Muəllif:

Milləti qələbəyə səsləmək…

Niderland

Bir artistin atası dünyasını dəyişir. Dostu ona deyir ki, bayaq yaman ağlayırdın. Artist də cavabında deyir ki, sən hələ məni dəfn vaxtı görərdin. Bəlkə də bu yazımı lətifə ilə başlamağım düzgün deyildi. Ancaq Xocalı faciəsi ilə bağlı təşkil olunan bəzi tədbirlərə, sosial şəbəkələrdəki bir çox rəy və şəkillərə baxanda bu lətifəni bir neçə dəfə xatırlamalı oldum və adam həqiqətən təəssüf hissi keçirir. Çoxlarımız faciənin üzərində belə şou qururuq. Əslində o qədər faciələrdən danışmışıq ki, onu da adiləşdirmişik və şounu sevən bir xalq kimi burda da adətimizi tərgidə bilmirik. Təbii ki, hər kəsə aid deyil. Sadəcə, şoumenlər üzdə olduğundan onlar daha çox gözə görsənirlər. Onları üzə çıxaran qüvvələr var. Millətini sevən, millətin faciəsinə üzülən, sevincli gününə qəlbdən sevinən, ölkəsi üçün canını verməyə hazır o qədər vətən övladımız var ki, deməklə deyil. Sabah müharibə başlayacağı halda onlar olacaq vətən üçün vuruşan, şou əhli deyil.
Bəzən hər şeydə olduğu kimi bu məsələdə də o qədər ifrata varırıq ki, məsələnin mahiyyəti qalır bir tərəfdə, görüntü yaradırıq. Bizlər Xocalı hadisələrini dünyaya soyqırım kimi tanıtmağı qarşımıza məqsəd qoymuşuq, hər halda belə deyirik. Biri qoltuğuna vurur boş bir filmi, düşür Avropanın canına zallarda özümüzünkülərə nümayiş etdirir. Ay kişi, əgər bunu bizlərə göstərirsənsə, efirdən dəfələrlə görmüşük də. Hansını deyəcəyini belə bilmirsən.
Dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımını əks etdirən fotoların, abidənin önündə poz verərək, gülə-gülə və yaxud da yalançı kədərli görkəm alaraq çəkilmiş şəkilləri görəndə bunu düşünməyə bilmirsən ki, İlahi, bu millət kimlərin əlində qalıb. Nə üçün belə edirik? Abırlı insanlarımız abrına qısılıb qalıb bir tərəfdə. Nümayiş olunası filmlər qalıb arxivdə. Məsələn, mən məmnuniyyətlə «Dolu» filmini tərcümə etdirib dünyanın müxtəlif ölkələrində nümayiş etdirərdim. Bir sözlə, məqsəd qalıb bir tərəfdə, əgər varsa, oyunbazlıq etməklə məşğuluq.
Mən çox istərdim ki, Xocalı haqqında hadisənin şahidləri danışsın, onlar təşkilatlansın. Məsələn, bu günlərdə mətbuatdan oxudum ki, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi yaradılıb və birliyin sədri Ceyhun Ələkbərovun xeyli qohumu Xocalı hadisələri vaxtı şəhid olub. Heç bir şəxsi tanışlığım olmasa da, düşünürəm ki, bu adam heç vaxt oyun oynaya bilməz. Düşünürəm ki, bu adam gerçəkdən həqiqətlərimizi dünyaya çatdırmaqda maraqlı olar. Eləcə də mənim hörmət etdiyim jurnalist dostlarımın, Elnur Eltürk və Əli Zülfüqaroğlunun bu təşkilatda olması məni bir qədər də inamlı edir. Bu o demək deyil ki, bütün təşkilat rəhbərləri mütləq Xocalıdan olmalıdır, qətiyyən belə bir düşüncədə deyiləm. Ancaq hər bir təşkilat rəhbəri özünü Xocalıdan hiss etməlidir, ən azından bu ərəfədə. Demək istədiyim həm də odur ki, yalnız fevralın sonlarında «alışıb yanmayaq,» özümüzü reklam etməyək. Məqsədimiz Xocalı faciəsini dünyaya çatdırmaq olmalıdır, keçirdiyimiz tədbirlər də buna hesablanmalı, vasitələrdən biri olmalıdır. Bizdə isə indi məqsəd tədbir keçirməkdir deyəsən, hər halda görünən budur.
Sonda bir məsələni xüsusi qeyd etmək istəyirəm. Bir qədər də millətimizə qələbə əhval-ruhiyyəsi aşılayaq. Nə vaxta qədər «bizi belə öldürdülər» və s. göz yaşı tökəcəyik? Təbii ki, Xocalıda faciə törətdilər və bunu millətimiz heç zaman unutmamalıdır. Bəs intiqam, bəs onu kim alacaq? Bu barədə nə üçün danışmırıq? Ötən yazılarımın birində (http://www.ayna.az/2014/dasi-qaldirmaga-cehdetdiyinizi-gorsem/) də yazmışdım ki, tariximiz ötən əsrdə faciələrlə doludur. Milləti qələbəyə səsləmək, ona doğru aparmaq lazımdır. Biz buna layiqik, biz bunu bacararıq.
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 261