Oxusa idik…
Niderland
Niderlandın ərazisi (37.354 kv.km) Azərbaycandan təxminən iki dəfə balaca, əhalisi isə təxminən (16.805.037 nəfər) iki dəfə artıqdır. Ərazisinin 18%-i isə sudan ibarətdir. Ancaq bu ölkədə evi olmayan, küçədə qalan görsəniz, deməli, «günah onun özündədir». Səbəbini isə çox sadə izah etmək olar. Bəli, burda özəl evlər çoxluq təşkil etmir, insanların əksəri kirayə evlərdə qalırlar. Ancaq əgər işin yoxdursa, bələdiyyənin sənə ayırdığı sosial yardımla ev kirayəsini də rahatlıqla verə, üstəlik bir ay adi qaydada yaşaya bilərsən. Bütün bunlar ayrıca bir mövzuluqdur. Bəs nə səbəbə Niderland belədir? Necə olur, bu ölkədə insanlar tam demokratik, azad bir şəraitdə yaşayırlar? Necə olur ki, buranın təqaüdçüsünün bir aylıq təqaüdü azərbaycanlı yaşıdlarının hardasa bir illik təqaüdünə bərabərdir? Necə olur, hə? Bu sualların sayını çoxaltmaq da mümkündür. Sadəcə, mənə görə, bütün bunların başında təhsil dayanır. Bunlar təhsil almağa, kitab oxumağa meyilli millətdir. Bu dəfə orta və ali təhsildən deyil, oxumaqdan, kitab və qəzet oxumaqdan yazıram. Ancaq yazacaqlarım havadan deyil, müşahidələrim və konkret statistika əsasındadır.
Niderland 12 əyalətdən ibarətdir. Bu ölkədə 170 ictimai kitabxana fəaliyyət göstərir (yeri gəlmişkən, Niderlandın Limurg əyalətinin ən böyük kitabxanasında həmyerlilərimiz — «Vahid Bölünməz Demokratik Azərbaycan Uğrunda Birlik Cəmiyyəti»nin sədri İradə Uluxanlı və sədr müavini Selman Qasımovun təşəbbüsü ilə ayrıca Azərbaycan guşəsi fəaliyyətdədir ki, bunlar barədə ayrıca yazmaq fikrim var). Hesablayın, hər əyalətə neçəsi düşür. Bura səyyar kitabxanalar, məktəb kitabxanaları və s. daxil deyil. Məsələn, ölkə üzrə 1000-dən artıq səyyar kitabxana var. İctimai kitabxanalara gəlincə, burda kitabdan tutmuş jurnala qədər, cd-lər, dvd-lər və s. tapa bilərsən. Bütün kitabxanalarda internetə qoşulmuş kompüterlər var ki, bir çox yerdə bu xidmətdən pulsuz yararlanmaq mümkündür. Bir şeyi də etiraf etmək lazımdır ki, son vaxtlar burda da insanlarda kitab oxumağa maraq azalıb. Əgər 2000-2005-ci illərə baxsaq, kitabxanaya daimi müştəri kimi yazılanların sayının kəskin azaldığı müşahidə edilir — 4,31 milyondan 4,04 milyona. Sonrakı illərdə isə bu rəqəm daha da azalmağa doğru gedib. Ümumilikdə niderlandlıların 24,1%-i (2011-ci ilin statistikası) kitabxana abunəçisidir. Bu rəqəmlər yaşı 18-dən yuxarı olanlara aiddir. Bu yaşa qədər olan uşaqlar və yeniyetmələrin isə 55%-i kitabxanaların xidmətindən istifadə edir. Rəqəmlərin sayını çoxaldıb buranı statistika idarəsinin səhifəsinə bənzətmək fikrində deyiləm. Sadəcə, bir daha qeyd etmək istəyirəm ki, bu rəqəmlər azalmış oxucuları özündə əks etdirən rəqəmlərdir. Görəsən bizdə əhalinin neçə faizi kitabxanaların yolunu tanıyır? Ümumiyyətlə, bizdə kitabxanaların sayı nə qədərdir? Bəlkə də kəndlərimizin bir çoxunda insanlar bu sözün mənasını unudub. Bunu müşahidə etmək o qədər də çətin deyil. Sadəcə, sosial şəbəkələrə, məsələlərə bəzi yanaşmalara, internet üzərindən dinlənilən musiqiyə (kimlərin daha çox izlənməsi, musiqi zövqü), televiziyalarımızda gedən bir çox verilişlərə, bəzi saytlardakı yazıların altında yazılan bir çox şərhlərə və s. baxmaq kifayət edir. Bəs qəzet oxuyanlarımız necə, varmı? Bax elə mənim bu yazdıqlarımı neçə nəfərin oxuyacağı da maraqlıdır mənə. Qəzetlərimizin tirajı nə qədərdir? Mən hələ satışdan geri qayıdanları demirəm.
Daha bir rəqəm göstərməli olacam. Niderlandın nüfuzlu qəzetlərindən biri olan «Telegraf» bu il 50 000 abunəçi itirib. Təsəvvür edirsiz bu nə deməkdir? Azərbaycanda çıxan bütün qəzet, jurnal və s. sayını bir yerə yığsan, bu qədər olarmı?
Yazını burda bitirmək istəyirəm. Hərçənd, yazı mənim özümə belə bitməmiş təsiri bağışlayır. Ancaq, sadəcə, söz tapmaq müşkülə dönür bu faktlardan sonra. Oxumuruq, sonra da deyirik ki, biz nə üçün beləyik. Oxumuruq, sonra da ölkədə demokratiya qurmaq istəyirik. Oxusa idik, çoxdan həll etmişdik bu məsələni. Oxusa idik görərdik ki, Peyğəmbərimiz valideynləri, Vətəni nə qədər uca tutur. Oxusa idik, vətənimiz bu halda ikən başqa ölkədə vuruşmazdıq. Oxumuruq. Oxusa idik, özümüz özümüzü aldatmazdıq «bizdə hər şey əladır» — deyə. Oxusa idik, ən azından nəyin səhv, nəyin düz olduğunu bilərdik. Bir sözlə, oxusa idik, bu gündə: torpaqları işğalda, insanları başqa ölkələrdə və s. olmazdıq.
Yox, biz də oxuyuruq. Sadəcə, kitab deyil, mahnı oxuyuruq. Ölkənin yarıdan çoxu «oxuyan»dır. Siyasətçilərimizin də əksəriyyəti oxuyur, onlar isə millətə, necə deyərlər, «moral» oxuyurlar. Mən də sizə «qəzəl» oxumayım, yazımı burda bitirim. Gəlin birlikdə bütün oxumaqları bir kənara atıb, kitab, elm oxuyaq. İnanın ki, onda hər şey daha fərqli olacaq.
P.S. Təbii ki, bu yazı ayrı-ayrı adamlara aid deyil. Mən ümumi mənzərəyə öz subyektiv baxışımı bildirdim. Həm də təklif edərdim ki, bir-birimizə hədiyyə vermək istəyəndə kitab hədiyyə edək. Məsələn, mən hazırda Ankara Universitetinin doktorantı, dostumuz Zaur Şükürovun mənə hədiyyə olaraq aldığı kitabı oxumaq üçün günlərimi sayıram. Hələ balaca olanda atamdan da xahiş etmişdim ki, mənə ad günlərimdə və s. hədiyyə olaraq kitab bağışlasın. O da bunu edirdi. Doğrudur, kitabı vərəqləyəndə arasından müəyyən məbləğdə pul da «tapırdım» ki, bu da kitabın dəyərini mənim üçün bir qədər də artırırdı. Ancaq, sadəcə, artırırdı, kitabı qiymətə mindirmirdi. Kitab özü-özlüyündə dəyərlidir…
P.S.S. Müsəlman ölkələrinə baxın. Oxumamağın, təhsilsizliyin ucbatından görün nə gündədirlər. Savadsızlıq atom bombasından da təhlükəlidir. Həmən «bomba»nı atıblar müsəlman ölkələrinə. Bu barədə gələn yazılarımın birində mütləq söz açmaq fikrim var. Əgər sizlər oxumağa söz verirsinizsə…
[email protected]