Mənə görə ülküçülük axan bir çaydır ki …
Ülküçülük nədir? Bunun hərfi mənası ilə bağlı yazmaq fikrim yoxdur, bu barədə bilirsiz. Mənə görə isə ülküçülük axan bir çaydır ki, bu çay axdıqca öz yatağını genişləndirməkdədir. Bu çayın mənbəyi Başbuğ Türkeşdisə, mənsəbinin isə Böyük Turan olacağına inanmaq istəyirəm.
Dünyasını dəyişməsinin 17-ci ildönümündə dünya ülküçülərinin lideri Alparslan Türkeş həm də Niderland ülküçüləri tərəfindən sayğıyla anılmaqdadır. Hollanadiya Türk Federasiyası (HTF) ona bağlı olan bir neçə təşkilatda (HTF-yə 21 təşkilat bağlıdır) Başbuğu anma proqramları təşkil etmişdi. Belə tədbirlərin biri də Niderlandın Dordrext (Dordrecht) şəhərində, HTF-yə bağlı olan Dordrext Ayasofya Camidə təşkil olunmuşdu. Tədbir Türkiyənin İstiqlal Marşının oxunması və Alparslan Türkeşin ruhuna müqəddəs kitabımız Quranın oxunması ilə başlandı. Daha sonra Derdrext Ayasofya Dərnəyinin başqanı Vedat Özdal gələn qonaqları salamlayaraq dünya durduqca Başbuğun hər zaman yad olunacağını qeyd etdi. Türkiyədən Niderlanda xüsusi olaraq HTF-nin Başbuğa həsr olunmuş tədbirlərinə qatılmaq, onun haqqında xatirələrini bölüşmək üçün gəlmiş eyitimçi/yazar Qazı Karabulutun çıxışı da olduqca maraqlı oldu. Daha sonra kürsüyə qalxan HTF Genəl Başqanı Murat Gedik gənclərin Alparslan Türkeşi daha dərindən öyrənməli olduğunu dedi. “Gözünü açanda dədəni, babanı ülküçü gördün deyə ülküçü olmaq olmaz. Elmlə, təhsillə, ülküçülüyü öyrənərək, dərk edərək üıküçü olmaq lazımdır” – deyə Murad bəy sözünə davam etdi. Tədbirdəki bütün çıxışlar iştirakçılar tərəfindən maraqla dinlənildi.
Tədbirdə eləcə də Alparslan Türkeşin həyatından bəhs olunan təqdimat (prezentasiya) və onun fəaliyyətinə həsr olunmuş video göstərildi, musiqilər səsləndi. Tədbirdən sonra Alparslan Türkeşin ruhuna ehsan verildi.
Başbuğu anma proqramları qarşıdakı günlərdə də HTF-yə bağlı olan digər təşkilatlarda davam edəcəkdir.