Görəsən dövlət mənə sosial yardım verərmi?
Niderland
Maraqlı açıqlamadır, həm də olduqca maraqlı. Qarabağ əlili Nizami Kərimovun özünü yandırması ilə bağlı Yevlax İH başçısının açıqlamasını deyirəm. Başçı qeyd edib ki, Nizami Kərimovun nəinki sosial vəziyyəti yaxşıdır və hətta şəxsi maşını belə var. Görəsən hansısa məmurun, «Artıq mənim maddi imkanım yaxşıdır. Maşınım, yox maşınlarım, evlərim və s. var. Daha rüşvət almayacam. Bundan sonra ancaq dövlətim, xalqım üçün çalışacam» — deyə öz-özünə düşündüyü olubmu? İnanmıram. Ancaq bəlkə də müqayisə düzgün olmadı.
Bəs Qarabağ əlili özünü nə üçün yandırmaq istəyib? Onun doğrudanmı haqqı yoxdur sosial yardıma? Bunları mən bilmirəm. Sadəcə, bildiyim odur ki, insanı özünü yandıracaq həddə çatana qədər «yandırmaq» olmaz. Mən demirəm ki, qanunları tapdamaq lazımdır. Mən demirəm ki, bu və yaxud digər bir əlilin sosial yardıma hüququ olmaya-olmaya yardım verilməlidir. Qətiyyən. Qanun qanundur. Ancaq qanun hamı üçün eyni olmalıdır. Təkcə maddi və vəzifə baxımından «əlil» olanlara aid deyil qanunlar.
Mən artıq xeyli vaxtdır ki, Niderlandda yaşayıram. Soruşa bilərsiz ki, neçə il? «Beş il» — desəm az, «altı il» — desəm çox olar, bu ikisinin arası deyək ki, düz olsun. Ancaq məsələ onda deyil. Bunu ona görə qeyd etdim ki, həmən bu illər ərzində Niderlandda sosial yardım almışam. Niderland dövləti üçün vuruşmaq qalsın bir tərəfə, hələ heç Niderland vətəndaşı da deyiləm. Burada yaşamaq iznim var, vətəndaşlığımı bu gün-sabah almalıyam. Öz aramızda qalsın, mənim şəxsi maşınım da var. Yayda, tətil vaxtlarında imkan edib Fransaya, Belçikaya, Almaniyaya, Türkiyəyə tətilə də gedə bilirəm. Hər il iyun ayının əvvəlində bələdiyyə bizə tətil pulu da verir. «Dincəlmək, istirahət etmək hər bir kəsin haqqıdır» — deyir Niderland hökuməti. Xülasə, belə görürəm ki, gərək imkan edib yaşadığım bələdiyyənin başçısının yanına gedəm, ona ən azından bir təşəkkür borcum var.
Yuxarıda da qeyd etdiyim kimi, istərdim ki, qanunlar hamı üçün eyni olsun. Əslində bu, nə mənim, nə də digər birinin istəyinə görə deyil, bunu anlayıram. Qanunlar qanunla hamı üçün eynidir. Ancaq qanunlara əməl edib-etməmək başqa söhbətdir.
Sizə Niderlandda qanunla kimə sosial yardım düşdüyündən söhbət açmağa çalışacam. Bundan öncə isə hələ Azərbaycanda yaşadığım vaxt rastlaşdığım bir durumdan söz açmaq istəyirəm. Dövlət televiziyasında işləyirdim və aylıq 43000 (2003-cü il) manat əmək haqqı ilə (yaxşı ki, kənarda şəxsi biznesim var idi) dolanmalı idim. İkinci övladımız dünyaya gəldiyindən xanımım analıq məzuniyyətində idi və mən də hər ay əmək haqqımla bərabər təxminin bir o qədər də uşaq pulu alırdım. Qanunla nəzərdə tutulan vaxt bitəndən sonra xanımım öz işinə qayıtdı və əmək haqlarımızı alarkən daha bizim uşaq pulu almaq hüququmuzun olmadığını dedilər, ona görə ki, ikimiz də işləyirdik. Niderlandda isə uşaq pulu (müavinət) almaq, övladının yaşı 18-ə çatana qədər hər bir kəsin hüququdur. Məbləğ isə ailədəki uşaqların sayına və uşaqların yaşına görə dəyişir.
Niderlandda sosial yardımın bir çox növləri var. Bu yazımda onlardan birindən bəhs etməyə çalışacam. Ancaq bu dəfə qısa olaraq, gələcəkdə bu barədə geniş yazmağı düşünürəm. Öncədən qeyd edim ki, göstərəcəyim rəqəmlər duruma görə dəyişə bilər, məsələn, ailə üçün bir, tək adam üçün bir başqa rəqəm. Mən ailənin hüquqlarından söhbət açmağa çalışacam. Niderlandda qanuni yaşayan, 18 yaşına çatmış hər bir kəsin yaşadığı ərazisində bələdiyyəyə gedib müvafiq şöbəyə sosial yardım üçün müraciət etmək hüuqu var. Ancaq bu o demək deyil ki, hər kəs bu yardımı alacaq. Sosial yardım almaq üçün sənin gəlirin ya heç olmamalı, yaxud da minimum əmək haqqını (1477 avro 80 avrosent) keçməməlidir. Şəxsi maşının və bankda pulun da ola bilər, bunların birlikdə məbləği isə 11 700 avrodan çox olmamaq şərti ilə. Şəxsi evinin olması da sosial yardım almana əngəl deyil. Ancaq bu halda sosial yardım sənə borc kimi veriləcək, taki sənin evinin dəyəri 48 900 avroya düşənə kimi. Bir sözlə, insan kimi yaşamağa imkanları var burdakı insanların. Sözügedən yardımlar isə əhalinin digər təbəqəsinin ödədiyi vergilər hesabına verilir, vergilər rüşvət kimi məmurların ciblərinə deyil, sosial yardımlara gedir. Burdakı hər bir məmur da hər hansı səbəbdən imkanlarını itirsə, yaşamaq üçün sosial yardıma müraciət edə biləcəyini bilir.
Tezliklə Azərbaycana qayıtmaq istəyirəm. Təbii ki, başlanğıcda mənim işim olmayacaq. Görəsən dövlət mənə sosial yardım verərmi? Verərsə, məbləği çox maraqlıdır…
P.S. Sonda bir şeyi qeyd etmək istəyirəm. Biz hər şeyin zayını çıxartmayınca, hər şeydən insanları bezdirməyincə sakitləşmirik. Kasıbından tutmuş dövlətlisinə, adi vətəndaşından tutmuş məmuruna kimi çoxlarımız (hamımız olmasaq da, çoxlarımız) beləyik. Bir də baxırsan bütün televiziyalar eyni şeyi göstərir, bütün qəzetlər eyni mövzudan yazır, hamı eyni söhbəti müzakirə edir və s. Özünü yandırmaq çıxış yolu deyil…
[email protected]