Biz yatmışdıq
Niderland
Niderlandın Almelo şəhərinin adı son bir neçə gündə bu ölkədə yaşayan Türk kökənli insanların əksəriyyəti tərəfindən ən çox hallanan şəhər adları sırasındadır. Səbəbi çox sadədir, bu şəhərdə olan erməni kilsəsinin həyətində erməni «genosid»inə abidə qoyulub. Azərbaycan və Türk təşkilatları cidd-cəhdlə çalışır, abidənin açılışını əngəlləməyə səy göstərirlər. Hərçənd ki, hamımız bunun mümkünsüz olduğunun fərqindəyik. Buna baxmayaraq, abidənin açılmasını əngəlləmək üçün yazılan müraciətə əlavə olan imza vərəqlərindən birini də mən çap edərək ətraf şəhər və kəndlərdə yaşayan tanışlarımı ziyarət edib imza vermələrini xahiş etdim. Hər yerdə də eyni sualla qarşılaşdım: «Mənası varmı?» Bəli, doğrudan da, mənası yox idi və yəqin ki, bu yazı qəzetdə verilənə kimi abidənin açılışı da olacaq.
«Ürəyimi soyutmaq» üçün tələm-tələsik Niderland parlamenti ilə əlaqə saxlayıb millət vəkillərinin biri ilə görüş də aldım. Verəcəyim suallar çoxdur, bunları «Ayna»nın növbəti nömrələrinin birində oxuya bilərsiz. Ancaq yuxarıda da qeyd etdiyim kimi, abidə qoyulub, məndə olan məlumata görə, Niderland siyasətçilərinin bir çoxu ora dəvət də alıblar. Mənim Niderland parlamentindəki görüşüm 24-04-2014-cü il tarixinə müəyyən olunub. Abidənin açlışı da həmən gündür. Bilmirəm mənim müsahibim olacaq millət vəkili açılışa dəvət alıbmı, yoxsa yox. Alıbsa da, o, oranı deyil, mənimlə müsahibəni seçdi. Təbii ki, böyük ehtimalla, bu bir təsadüfdür və mən bu müqayisəni aparmaqla özümü «göylərə» qaldırmaq fikrindən çox-çox uzağam. Ancaq demək istəyirəm ki, elə etməyimiz lazımdır ki, həm Avropa, həm də dünya siyasətçilərinin, əhalinin əksəriyyəti məhz bizi seçsin.
Təəccüb edirəm, yox, daha təəccüb hissim qalmayıb, təəssüf edirəm. Təəssüf edirəm ki, mən də daxil olmaqla sözü gedən abidədən yalnız açılışa yaxın xəbərdar olduq, bu qədər təşkilatlarımız olduğu, Niderlandda bu qədər Türk kökənli insanın yaşadığı halda. Hər hansı bir tədbirdə istənilən qədər Türk kökənli jurnalistlə rastlaşmaq mümkündür. Bir daha qeyd edirəm, mən də daxil bu abidənin qoyulacağından vaxtında xəbərdar ola bilmədik. Adımı da jurnalist qoymuşam, belə jurnalistlikmi olar? Niderland parlamentindəki Türk kökənli deputatlar da hadisədən xəbərsiz kimi davrandılar. Düz edirlər, növbəti parlament seçkilərinə çox qalıb və biz türklər artıq aprelin 25-də bunu unudacağıq. Bəlkə də yanılıram, kimsə öncədən bunu bilib. Bilibsə, nə üçün susub? Buna da cavab vermək lazımdır. İnternetdə qısa bir araşdırmadan bəlli oldu ki, Almelo bələdiyyə şurasında biri D66, biri PvdA partiyalarından, digəri isə «Çete siyahısı» (Lijst Çete) olmaqla üç nəfər Türk əsilli millət vəkili də fəaliyyətdədir! Cənab Çete özünün son bələdiyyə seçimlərində uğur qazanmasını həm də Türk kökənli olmasının, dolayısı ilə Türk əsilli seçicilərin də xüsusi rolunun olduğunu etiraf edib (mənbə: http://www.almelo.nl/Smartsite.shtml?id=56462). Nə deyim? Bəlkə mən siyasəti bilmirəm…
Kimsə bu yazdıqlarımı ittiham kimi dəyərləndirməsin. Mən bu məsələlərə öz münasibətimi dəfələrlə bildirmişəm və hər dəfə də demişəm ki, bütün bunları nə bizim dövlətlərin, nə də diaspor təşkilatlarımızın uğursuzluğu, ermənilərin isə uğuru kimi dəyərləndirmək düzgün deyil. Ermənilər bir çox dövlətlərin əlində, sadəcə, alət, Türk millətinə qarşı istifadə olunan bir alətdir. Məncə, ermənilər dünyanı deyil, dünyadakı maraqlı dövlətlər erməniləri belə bir soyqırım olduğuna inandırıbdır. Bizim dövlətlərimiz ayrı-ayrılıqda dünyanın bir çox güclü dövlətlərinə qarşı mübarizə aparırlar. Bu yerdə bizlərin də, həm dövlət, həm də diaspor olaraq birlikdə fəaliyyətimiz gərəkir və sevindirici haldır ki, artıq bu hiss olunmaqdadır. Ancaq pafoslu səslənsə belə, daha böyük birliyə, Turana ehtiyacımız var.
Təbii ki, bu abidənin qoyulması üçün bələdiyyənin razılığı alınıb və neçə vaxtdır ki, orada abidənin qoyulması üçün hazırlıq gedir. Biz isə bundan açılışa az qalmış xəbər tuturuq. Dostlar, gəlin düşünək. Qarşıdan 2015-ci il gəlir və bu, «soyqırım»ın 100 illiyi deməkdir. Bu o deməkdir ki, ermənilər və onların havadarları mütləq yeni bir şeylər düşünəcəklər. Biz də düşünsək, pis olmaz. Yoxsa vəziyyət Üzeyir bəyin «Biz nə tövr iş görürük?» felyetonundakı kimi olacaq. Yeni nəslin bəzi nümayəndələri, ümumiyyətlə, bunu oxumayanların oxuması üçün aşağıda həmən felyetonu sizlərə oxumaq şansı yaradacam. Təbii ki, «Ayna»nın rəhbərliyinin icazəsi ilə…
Dahi və unudulmaz Üzeyir Hacıbəyovun yazdığı bu günümüzə necə də uyğun gəlir. Biz nə tövr iş görürük? Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq.
O şey nədir?
O şey nərdivandır!
Necə yəni nərdivan? Nərdivan nədir?
Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə, elə yıxılar ki, təpəsi dağılar.
Bu, belə! Bundan başqa, bir də biz həmişə başımızdan yekə iş görürük.Amma bunun səbəbi var.
Səbəbi də budur:
Qonşularımız siçan boyda işlər gördükdə biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda işlər görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda olan işi irəliləyib camış yekəlikdə oldu, amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nə vaxt ki, qonşularımız fil boyda işlər görməyə başladılar.
Qərəz, gözümüzü ovxalayıb dedik ki, nə var? Biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə.
Axırı nə oldu?
Axırı belə oldu:
Filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik, gəlin təzədən başlayaq, ancaq burasını iqrar eləyirik ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə, dəvə. Qərar qoyuruq ki, dəvə boyda qayıraq, başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılırıq, deyirik ki, dəvə iridir, ondan balacasını başlayaq. Ondan balaca nədir? Camışdır. Başlayırıq camış boyda iş görməyə, lakin camışa da gücümüz çatmır. Aşağı enirik (halbuki qonşular fildən yuxarı çıxırlar). Deyirik ki, eşşək boyda iş görək, amma eşşək də bizə güc eləyir. Tuturuq keçini. Görürük, yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə.
Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi!…
[email protected]