Oğlumla söhbət
Niderland
Biz Niderlanda köçəndə oğlumun 6, qızımın isə 8 yaşı vardı. Aradan 5 il keçib. Hələ Azərbaycanda olanda həftədə ən azından bir dəfə ailəmə, övladlarıma vaxt ayırmağa çalışırdım. Bura gəldiyim ilk illərdə isə məndə vaxtdan çox heç nə yox idi. Bunun da nəticəsi olaraq övladlarıma daha çox vaxt sərf edirdim. Deyim ki, burdakı ilk illərim heç də asan olmadı (heç indi də asan hesab eləmirəm, qəribçilik asan ola bilməz). Oğlumu çiyinlərimdə neçə km yolu piyada məktəbə, dükan-bazara aparıb-gətirməli olurdum. Şükür ki, sağlam uşaqdır, sadəcə, çox məsafəni gəzməyə tənbəllik edirdi. Bunlar bir yana, ilk vaxtlar saatlarla məktəbin qarşısında, isti-soyuq bilmədən, uşaqları gözləyirdim. Qərib bir məmləkətdə ehtiyat edirdilər uşaqlar. Düzü, mən də onları məktəbdə tək qoymaq istəmirdim. Çox vaxt isə uşaqların əllərindən tutur, sonralar isə velosipedlə, min dəfə gəzdiyimiz yerləri təkrar gəzməyə çıxırdıq. Bir gün yenə də oğlumla gəzməyə çıxmışdıq. Balaca əlləri əlimdə üşüdüyündən mənim cibimə salmışdı əllərini. O zaman mən ona dedim ki, oğlum, çalış ki, əlin öz və bir də atanın cibindən başqa kiminsə cibinə girməsin. Heç bir halda özünü kiminsə cibində «isitmə». «Atanın əlləri hər vaxt ancaq öz cibində olub». Təbii ki, oğlum dediyim sözlərin sətiraltı mənasını dərk etmədi. Ancaq əlini sakitcə mənim cibimdən çıxardı…
Bir gün mən, oğlum və bir həmyerlimiz birlikdə şəhərə çıxmış və orda çoxmərtəbəli bir ticarət mərkəzinə girmişdik. Eskalatorla bir qədər yuxarı mərtəbəyə qalxdıq və həmyerlim yuxarıdan aşağıda, birinci mərtəbədəki kafedə, oturan insanlara baxıb mənə dedi: «Adam az qalır burdan aşağı tüpürsün». Oğlum çox qəribə baxışla mənə baxaraq:»Ata, adam həmişəmi yuxarıda olanda aşağıdakılara tüpürmək istəyir?» — deyə soruşdu…
Burda lotereya oynamağa başlamışam. Hər ay bir lotereya alıram. Cek-pot mənə düşsə, milyonlar udacağım şübhəsizdir. Nə edim, bu da bir cəhddir. Öncələr hər həftə, ondan bir qədər əvvəl isə hər gün alırdım. Həm də bir dənə yox, uduzduqca alırdım. Bir gün ard-arda ona yaxın lotereya aldım və bir də gördüm ki, oğlum ağlayır. Soruşdum ki, nə üçün ağlayırsan? Ağlaya-ağlaya: «Sən bizi dilənçi edəcəksən? Bu lotereyaya verdiyin pulları yığsa idin, nə qədər pulumuz olardı. Nə qədər belə edəcəksən? Bu pullar axı tək sənin deyil. Dövlətin ailəmizə ayırdığı pullarda bizim də haqqımız var. Gərək acından birtəhər olaq?» Gülmək tutmuşdu məni. Ancaq uşaq haqlı idi, mən onlara ayrılmış pulları da xərcləyirdim. Həm də, deyəsən, oğluma Avropanın havası təsir etmişdi, haqqını tələb edirdi. O vaxtdan azaltdım lotereyaya pul xərcləməyi. Ancaq yuxarıda da qeyd etdiyim kimi, ayda bir dəfə lotereya alır və hər dəfə də milyonların mənə düşəcəyinə ümid edirəm.
Bu yaxınlarda oğlumdan soruşdum ki, birdən lotereyamız düşdü, neylərsən? Hara xərclərsən o pulları? Yaxın ətrafda olan insanlaramı verərsən? Bir az düşündü oğlum. Sonra:»Yox, vermərəm. Xərcləyib qurtarıb, yenə istəyəcəklər. Mən biznes yaradar, onların da hamısını işə götürüb yüksək maaş verərəm. Hələ biznesdən gələn pulla məhəlləmizdə də işlər görərəm», — dedi. Yenə də Avropa havasının təsiridir hər halda…
Uzanmışdım divanda, oğlum da adəti üzrə sinəmə dırmaşmışdı. «Ata, elə həmişə danlayırsan ki, Azərbaycan sözlərini bəzən unuduram. Gəl indi bəzi sözləri yadıma salım», — dedi və əlini soyuducuya tərəf uzadıb: «Bax, onun adı «xaladelnik»dir («xolodilnik»i belə tələffüz etdi və indən belə ancaq onun tələffüz etdiyi kimi yazacam)» — dedi. «Yox, oğlum, onun adı soyuducudur» — deyincə, mat-məəttəl üzümə baxdı. Ancaq: «Hə, oğlum, sən dediyin rus sözüdür, sadəcə, dilimizə daxil olub», — deyə bildirdim. Sonra isə tavana işarə edərək «patalok,» masaya baxaraq «stol,» qələmi göstərib «ruçka,» ondan sonra əlavə olaraq «marojna,» «varatnik,» «saroçka» və s. onlarla bu kimi sözlər işlətdi. Həqiqətən tutulub qalmışdım. Sadəcə, onu deyə bildim ki, oğlum, bunlar hamısı rus sözləridir və onların dilimizdəki qarşılığı da bunlardır və onların dilimizdəki adını yazdım oğluma. Oğlum isə haqlı olaraq mənə dedi ki, ata, belə çıxır ki, sən indiyə qədər mənə Azərbaycan yox, rus sözlərini öyrətmisən. Özün dilimizi düzgün danış ki, biz də səndən öyrənək. Uşaq haqlı deyildimi?
Yadıma bir vaxtlar eşitdiyim bir əhvalat düşdü. Bilmirəm ki, həqiqətən olubmu bu əhvalat, yoxsa bunu da uydurmuşdular. Eşitmişdim ki, bir dəfə Milli Məclisin iclasında deputatlardan biri alovlu-alovlu dilimizə hörmət etməli olmağımızdan danışıb və təxminən bir neçə dəqiqəlik çıxışdan sonra: «Tak çto, gəlin dilimizin təmizliyi uğrunda mübarizə aparaq» — deyə çıxışına son qoyubmuş…
Şərhsiz yazacağımı desəm də, bəzi qısa şərhlər vermiş oldum. Verməsəydim də, olmurdu. Ancaq bir daha, özü də tam səmimi qeyd edirəm ki, bütün bunlar oğlumla aramızda olan söhbətlərdəndir. Əgər yenə də söhbətlərimizdən yadıma düşən olsa, yaxud maraqlı söhbətimiz alınsa, sizinlə bölüşəcəm…
[email protected]
Aynanın yeni köşə rubrikasından.