Muəllif:

Qarabağı bizim işbazların birinə versələr…

Niderland
«Bəy baban, nökər babamdan danışınca, özümdən, özündən danış» — bu misalı bilməyən olmaz hər halda. Vaxtaşırı tarixdən danışır, Babəkdən, Xətaidən və daha kimlərdən misallar gətiririk. Son vaxtlar isə tarixi şəxsiyyətlərimizə belə çamur atmağa başlamışıq. Ancaq mən bu dəfə bunlara toxunmayacam. Düşünürəm ki, belə hallarda tarixçilər danışmalı, onlar cavab verməlidirlər. Necə deyərlər, hərə öz işi ilə məşğul olsa, daha yaxşı nəticələr əldə edərik. Sadəcə, bir fikrimi qeyd etmək istəyirəm ki, məncə, tarixi şəxsiyyətlərimizlə bağlı bir qədər ehtiyatlı danışmalıyıq, hər halda bu millətin istinad edəcəyi kimlərsə olmalıdır. Ancaq saxta qəhrəmanlar da yaratmağın tərəfdarı deyiləm.
«Biz kimik?» — bu sualı tez-tez verirəm özümə, xüsusən son zamanlar. Bir qədər dinimizlə bağlı. «Müsəlmanıq» — deyirik. Ancaq biz necə müsəlmanıq? Dinimizi bilirikmi? Məncə, yox. İslam dinini elə günə qoyublar ki, Avropada dinimizin adı çəkiləndə çox vaxt terror düşünür insanlar. Bu barədə yazacam, yenə də növbəti yazıların birində. Dinimizin bizə önərdiyi ən başlıca məqamlardan biri təhsildir ki, təhsilimiz göz önündədir. Dinimizin sevmədiyi, yumşaq desək, məsələlərdən biri də kimisə, nəyisə bütləşdirməkdir. Biz isə sanki bütsüz yaşaya bilmir, hər vaxt yeni bütlər yaradırıq. O qədər ifrata gedirik ki, az qalırıq bütləşdirdiyimiz insanlara insanı qurban deyək. Yox, az qalmırıq, deyirik də. Azmı eşitmişik ki, kimsə özünü kimlərəsə qurban deyir, «ömrüm sənə qurban»- deyə yaltaqcasına irişir. Bir tərəfli olmasın deyə, bir şeyi qeyd etməyi də özümə borc bilirəm. Dediyim hal tək iqtidar düşərgəsində deyil, müxalifətdə də baş verir. Müxalifət tərəfdarları da öz liderlərinə elə sözlər deyir, elə təriflər qoşurlar ki, söz tapmırsan deməyə. Bir sözlə, onların da öz «bütləri» var. Təbii ki, yazdıqlarım hər kəsə aid deyil. Bundan başqa, spirtli içkilər içirik (iki il öncəyə kimi mən özüm də içirdim), yalan danışır, qeybət edirik, nələr etmirik ki? Ancaq mənə maraqlıdır, bütün bunlar dinimizə görə düzgünmüdür? Mən bilmirəm, dinşünaslar cavab versin.
«Biz türkük» — deyirik. Harda yazılıb bizim Türk olmağımız? Çox qəribədir, Azərbaycanda yaşayan heç bir xalq öz kimliyini deməkdən çəkinmir. Əslində mən buna sevinirəm, bu, belə də olmalıdır. Azərbaycan hamımızın vətənidir, orda yaşayan bütün xalqların. Ancaq biz türklər özümüzə Türk deməyə ehtiyat edirik. Səbəb kimi də onu göstəririk ki, kiminsə xətrinə dəyər. Azərbaycanı qoy bir kənara, bir azdan Türkiyədə belə kimlikdən Türk yazısı çıxarılacaq. Bunu İstanbulda olan zaman söhbət etdiyim AKP-li millət vəkili İdris Bal da təsdiq etdi. AKP-lilər hər bir halda belə bir qərarın verilməsində israrlıdır. Ancaq indi Azərbaycandan danşırıq. Biz Türkmüyük? Hər kəs ayrı-ayrılıqda özünün Türk olduğunu deyə bilər. Mən də Türk olduğumu deyirəm. Deməklə iş bitirmi?
«Biz qəhrəman xalqıq» — deyirik. Doğrudanmı qəhrəmanıq? Rusiya Zaqafqaziyanı işğal etdikdən sonra nə erməni, nə gürcü soyadının sonluğunu dəyişdi, biz isə dəyişdik! (Mən də yazımın sonuna Abbasov imzasını qoyacam. Soyadımın sonluğunu milliyyətimin adı ilə birlikdə dəyişəcəm.) Əlifbamızı neçə dəfə dəyişdik, yaxud da bizdən başqa kim əlifbasını dəyişdi? Hər dəfə əlifba dəyişikliyi nə qədər savadsızlar ordusu yaratdı, tariximizin izləri bizdən bir qədər də uzaqlaşdı və s. bunlar başqa mövzuluqdur. Yuxarıda qeyd etdiyim kimi, milli mənsubiyyətimizi ölkəmizin adı ilə bağladıq, «Azərbaycanlı» deyə. Babalarımızın həqiqətən qəhrəmanlıqla qoruyub bizlərə ötürdükləri torpaqlarımızı «səxavətlə» qonşulara payladıq:»Biz qəlbi açıq millətik» — dedik. Tək bir fakta baxsaq, kifayətdir ki, Azərbaycan Sovet İttifaqına daxil olanda 111.6 min kv.km ərazimizdən, sovetlər birliyi dağılanda cəmi 86.6 min.kv. km qalmışdı. İndi isə 20%-dən artıq torpaqlarımız işğalda və biz ATƏT-dən, daha haralardan imdad gözləyirik (yadıma biədəb bir lətifə düşdü, maraq edənlərə özəl mesajla yazaram). Tək bu məsələdə deyil, bütün məsələlərdə kimdənsə kömək gözləməyə adət etmişik, kömək dilənirik. İstər demokratiya, söz azadlığı, istərsə də digər sahələrdə. Hələ də anlamırıq, yaxud da anlamaq istəmirik ki, kimsə bizə torpaqlarımızı qaytarmayacaq, kimsə bizə demokratiya «hədiyyə» etməyəcək! Bir qonşu digərinin həyətinə bir metr girsə, polis-filan gözləmərik, yerindəcə özümüz «həll» edərik. Lazım gəlsə (belə halda «lazım» tez gəlir) qonşunun baş-gözünü də yararıq. Bəs necə, qonşunun nə ixtiyarı var ki, bizim həyətimizə girsin! O ki qaldı ermənilərin ölkəmizi işğalına, ölkəmiz hamımızındır. Hamımızın olunca isə, heç birimizin olmur. Biz şərikli malı sevmirik. Qarabağı bizim işbazların birinə versələr, görün orda nələr baş verir, muzeyə qoymağa belə erməni tapa bilməzsiniz Qarabağda.
Niderland ərazicə bizdən iki dəfə balacadır, əhalisi isə bizdəkindən iki dəfə çoxdur. Niderland vaxtı ilə bir çox yerləri işğal edib, koloniyasına çevirib. Bu gün belə Niderlanddan minlərcə km. aralıda koloniyaları var bu ölkənin. Niderlandlılar qəhrəman deyillər, özlərini belə adlandırmağa cəhd belə etmirlər. Söz düşəndə babalarının başqa ölkələri işğal etmələrinə görə bəzən xəcalət çəkdiklərini deyirlər. Bəzi ölkələrə müstəqillik belə veriblər. Bir çoxları isə bu gün belə koloniyaları olaraq qalır. Həm də niderlandlılar «kafir»dilər, bizlər hətta bunlara lağ edərək «homo» — belə deyirik. Elə bil ki, burdakıların hamısı homodur. Biz axı lağlağı etməyi sevən millətik…
Nədənsə yadıma bir vaxtlar Molla Nəsrəddin jurnalından oxuduğum bir şey düşdü. Deyəsən belə idi:»Müsəlmanın politika söhbəti». Söhbət isə təxminən belə idi:»A kişi, bizim padşah bütün padşahlardan güclüdür»…
P.S. Bir daha qeyd etmək istəyirəm ki, yazı bütövlükdə millətimizə aid deyil. Bu vətən uğrunda yetərincə vuruşan, şəhid olan insanlarımız olub. Bu gün də vuruşmağa hazır insanlarımız var. Vətənimiz uğrunda vuruşanların, vuruşmağa hazır olanların özlərinin, şəhidlərimizin isə ruhlarının önündə baş əyirəm. Zatən onlara görə mövcuddur bu Azərbaycanımız.
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 210