Mərc gəlməkdən çəkinmədim
Niderland
Seçki arxada qaldı, müxalifət isə indi özünü gündəmdə saxlamağa çalışmaqdadır. Həmişə, bütün seçkilərdəki uğursuzluqdan sonra olduğu kimi. İndi də kiminsə, hansı partiyanınsa Milli Şura adlandırılan qurumdan çıxması müzakirə mövzusudur. Zatən bunun belə olacağı məlum idi. Təbii ki, mən nə falçıyam, nə də özümü dahi siyasətçi hesab edirəm. Bütün bunları görmək üçün dahi olmağa belə ehtiyac yoxdur, özlərini müxalifət hesab edənlərin çıxışlarını, verdikləri bəyanatları izləmək və hadisələrin gedişatına baxmaq kifayətdir. Mən şəxsən hələ seçkidən xeyli öncə, namizədlər qeydə alınmamış bu barədə fikirlərimi yazmışdım. İndi isə müxtəlif partiyalardan, liderlərdən ötən seçkidə qələbə çalmayacaqlarını bildikləri barədə bəyanatlar gəlməkdədir. Bu günlərdə Müsavat Partiyasının Məclis üzvü, politoloq Hikmət Hacızadənin «Bizim yol»da müsahibəsi diqqətimi çəkdi.
«Söyləmək istədiyim odur ki, hətta nağıllarımızdakı arzular belə reallaşıb. Ancaq mənə elə gəlir ki, müxalifətin bu arzusu heç reallaşana, həyata keçənə oxşamır». (http://www.ayna.az/2013/bir-xeyli-dinceldim/), «Müxalifət həmişə olduğu kimi (!) bu seçkidə də qalib gələcəyini deyir. Özünün belə inanmadığı bir şeyə xalqı inandırmağa çalışır. Hər dəfə seçkidən əvvəl, yaxud sonra yeni bir birlik yaratmağı, bəyanatlar verməyi bir iş hesab edir bizim müxalifət» (http://www.ayna.az/2013/buradan-niderlanddanbaxanda/). Bir daha qeyd edirəm ki, bunlar mənim seçkidən öncə yazdığım yazılardan sitatlar idi. Eyni vaxtda Niderlandın yerli mətbuatında da yazı ilə çıxış etdim və qeyd etdim ki, bu dəfə Avropa dövlətləri çəkinmədən növbəti dəfə prezident seçiləcək İlham Əliyevi təbrik edə bilərlər. Ona görə ki, müxalifət Rüstəm İbrahimbəyovu namizəd kimi irəli sürməyə çalışırdı. Bunun reallaşmayacağını isə həm də mənim niderlandlı siyasətçi dostlarımdan biri demişdi, həm də olduqca maraqlı bir formada. Demişdi ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır və onun namizədliyi çətin ki, reallaşsın. Əlavə də etmişdi ki, bunu biz bildiyimiz halda sizin müxalifət bilmirmi, yaxud bilirsə, nədən oyun oynayır. Müxalifətin seçkiyə hazır olmadığı da gözdən qaçmayan məqamlardan idi. Həmən vaxt özünü müxalifətdə hesab edən dostlarımdan etirazlar aldım, müxalifətin qalib gələcəyini iddia, məni haqsız olmaqda ittiham edirdilər. Hətta hörmət etdiyim dostlardan biri mənimlə mərcə gəlməkdən belə çəkinmədi, uduzacağı halda məni ailəmlə birlikdə yaşadığı başqa bir Avropa ölkəsinə dəvət edəcəyini dedi, yol və orda qalmaq xərci də onun hesabına olmaq şərti ilə. Əksinə olsa idi, eyni şeyləri mən etməli idim. Mərc gəlməkdən çəkinmədim, fanatik deyiləm…
Mətləbdən uzaqlaşmayım. «Əsas bu məsələydi, hamı bilirdi ki, qələbə olmayacaq və İlham Əliyev də bizi təbrik etməyəcək». «Çünki əvvəldən məlum idi ki, istəyirsən, birlik və vahid namizəd formatında seçkiyə get, nəticə eyni olacaq, xalq oyanmır ki, oyanmır». Bu fikirlər isə Hikmət Hacızadəyə məxsusdur və yuxarıda sözünü etdiyim müsahibədəndir. Müsahibədə Milli Şuranın yaranmasına da maraqlı baxış var. İstər bu, istərsə də bir çox başqa açıqlamalara baxsaq, görərik ki, bu günə qədər yaradılmış birliklərin heç birində səmimiyyət olmayıb və əslində, sadəcə, birlik görüntüsü yaratmağa çalışıblar. Ancaq milləti bunlara inanmağa çağırır, hətta xalqı günahlandırır, ayağa qalxmamaqda suçlandırırlar. Xalq kimə inansın axı? Sizə? Sizcə, 20 ildir etdiyiniz eyni hərəkətlərdən, sözlərinizdən bezməyibmi bu xalq? Məqsəd yox, ideologiya yox, «ardımızca gəlin» — deyirlər.
Müxtəlif vaxtlarda, müxtəlif adlar altında təşkilatlar yaradıb, birlikdə görünməyə çalışmalarına baxmayaraq, bunlar heç vaxt bir yerdə olmayıblar. Olsa-olsa yanaşı olduqlarını demək olar, yəni paralel. Bunlar isə fərqli şeylərdir. Birlikdə olmağı şərh etməyə ehtiyac yoxdur, adı üstündə — «birlik.» Paralel addımlamaqla onu demək istəyirəm ki, bir hədəf uğrunda yanaşı addımlayıb, hədəfi görəndə isə bir-birini itələyərək biri digərindən daha tez çatmağa çalışır hədəfə. Gəl ki, bunların hədəfləri belə yoxdur, hətta üfüqdə belə görsənmir. Ancaq yox, var. Bunların hədəfləri növbəti seçkiyə qədər ana müxalifət görüntüsü yaratmaqdır. Artıq seçkidən sonradır və hədəflərinə çatmaq, «əsas müxalifət»in kim olduğunu müəyyən etmək üçün mübarizə gedir.
İndidən yeni birliklərin yaranacağından danışırlar. Deyəsən, başqa düşünə biləcəkləri yoxdur. «Dəlilik — eyni şeyi dəfələrlə edib fərqli nəticələr gözləməkdir» — kimin sözü olduğunu unutsam da, dahiyanə deyilmiş sözdür.
Özlərini müxalifətdə hesab edənlər vaxtaşırı Avropa dəyərlərindən danışırlar. Ancaq həmən Avropada hansısa partiya bu qədər uğursuzluqla rastlaşsa idi, nəinki liderlər istefa verər, heç o partiyadan əsər-əlamət qalmazdı. Birlikdə müxalifətçilik edə bilməyənlər birlikdə hakimiyyəti necə idarə edə bilərlər? Müxtəlif vasitələrlə, özlərinə yaxın olan kəslərlə milləti aşağılayır, təhqir etdirirlər. Elə bil ki, bütün işlərdə xalq günahkardır. Bu xalq neyləsin? 1988-1992-ci illərdə meydanlarda oldu və sizləri hakimiyyətə gətirdi. Siz nə etdiniz? Cavabını özünüz daha yaxşı bilirsiz. Xalq həmən xalqdır, sadəcə, xalqın inamını qırmısız. Yoxdur o inam, daha yoxdur! Bunu anlayın! Hakimiyyət, bu iqtidar yaxşıdırmı? Deyil, məncə! Xalq bütövlükdə bunlara inanırmı? Yox, məncə! Bu gün müxalifət adından danışan, bəyanat verənlərin bir çoxuna baxanda… Elə baxmasan, deməsən yaxşıdır.
P.S. Mənim müxalifət partiyalarında və iqtidar partiyasında olan yetərincə dostlarım var. Şəxsi münasibətləri siyasi münasibətlərə qarışdırmamağın tərəfdarıyam. Həmən dostlara da bir qədər obyektiv olmalarını məsləhət görərdim. Bu cür mübarizəyə mübarizə demək olmaz. Ya çəkilin, ya yeni bir şeylər düşünün…
[email protected]