Ölkəmə dönmək, orda yaşamaq…
Bir həmyerlimizi (ailəsindən icazə almadığım üçün adını yazmıram) də itirdik Niderlandda. Bu günlərdə bir həmyerlimizi də yad torpaqlarda dəfn etdik. Qəriblikdə keçən hər günün insana (əksəriyyətə) bir il qədər uzun görsəndiyini nəzərə alsaq, rəhmətlik «çox» yaşadı bu dünyada. On ildən də artıq bir müddət idi burada yaşama izni gözləyirdi müvafiq təşkilatlardan. Dünyasını dəyişməzdən bir qədər öncə neçə illərdir gözlədiyi Niderlandda yaşama izni gəldi. Ancaq Tanrı ona yaşamağa izn vermədi… Qəriblik asan deyil, bunu sübut etməyə ehtiyac yoxdur. Ölkəmizdə yaşayan tanışlarıma belə deyəndə cavablar təxminən eyni olur: «Sən orda, biz isə vətənimizdə qəribik.» Mən başa düşdüm. Ancaq onların qərib olmalarının sirri nədir? Vətəndə qəriblik hiss etmək daha acınacaqlıdır.
Bir dəfə də yazmışdım ki, hərəmiz bir səbəbdən çıxmışıq ölkədən. Qürbətdə neçə illər yaşamandan asılı olmayaraq həmişə qəribsən. Adı üstündə: qürbət. Yerli dili bilmən, əlaqələr qurman vəziyyətini bir qədər yumşalda bilər, sadəcə, yumşalda. Nə qədər tolerant ölkədə yaşasan belə, vaxtaşırı üzərində qəzəbli baxışlar hiss edirsən. Əksər vaxtlarda adi baxışlar belə sənə başqa cür görsənir. Öz millətinə qarşı belə kobud olan birinin sənə qarşı ən yüngül kobudluğunu sən özünün gəlmə olmanla əlaqələndirirsən. Bir sözlə, heç vaxt öz evində deyilsən, heç vaxt özünü tam olaraq yerli hiss edə bilmirsən. Sadəcə, özünü evdəki kimi göstərməyə çalışa bilərsən…
Nə üçün məmləkətimizdə yer yoxdur hər kəsə? Nə üçün insanlarımız başqa ölkələrə üz tutmalıdır? Nə üçün başqa məmləkətlərdə torpağa qarışmalıyıq? Nə üçün gələcəkdə övladlarımız bu torpaqları özlərinə ata yurdu bilməlidir? Suallar çoxdur. Bütün bunların cavabını bilən varmı? «Səni kim qovdu? Nə üçün öz ölkəndə yaşamadın?» — deyə suallar ünvanlayan çox ola bilər və ünvanlayacaqlar da. Ancaq məsələ tək məndə deyil axı. Ölkəni tərk edənlərin heç biri səbəbsiz tərk etməyib. Bizim millət (çoxluq) doğulduğu yerə bağlı bir millətdir. Bir var insan könüllü olaraq başqa bir ölkədə yaşamağa, öz həyat tərzini dəyişməyə həvəsli olur və emiqrasiya edir. Bu artıq hər kəsin öz seçimidir və kimsə bu seçimə qarışa bilməz. Ancaq bizim kəndlərimiz heç nədən, könüllü boşalmır…
«Bura nə üçün gəlmisən?» — yuxarıda da işlətdiyim bu səfeh sualı bir müddət öncə Niderlandda görüşdüyüm bir məmur da mənə ünvanladı. Bununla kifayətlənməyib: «sənin burda evin, işin var? «Hə»- desən belə inanmaram. Hamınız burda kirayə evlərdə qalırsız, qiyməti də baha. Mənim Avropada bir neçə evim var, ona görə də bilirəm Avropanın qaydalarını…»deyə fasilə vermədən uzun bir nitq söylədi. «Düzdür, mən burada kirayədə qalıram, əksər niderlandlılar kimi. Bütün bunlar öz yerində. Mən səndən soruşuram sən Avropadakı evlərini hansı pullara almısan? Mənim burda olma səbəbinə gəlincə, sənin kimi məmurların Avropada ev almaq eşqi ilə sadə insanların başına açdıqları oyunlar ucbatından burdayıq», — deyə bildim. Unudubsa, «demədi» — deyə düşünürsə, burdan bir daha deyirəm.
Kimlərsə keflə yaşamaq həvəsinə millətə zülm edəcək, adi arayışı belə pulla satacaq, kimlərsə xaricdə yaşayacaq. Yox, yaşamayacaq, öləcək. Yaşayanda deyil, öləndə ətrafdakılara hiss etdirirsən qəribliyi. Mənə görə qəribçilikdə yaşamaq asan deyil. Yaradan bütün dünyasını dəyişənlərə, eləcə də bu günlərdə Niderlandda dünyasını dəyişən həmyerlimizə rəhmət etsin. Özümə gəlincə, T.Şevçenko sayağı:
«Mən öləndə məni basdırarsınız Yüksək bir təpədə, bir dağ başında. Elə bir yerdə ki, görünsün yalnız O gözəl Ukrayna (oxu: Azərbaycan), onun daşında…», — demək istərdim. Ancaq yadıma düşdü ki, Niderlandda dağ yoxdur. Odur ki, ölkəmə dönmək, orda yaşamaq, orda ölmək (ALLAH hər birimizə uzun ömür versin), orda torpağa tapşırılmaq istərdim və dönəcəyəm də…
P.S. Bu mövzuda uzun-uzadı yazmaq, faktlar göstərmək olardı. Ehtiyac hiss etmədim. «Görünən dağa bələdçilik etmək» eşqinə düşmək istəmədim. İndi Azərbaycanda elə bir nəsil tapmaq olmaz ki, kimisə ölkədən kənarda yaşamasın. Hər kəs bu mövzuda məlumatlıdır. Kaş ki, məlumatsız olaydıq…
[email protected]