Niderlandda diaspor təşkilatları sırasına daha ikisi əlavə olundu
Niderlandda diaspor təşkilatları sırasına daha ikisi əlavə olundu, Brabant Əyaləti Azərbaycanlılarının Məclisi və Şimali Hollandiya Azərbaycanlılarının İttifaqı. Qeyd edək ki, hər iki təşkilat BAK – a, Beniluks Azərbaycanlıları Konqresinə bağlı fəaliyyət göstərəcək. 13 aprel 2014 – cü ildə Niderlandın böyük şəhərlərindən birində, Rotterdamda BAK – ın təşkilatçılığı ilə yeni yaradılmış təşkilatların təqdimat mərasimi oldu. Mərasimin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himinin oxunması ilə başlandı. Bundan sonra tədbirin aparıcısı Disaporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubunu oxudu. Daha sonra söz ardıcıllıqla yeni yaradılmış təşkilatların sədrlərinə, Brabant Əyaləti Azərbaycanlılarının Məclisinin sədri Ofeliya Babayevaya və Şimali Hollandiya Azərbaycanlıları İttifaqının sədri Sima Cəfərovaya verildi. Onlar da öz növbəsində təşkilatlarının yaranma səbəblərindən danışıb, gələcək planlarından söhbət açdılar. Hər iki təşkilat sədri zala toplaşanları təşkilatlarının idarə heyətinin üzvləri ilə tanış etdilər. Sima xanım rəhbərlik etdiyi təşkilatın 2013 – cü ildə yaradıldığını qeyd edərək bu günə qədər gördükləri işlərdən söhbət açdı. O, yerli təşkilatlarla əməkdaşlıq etməyə üstünlük verdiyini qeyd edərək, “Repub,” “Stem van de stad,” “Pletterij debat en cultuur” kimi təşkilatlarla əməkdaşlıqlarını misal olaraq göstərdi. “Amsterdamda “Ana dili” həftə sonu məktəbinin açılması da gələcək planlarımıza daxildir. Bu yaxınlarda bununla bağlı BAK –a müraciət edəcəyik” – deyə Sima xanım çıxışını bitirdi.
Daha sonra çıxış üçün söz BAK – ın sədri Sahil Qasımova verildi. Sahil Qasımov gələn qonaqları salamladıqdan sonra BAK-a daxil olan təşkilatlar, yeni təşkilatların yaranma zərurətindən söhbət açdı. “Bizim məqsədimiz Beniluks ölkələrində ölkıəmizi layiqincə təmsil etməkdir. İllərdir bu yöndə fəaliyyət göstərir və bundan sonra da göstərəcəyik. Təbii ki, bir neçə dəqiqəlik çıxışa bütün gördüyümüz və görəcəyimiz işlərdən danışmaq mümkün deyil. Ancaq düşünürəm ki, danışmaqdansa real iş görmək daha yaxşıdır” – deyə cənab Qasımov sözünü bitirdi.
Çıxış üçün tribunaya qalxan BAK vitse — prezidenti Elsevər Məmmədov da gələn qonaqları salamlayaraq, öz istirahət günlərində onlarla bir olduqları üçün hər kəsə təşəkkür etdi.
Daha sonra təbrik üçün söz HTF – nin, Hollandiya Türk Federasiyasının Genəl başqanı Murat Gedikə verildi. Murat bəy çəxsən onun gəlişi üçün təşəkkürə etiyac olmadığını bildirdi. “Hollandiya Türk Federasiyasının qapıları sizlər üçün hər zaman açıqdır. Mən çox şadam ki, indi biz Azərbaycanın bayrağı altında fəaliyyət göstərəcək təşkilatların açlış mərasimlərində iştirak edirik. Bizlər üçün Türkiyənin ay-ulduzlu al bayrağı nə qədər dəyərlidirsə, Azərbaycanın da ay-ulduzlu üçrəngli bayrağı o qədər qiymətlidir” – deyə Murat bəy əlavə etdi.
Daha sonra Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin birinci katibi Elxan Ələsgərov, Qazaxstan və digər diaspor təşkilatlarının nümayəndələri çıxış edərək öz təbriklərini çatdırdılar.
Tədbirdə “Hollandiyada Azərbaycan Evi” təşkilatının sədri Elxan Həşimov və Azərbaycanı təmsil edən digər təşkilat və rəhbərləri iştirak edirdilər. Tədbirin aparıcısı BAK idarə heyətinin üzvü Xatirə Abdullazadə idi.
Rəsmi hissənin sonunda BAK — sədri BAK tərəfindən təltif olunmuş üzvlərinə diplom və mükafatları təqdim etdi.