Niderlandda bayramlar öncəsi
Niderland
Artıq növbəti təqvim ilində, 2014-cü ildəyik. Biz də dünyanın əksər ölkələri kimi il dəyişməsini bayram edir, süfrə açır, bir süfrənin ətrafına yığılır, deyib-gülürük. Bütün bunları bayramlarımızın hər birində etməyə çalışırıq və bu da təbiidir. Doğrudur, bayramlarımız, sonradan bizə sırınanlar daxil, çoxdur, Yeni ili və Novruz bayramını isə bizlər illərdir ki, xüsusi qeyd edirik. Bu iki bayramın yeri tam fəqlidir bizlərdə. Təbii ki, bunlar mənim müşahidələrimdir…
Hələ Azərbaycanda yaşadığım vaxtlarda bütün bayramlar öncəsi bazarların «od tutub yanması» da mənim müşahidə etdiklərim sırasında idi. Fürsətçilər qiymətləri elə qaldırırdılar ki, əhalinin bir çox hissəsi «yanmaqdan» qorxub bazara yaxın belə gedə bilmirdi, bir hissəsinin isə cibləri də vicdanları kimi tər-təmiz olurdu, yüngülvari bazarlıqdan sonra. Ona görə ki, ölkəmizdə ciblərinin «çirkli» olması üçün vicdanını ləkələməlisən, bu da mənim müşahidələrimdən gəldiyim nəticədir…
Neçə-neçə kişilərin ailələrinin yanında xəcalətli qaldığını görmüşəm. Əmək haqqımız da məlum, bazar qiymətlərimiz də. Bu barədə geniş yazmağa lüzum görmürəm. Sizə Niderlanddan yazacam, burdakı bayram(lar) öncəsi durumu təsvir etməyə çalışacam.
Niderlandda dekabrın ilk günlərindən artıq bayram əhval-ruhiyyəsi hiss olunmağa başlayır. Hər kəs 5 dekabrı, Sint Nikalasın, Qara Pitin gəlişini gözləyir. Bundan bir qədər sonra isə Milad günləri və Yeni il. Öncə onu qeyd edim ki, Niderlandda yalnız Milad günlərində, 25-26 dekabr və 1 yanvarda iş günü olmur, insanlar bayram edirlər. Hər gün bayram etmək kimi bir adətləri yoxdur niderlandlıların. Niderlanddakı evlərin poçt qutularına hər həftənin əvvəlində müxtəlif dükanların reklam jurnal və qəzetlərini atırlar. Bunlar adətən o məqsədə xidmət edir ki, qarşıdan gələn həftədə hansı dükanda endirimlər olacağını görəsən. Bu yerdə bir şeyi qeyd etməsəm, olmaz, Niderlandda istər ərzaq, istərsə də, digər dükan şəbəkələri mövcuddur. Belə ki, ölkənin bu başında olan ərzaq dükanına (iri supermarketlər) ölkənin digər tərəfində də rast gəlirsən. Bu həm də digər dükanlara aiddir. Mətləbdən çox da uzaqlaşmayım. Bayramlar ərəfəsində həmən reklam jurnal və qəzetlərində daha çox endirimlər diqqət çəkir. Bunu həm də küçədə gəzdiyin vaxt hiss edə bilərsən. İnsanlar bayram zənbilini nə ilə, necə dolduracaqlarını düşünmürlər, buna ehtiyac yoxdur. Aldıqları əmək haqqı və olan endirimlərlə istədiyin kimi bayram edə, bir-birinə hədiyyə də ala bilərsən. Hər tərəfdə endirimdir, özü də nə az, nə də çox, ən azı 50%-ə qədər və bəzən ondan da artıq endirimlər. «Qiymətləri burda yazmama ehtiyac varmı?» — deyə düşündüm. Qərara gəldim ki, bəzi qiymətləri yazım və təbii ki, ərzaq qiymətlərini:
* Kartof 5 kq — 1 avro — 2 avro arası dəyişir, supermarketdən asılı olaraq.
* Mal əti 1 kq (sümüksüz) — 5 avro
* Çəkili mal əti 0.5 kq — 2 avro
* Toyuq 1.200 kq — 3 avro
Qiymətlər, əlbəttə, təxminidir, dükandan asılı olaraq dəyişilir. Bu, təbii ki, evə lazım olan bütün ərzaq növlərinin hamısı deyil, sadəcə, müqayisə üçün yazdım. Digər bütün ərzaq mallarına da, yuxarıda qeyd etdiyim kimi, endirimlər olur. Ərzaq mallarından başqa hədiyyə və s. dükanlar da sıradan geri qalmırlar. Demək olar, hər kəs bayram bazarlığını çətinlik çəkmədən edə, istədiyi səviyyədə bayram keçirə bilir. İnsanların üzündə maddi sıxıntını hiss edə bilməzsən. Hamı bayramın gəlişinə sevinir, bayram əhval-ruhiyyəsində olur. Heç sosial şəbəkələrdə belə bayram keçirmələrinin çətinliyindən yazmırlar. Yoxdur axı çətinlikləri, nəyi yazacaqlar.
İndi baxaq bizimkilər nə yazırdı sosial şəbəkələrdə? Qiymətlərin süni artması, yaxud artırılması sosial şəbəkələrdə əsas mövzulardan idi bayram ərəfəsində. Kimdir qiymətləri artıran? Nədir bu qiymət artımına səbəb? Birmənalı deyərdim ki, monopoliya. Ölkədə rəqabət sıfır səviyyədədir. Niderland iş adamlarının başına hava gəlməyib ki, bayram ərəfəsində qiymətləri aşağı salırlar. Yaxud da onlar pulu bizimkilərdən heç də az sevmirlər. Dünyanın hər yerində insan insandır və pullu adamlarda (məncə, elə çoxlarında) pula olan sevgi, demək olar, eynidir. Sadəcə, burda rəqabət güclüdür. Bir sahibkar endirim etməyəcəyi halda, digərinin edəcəyini və nəticədə rəqibinin daha çox qazanacağını yaxşı bilir. Rəqabət inkişafın əsaslarından biridir, özü də çox sahədə: ticarətdə, təhsildə, jurnalistikada… və hətta siyasətdə belə. Bizdə isə hər sahədə monopoliyadır. Nə rəqabət var, nə də rəqib…
P.S. Bir şeyi də xüsusi qeyd edim ki, bu endirimlər tək Yeni il ərəfəsində deyil, burda qeyd olunan bütün bayramlar ərəfəsində olur. Hətta bayram olmayan vaxtlarda belə buranın endirimsiz vaxtları olmur, malların qiymətini endirməyə çəkinmirlər bunlar…
[email protected]