Muəllif:

Daşı qaldırmağa cəhd etdiyinizi görsəm…

Niderland

Ötən əsrdə Azərbaycanın başına nə faciələr gəldiyini bilirik. Əsrin əvvəllərindən başlayaraq düz sonuna kimi çox şeylərə şahid oldu məmləkətimiz. Heç XIX əsr də xalqımız üçün rahat keçməyib, öncə Gülüstan (1813), sonra isə Türkmənçay (1828) müqavilələri ilə Azərbaycanımızın ikiyə bölünməsini qeyd etmək kifayətdir. Bəlkə XX əsrdə baş verənlər elə bölünmənin davamı, məntiqi nəticəsidir? Düşünməyə dəyər… Ancaq o vaxt düşünməyinə dəyər ki, nəticə çıxarmağı bacarasan, çıxarmayandan sonra mənası yoxdur, boş ver getsin. Necə ki, indi hər şeyi boş vermişik.
İndi XXI əsrin əvvəlidir və öz təbirimizcə desək, qosqoca Azərbaycan bizim hesabımıza özünə ölkə düzəltmiş (!) ermənilərin, dünənin Ermənistanının əlində aciz qalıb. «İt qaya kölgəsində yatır, elə bilir öz kölgəsidir», — deyiblər.
Təbii ki, Azərbaycanı ikiyə bölənlərdən birini, Rusiyanı unutmaq olmaz, məhz Rusiyanın «xidmətləri»dir ki, bu gün belə bir durumdayıq. Ancaq İran — bizim digər yarımızın (elə bu biri yarımızın da) yarasına duz basmağa hazır olan və basan İran faktorunu da unutmamalıyıq. İranda yaşayan 30 milyonluq türkün hüquqlarının pozulması bir yana, ermənilərə etdikləri və etməkdə olduqları yardımlarla fars rejimi bir daha bizlərə düşmənçiliyini sərgiləyir. Məhz bütün bunlara baxanda bu gün baş verənlərin uzun zamanlar öncə yazılmış ssenariyə daxil olduğunu düşünməyə bilmirəm.
Regionda «Ermənistan» adlı dövləti yaratmaqla Türk dünyasını parçalamağa, ən azından iki Türk dövlətini bir-birindən ayırmağa nail oldular və bu da erməni dostlarının, Türk düşmənlərinin bu ərazilərdə rahat hərəkət etməsini təmin etmiş oldu. Bir daha qeyd edirəm ki, bütün bunlar mənə, məlum qüvvələr tərəfindən regionumuz üçün çox uzun illər öncədən yazılmış bir ssenarinin olduğunu düşünməyə əsas verir. Əslində belədir də. I Pyotrun aralıqda söz olaraq gəzən vəsiyyətnaməsini də xatırlamaq yerinə düşər.
Kimlərinsə bizlər üçün plan(lar)ı var. Bəs bizim necə, öz gələcəyimizlə bağlı planlarımız demirəm, planımız varmı? Halbuki bizim nəinki bir, hətta əlifbamızın hərflərinin sayı qədər planlarımız olması gərəkdir və bütün bu planlar bir məqsədə xidmət etməlidir. Təəssüf ki, belə bir planın varlığı hiss olunmur. İllər, əsrlər öncə başbilənlərimiz və onlar tərəfindən hazırlanmış plan(lar) olsa idi, bugünkü durumda olmazdıq. Tarix kitablarından qürurla oxuduğumuz Azərbaycandan böyük miqyaslı xəritədə nöqtə boyda görünən Azərbaycan qalıb, onun da 20 %-i işğalda. Ümidimizi Minsk Qrupu və digər beynəlxalq təşkilatlara bağlamışıq. Anlamaq o qədərmi çətindir ki, Qarabağı versək, 20 il sonra bir daha hücuma məruz qalacağıq və yenə də eyni ssenari, eyni tarix təkrar olunacaq? Nə etməyi düşünürük? «Lazım gələrsə, torpaqlarımızı azad edəcəyik» — nə vaxta kimi bunu deməkdə olacağıq? «Lazım» nə vaxt gələcək? Yeri gəlmişkən, təklif edirəm ki, gələn ilə kimi anadan olan oğlan uşaqlarına Lazım adı verilsin, bəlkə bu lazımlar bir neçə il sonra torpaqlarımızı azad edələr. O zaman daha Lazım gözləmək lazım olmaz.
Hansıdır ötən əsrdə xalqımızın başına gələn ən böyük faciə: 1905-ci il hadisələrimi, 1918-ci il 31 martmı, 1920-ci ildə Demokratik Respublikanın işğalımı, 1937-ci illərmi, 1948-50-ci illərdə yaşanan köçlərmi, 1988-ci il köçümü, 1990-cı il 20 yanvarımı, Xocalı soyqırımımı, burda qeyd etmədiyim başqa tarixlərmi? Hansıdır? Bunların hamısı bir-birindən dəhşətli deyilmi? Bəs uğurlarımız, onlar hansılardır? Ötən əsrə baxsaq, 1918-ci ildə Demokratik Respublikanın qurulması və 1991-ci ildə müstəqilliyimizi əldə etməkdən başqa hansı uğuru əldə etmişik? Əslində bundan böyük uğur da ola bilməz. Olar, o olar ki, torpaqlarımızı qaytaraq və bunu edən şəxsin, komandanın adını tariximizə qızıl hərflərlə yazaq.
Bir də ən böyük uğurlarımızdan biri müstəqilliyimizin qorunub saxlanılması olub.
Tarix müstəqilliyimizin əldə edilməsində, onun qorunub saxlanılmasında xidmətləri olan hər kəsin qiymətini verəcək. Bu, gerçəkdən böyük bir uğurdur. Bu günlərdə bir həmyerlimizlə internet üzərindən etdiyimiz söhbətdən sonra hər an güvənə biləcəyin bir VƏTƏNinin nə demək olduğunu bir daha dərk etdim. Rusiyada yaşayan həmyerlimiz deyirdi ki, burda (Rusiyada) günüm o qədər yaxşı idi ki, heç nə barədə, hətta bəzən ölkəm barədə belə düşünmürdüm. Tətilə belə ölkəmizə deyil, başqa ölkələrə gedirdim. Rusiyada ara qatışanda, narahatlıq başlandı və özümdən qeyri-ixtiyari evdəkilərə dedim: «Narahat olmayın, burda ara qatışsa, bizi çıxarsalar, şükür ki, gedəcək bir yerimiz, Vətənimiz var». Həmyerlimiz sonra da əlavə etdi ki, bunları dedim və sonra özüm də bilmədən, həyatımda ilk dəfə hər kəsin içində hönkürüb ağladım, nə yaxşı ki, Azərbaycan var. Doğrudan da, nə yaxşı ki, Azərbaycan var. Məgər qərib ölkədə işimiz çətinə düşən kimi hər zaman vətənə üz tutmadıqmı? Bilək Azərbaycanımızın, orda yaşayan insanlarımızın dəyərini.
Müstəqilliyimiz əbədi, dövlətimiz həmişə güclü olsun.
Ötən əsrdə yaşadığımız ən böyük faciələrdən biri, sözsüz ki, Xocalı faciəsidir. Ancaq hələ də bunu dünyaya lazım olan kimi çatdıra bilməmişik. Bəzən buna cəhd etmədiyimizi belə düşünürəm. Ayrı-ayrı ölkələrdə bir yerə yığışmaq, bu faciəni anmaq, təbii ki, lazımdır. Bu, bizim olanları unutmamağımız üçün gərəkdir. Unutqanlıqdan başımıza çox işlər gəlib, daha gəlməsin deyə unutmamalıyıq. Bu faciəni dünyaya çatdırmaq isə önəmli olan məsələdir. Şou göstərmək, faciə üzərindən oyun oynamaq lazım deyil. Bu sözlər eyni zamanda diaspor nümayəndələrimizə, aidiyyəti komitəyə də aiddir. Bəsdirin, doğrudan, bəsdirin. Plan hazırlayın, o plan üzrə hərəkət olunsun. Bu işdə iqtidar-müxalifət olmaz. Obrazlı desək, daşı qaldırmağa cəhd etdiyinizi görsəm, əlimi daşın altına qoymağa hazıram. Yoxsa kimlərsə oyun oynayacaq, kimlərsə fərdi, yaxud təşkilat olaraq, ayrı-ayrılıqda bir şey etmək istəsək — alınmayacaq. Səbəb də məlumdur, düşmən planla və birlikdə, həm də havadarları ilə birlikdə hərəkət edir. Biz nədən birlikdə olmayaq? Bu işdən ki, gəlir gözləmək mümkün deyil. Məncə, bölə bilməyəcəyimiz bir şey olmamalıdır. Ən azından bu məsələdə olmamalıdır…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 209