Niderlandda peşə sahibləri üçün xüsusi evlər tikilmir
Niderland
Bir müddət öncə mətbuatdan oxudum ki, jurnalistlərə ev tikilir (yaxud da tikilib). Bu isə sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu. Hər kəs haqlı olaraq ona ev verilib-verilməyəcəyinə maraq edirdi. Ancaq yanlış qeyd etdim, heç də hər kəs haqlı deyildi. Hətta evi olanlar belə ev almaq həvəsində idi və böyük ehtimalla bu həvəsləri qalmaqdadır.
Kimsə düşünməsin ki, bunları yazmaqla mən də tikilən binada mənzillərin birinə iddialıyam. Qətiyyən. Şükür, evim-eşiyim yerində durur. Çox istərdim ki, bölgü ədalətli aparılsın, mənzil ehtiyacı olanlar sevinsin bu bölgüdən.
Ümumiyyətlə, bu cür yazılara çox rast gəlirəm mətbuatımızda. Gah gənc alimlərə, gah da digər peşə, sənət sahiblərinə evlər tikilir. Bütün bunlar yaxşı haldır. Ancaq bu ilk baxışda belə görsənir. Nə üçün ev gənc jurnalistə, alimə (bir daha deyirəm ki, hələ bölgü düzgün aparılsa) və s. verilməlidir? Məgər, başqa peşə sahibinə, yaxud işsizə, fəhləyə ev lazım deyil? Axı hamı insandır. Axı hamının evə tələbatı ola bilər.
Niderlandda (elə bilirəm ki, Avropanın əksər ölkələrində) hansısa peşə sahibləri üçün xüsusi evlər tikilmir. Buna ehtiyac da yoxdur. Bu ölkədə evsiz adama rast gəlmək mümkün deyil. Olanlar da öz səhvləri ucbatından evsiz qalırlar. Bəs necə olur ki, bu ölkədə, deyək ki, jurnalistlərə bina tikmirlər? Jurnalistlərin hörmətimi yoxdur Niderlandda? Deməzdim. Bu ölkədə bir jurnalistin aylıq əmək haqqı təxminən 1700-5400 avro arasında dəyişir. Əlbəttə ki, bundan az və yaxud çox qazanan da var. Burda qeyd etdiyim məbləğ adi bir jurnalistin qazandığıdır və aldığın təhsil, təcrübə əmək haqqına təsir edir. Bir daha qeyd etmək istəyirəm ki, Niderlandda hansısa ixtisas sahibinə ayrıca evlər tikmirlər. Bəs onda hər kəs evlə necə təmin olunur?
Çox sadə. Burda insanların əksəriyyəti, gəlmələrin çoxunun «bələdiyyə evləri» adlandırdıqları evlərdə yaşayırlar. Əslində bu evlərin bələdiyyəyə heç bir aidiyyatı yoxdur. Hər bələdiyyənin ərazisində «evlər idarəsi» deyilən bir idarə var. Bu idarə yerləşdiyi bələdiyyənin ərazisindən yeri ya icarəyə götürür, yaxud da alır və orda evlər tikir. Niderlandda milyonlarla belə evlər var. Daha sonra həmən evləri ehtiyacı olanlara kirayəyə verirlər. Ancaq hədsiz dərəcədə yüksək gəliri olan kimsənin bu evləri kirayə etmək hüququ yoxdur. Yalnız orta təbəqə və bir də gəliri aşağı olan insanlar üçün nəzərdə tutulub bu evlər. Əgər növbəyə yazılmısansa və növbən çatıbsa, müqavilə bağlaman üçün mütləq gəlirin haqqında deklarasiya (vergi idarəsindən) təqdim etməlisən. Kirə etdiyin evdə su kranından tutmuş istilik sisteminə qədər bir problem yaranarsa, evi kirayə etdiyin təşkilata zəng etmən kifayətdir, gəlib təmir edəcəklər. Yaşı 18-ə çatmış gənclər çox vaxt valideyinlərindən ayrılır və belə evlərin birini kirayəyə götürürlər. Bunun üçün kiməsə rüşvət vermək, özünü növbədə qabağa salmaq və s. bu kimi adət etdiyimiz hallar gərək deyil, niderlandlılar bunu etməzlər. Heç onlardan bunu istəyən də yoxdur. Sən kirayə haqqını vaxtında verirsənsə, kimsənin səni bu evdən çıxartmaq haqqı yoxdur. Kirayə haqları da təxminən 250-750 avro arasında dəyişir. Təbii ki, bəzən bir qədər artıq, yaxud az da ola bilər. Bu, evin sahəsindən, yerləşdiyi yerdən və s. asılı olaraq müəyyənləşdirilir. Məbləğ ilk baxışda çox görsənə bilər, əslində çoxdur da. Ancaq buranın qanununa görə, əhalinin gəliri az olan hissəsinə vergi idarəsi onun ödədiyi kirayə haqqının bir hissəsini (gəlirdən asılı olaraq) geri ödəyir. Təəccüblənməyə dəyməz. Burda vergi idarəsi tək almır, necə deyərlər, həm də sənə pul verir. Bütün bunlar barədə ayrıca yazmaq fikrim var. Ev məsələsinə gəlincə, anladığınız kimi, eynən sovet sistemi kimidir. Sovetlər dönəmində bizdə də MİS (Mənzil İstismar İdarələri) var idi. İnsanlar işlədikləri idarələrin həmkarlarında ev növbəsinə dayanar və növbəsi çatanda ev alardılar. Ancaq fərqlər də çox idi. Ən önəmli fərq onda idi ki, rüşvət verənin növbəsi sürətlə «irəliləyirdi.» Bax, elə bu rüşvət olub hər zaman bizləri geri atan. Elə indi də belədir. Rüşvətin olmaması üçün qanunların işləməsi lazımdır. Qanunlar işləyərsə, hər kəs işlədiyinin haqqını alacaq. Qanunlar işləyərsə, iş yerləri çox olacaq. Qanunlar işləyərsə, demokratiya olacaq. Qanunlar işləyəcəksə, seçkilər də demokratik olacaq. Qanunlar işləyərsə, evsiz adam olmayacaq…
[email protected]
Aynanın yeni köşə rubrikasından.