Muəllif:

Den Haaqda vaxtımız çox şən keçdi

Niderland

Xeyli vaxt idi bir şey yazmırdım. Yazıb nə edəcəkdim? Məmləkətimizdə bayram idi və təbii ki, qəzet-jurnal redaksiyasında çalışanlar da bayram tətilində idilər. Bayramın gəlişi hərəyə bir cür təsir etdi, baxmayaraq ki, «bayram» sözü özlüyündə sevinci, şənliyi bildirir. Ancaq bu dönəmdə bayram bazarlığını özünə yük edənlər də az deyildi. Hər gün bayram arzusunda olan tacirlərimiz (sözün bütün mənalarında) də yetərincədir. Təki işləri «xod» getsin…
Vətəndə olub-bitəni sizlər daha yaxşı bilərsiz, mən Niderlanddan yazım. Bizlər də burda Novruzu qeyd etdik. Ayrı-ayrı təşkilatlarımız şənliklər təşkil edib, bizləri bir araya gətirdilər. Masanın üzərində olandan yeyib-içdik, yumurta (əsəb «döyüşdürən»lər də oldu) döyüşdürdük. Çalıb-oynayanlar da öz yerində. Bəziləri Novruzu o qədər önə çıxardılar ki, az qala həmən ərəfədə Niderlandın Den Haaq (nədənsə Azərbaycanda hələ də bu şəhərin adını Haaqa deyə tələffüz edirlər) şəhərində keçirilən 3-cü Nüvə Təhlükəsizliyi Cammiti belə arxa plana keçdi. Anlaşılandır, hərəyə öz qonağı şirindir. Yeri gəlmişkən, cammit üçün 24 milyon avro civarında pul xərclənib. Bunu Niderlandın istənilən xəbər saytından oxuya bilərsən. Bizim tədbirlərə, diaspor tədbirlərinə çəkilən xərcin məbləğini (tək Novruz şənliklərini nəzərdə tutmuram, kimsə özünə götürməsin) isə bilmək mümkün deyil, «dövlət sirri»dir. Sammitə dünyanın 58 ölkəsindən 5000-dən artıq nümayəndə qatılmışdı. Bu yerdə sammitin son günündə ABŞ prezidenti Obamanın yekun nitqini xatırladım. Obama niderlandlılara təşəkkür etdikdən sonra: «Hər şey əla idi. Niderland dilində bir söz var ki, İngilis dilinə tərcümə olunmur, «Qezellix». Bu sammit çox Qezellix oldu» — dedi («Gezellig» dilimizdə oxunuşunda «Xezellix» olur, mənasını isə şenlik, şənlik, rahatlıq kimi də vermək olar. Əslində isə bizim dildə bu sözün tam düzgün qarşılığını tapa bilmədim).
Bizim şənliklər də pis keçmədi. Oralara da çoxsaylı qonaqlar gəlmişdi — Niderlandın müxtəlif şəhərlərindən, Belçikadan, Almaniyadan. Mən getdiyim şənliyə giriş 10 avro idi, digərlərini bilmirəm. Açığı, bəzi dostlardan fərqli olaraq bura xüsusi dəvət də almamışdım, anladığınız kimi, getməyə də bilərdim. «Çağırılan yerdən ərinmə, çağırılmayan yerdə görünmə» — prinsipini bu dəfə bilməzdən gəldim. Şənliyə, mən getdiyimə, budəfəki qatılım mənə ötənilkindən az kimi gəldi. Görünür bəziləri Obamanı qarşılamağa gediblərmiş və yaxud, sadəcə, gəlmək istəməyiblər. Ancaq ötən illərdəki tədbirlərdən narazı qalanların olduğu da istisna deyil.
Təşkilatlarımızdan söz düşmüşkən, bu arada Niderlanddakı təşkilatlarımız arasındakı münasibət şkalada sıfırdan sol tərəfədir, yəni mənfi. Deyəsən, Niderlandın günəşi az olan yayı aralarındakı buzu əritməyə bəs etməyəcək. Bəziləri burda «soyuq müharibə» aparırkən öz yerini isidənlər də var, təbii. Görsənən budur ki, bunların əksəriyyətinə «muncuq» verilib, «göy muncuq» və hər kəs də bu «göy muncuğ»un tək onda olduğunu düşünür. Gəl ki, bilmələri gərəkdir ki, əsl «göy muncuq» başqa əllərdədir. Di vuruşun, necə deyərlər, «siz savaşa,…………… tamaşa…»
Sizin Azərbaycanda son tətil dönəmində nə etdiyinizi bilmirəm. Bizlər isə, yuxarıda da qeyd etdiyim kimi, böyük, lap böyük (2010-da 47, 2012-də 53 ölkə qatılmışdı) sammit keçirdik, şənliklər təşkil etdik. Bütün bunlarla yanaşı bizdə tətil yox idi, hələlik Niderland rəsmi olaraq Novruzu bayram kimi tanımayıb. Nə üçün «hələlik» yazdım? Bu gedişlə ki biz gedirik, rəsmən də «tanıtdıra bilərik.» Nə başınızı ağrıdım, vaxtımız çox şən keçdi. Obama demişkən, «qezellix» idi…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 233