A bala, get o AYNAnı aç
Niderland
Uşaq vaxtı nənəmdən eşitdiyim bəzi sözlər mənə qəribə gəlirdi. Mənasını anlamırdım dediklərinin. Təbii ki, nə demək istədiyini başa düşürdüm, sadəcə, nədən məhz o cür anlatdığını isə yox. Məsələn, bir də görürdün deyirdi: «A bala, get o AYNAnı aç, içəri təmiz hava gəlsin». Söhbətin pəncərədən, o vaxtkı yayılmış dildə desək «akoşka»dan getdiyini anlamaq çətin deyildi. Ancaq nə üçün pəncərəni məhz «ayna» adlandırdığını anlamırdım və qışın soyuğunda aynanın açıq olmasına nə ehtiyac olduğu da mənə aydın olmurdu. Yaxud da deyirdi ki, get AYNAnı gətir özümə baxım. Bu dəfə isə hamının anladığı aynanı, güzgünü nəzərdə tuturdu. Bəli, nənəm AYNAnı açdırmaqla təmiz hava alır, AYNAya baxmaqla saçını darayır, (hər kəs kimi) özünü səliqəyə salırdı…
Bütün bunları «Ayna» qəzetinin ayda bir dəfə çap olunmağa başlaması xatırlatdı mənə, hər halda adların eyni olması nədənindən. Səbəbini bilmirəm, bilmirəm nədən biz «Ayna»ya hər həftə deyil, ayda bir dəfə «baxa» biləcəyik? Halbuki, məncə, bizim ona gündəlik «baxmağımız» gərəkdir. Bildiyim ancaq mətbuatdan oxuduqlarım qədərdir…
Etiraf edim ki, «Ayna»nın saytına hər gün daxil olurdum, həm də gündə bir neçə dəfə. Fərq etməzdi həmən gün orda mənim yazım vardı, yoxsa yox. Qəzetin texniki işçiləri dediklərimi asanlıqla təsdiq edə bilərlər. Mən də nənəm kimi «AYNA»nı (n saytını) açaraq «hava alır»dım, mən də «AYNA»ya baxaraq özümüzü, millətimizi orda görməyə öyrəşmişdim. Özüm də yazırdım o (bu) qəzetə, başqalarının da özünü AYNAda görməsində qatqım olsun deyə. Sadəcə deyəsən kimlərsə bu Aynada əyri gördü özünü. Yox, söz oynatmıram. Söz demişkən, sözmü qalıb oynatmağa? «Ayna»nın saytına isə bu gün də baxmaqda davam edirəm, üstünü «toz-torpaq» tutsa da…
Dostlardan biri nə vaxtsa məndən nə üçün «Ayna»ya yazdığımı soruşub: «Ondan daha çox oxunan qəzetlər, saytlar var, onlara yaz» — dedi. Mənsə susdum. Susduğumu görüncə davam etdi: «Düzünü deyim ki, «Ayna» çox səviyyəli qəzetdir və hər vaxt da səviyyəsini gözləyir.» Bu dəfə isə cavab verməyi lazım bildim. «Özün deyirsən ki, «Ayna» səviyyəli qəzetdir və səviyyəsini hər zaman qoruyub saxlayıb. Əgər bu gün o qəzeti oxuyan azdırsa, sənin də deməyindən belə çıxır ki, sözün bir başqa mənasında «aynaya baxıb» səbəbi özümüzdə axtarmalıyıq. İkincisi, mən o qəzetə yazanda bilirəm ki, yazılarımı İsmayıl (Umudlu) müəllim oxuyur və Elçin (Şıxlı) müəllim bəyənib razılıq verəndən sonra qəzetə verilir və düzünü deyim ki, bu, məndə özümə inamı artırır»- deyə cavab verdim. Bu söhbətin üstündən aylar keçib və düşünürəm ki, bu gün kimlərsə düşüncələrimə görə məni «Ayna» qəzetinin rəhbərliyinə məddahlıq etməkdə ittiham etməz. Məni tanıyanlar bilir ki, məddahlıq, yaltaqlıq, ikiüzlülük, yalançılıq təbiətimə yaddır, heç vaxt etməmişəm, etmərəm də. Həm də şükür ki, buna ehtiyacım yoxdur. ALLAH məni o günlərdən qorusun. Mətləbdən uzaqlaşmayım, bu gün həmən səviyyəli qəzetin, qəzetlərdən birinin bağlanmaq qorxusu var. Digər mətbu orqanları səviyyəsiz, kimlərisə savadsız adlandırmaqdan çox uzağam. Ancaq mənə görə «Ayna»nın öz yeri vardı. Yox, yanlış yazdım. Hələlik o qəzet haqqında keçmiş zamanda danışmaq tezdir. Elə mən də bu yazımı «Ayna»üçün yazıram. Ümid edirəm ki, məsul şəxslər düzgün qərar qəbul edəcək, qəzetin çapının heç olmasa həftədə bir dəfə reallaşmasını saxlaya biləcəklər.
…Nənəmin aynası yumru idi, dairəvi. Nədənsə evə masa alanda dairəvi masa almağı məsləhət görürdü. Səbəbini soruşanda deyirdi ki, dairəvi masada yuxarı, aşağı baş olmur. Hər kəs masa arxasında eyni səviyyədə əyləşmiş olur. Bizim «Ayna» da beləcə «dairəvi»dir. Mən o (bu) qəzetdə bu günə qədər nə şər gördüm, nə də böhtan. Hər kəsə eyni dərəcədə önəm verib «Ayna», lap dəyirmi masa arxasında yerləşdirilən kimi. Yalandan uzaq olduğu kimi, məddahlıqdan da uzaq durub bu qəzet. Sadəcə hər kəs fikrini etik normalar çərçivəsində yazmaqda sərbəst olub. Şəxsən mənim yazılarımda bu günə qədər bir vergülün yerini belə dəyişməmişdilər, necə yazmışdım, elə də qəzetdə getmişdi.
Dədə-babalardan aynanın sınması uğursuzluq hesab edilib. Odur ki, «Ayna»nı sındırmağa çalışmayın. Bilirsiz ki, ayna da polad kimi əyilmir, sınır. Poladdan fərqli olaraq isə ayna sındıqda ətrafa səpələnir və sən özünü aynanın qırıqlarında belə görə bilirsən. Ancaq bu dəfə özünə çəki-düzən vermən üçün yetərli ölçüdə olmur ayna. Sındırmayın «Ayna»nı. Sonra birləşdirmək çətin olar. Hələlik soyuqdan (oxu, soyuq münasibətdən) çatlamaq üzrədir «Ayna», bir qədər havanın «isinməsi» yetərlidir «sınmaması» üçün. Sındırmayın «Ayna»nı. Yoxsa, şair demiş, sınsa min yerə düşəsidir, sındıranın gözünü deşəsidir…
P.S. Sabah məktəbdə imtahanım var, mənsə oturub bu yazını yazdım. «Ayna» da imtahan qarşısındadır bu həyat məktəbində. Mənim imtahan verəcəyim müəllimlər obyektivdirlər, sabaha kimi hazırlaşmalı da olsam, imtahanımı verəcəyimi düşünürəm. «Ayna»nı imtahan edənlər kimlərdir, bilmirəm. Ancaq inanıram ki, Elçin İsmayıl oğlu Şıxlı bizim hamımızı, «Ayna»ya yazanları, onu sevənləri bu imtahandan çıxarmağı bacaracaq. Təbii ki, «imtahan» obyektiv olarsa…
[email protected]