. Bayramınız mübarək. Evlərinizin ocağı sönməsin. Tonqallarınız hər zaman gur yansın. Bu yaz bizim yatmış duyğularımızı oyatsın. Bir sözlə, bayramınız mübarək olsun.
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 237