Niderland Qara Pitin məsələsini həll etdi
Niderland
Hər il dekabrın 5-i Sinterklaas günüdür Niderlandda. Onu bəzən Sint-Nikolaas da adlandırırlar. Bu bayram tək Niderlandda deyil, dünyanın bir çox ölkəcində qeyd olunur. Sint-Nikolaasın əsl adı Ninos Laosdur ki, sonradan indiki kimi çağrılmağa başlanıb. Deyilənə görə, Sint-Nikolaas indiki Türkiyə ərazisində dünyaya gəlib. Sint-Nikolaas barədə uzun-uzadı yazmayacam, sadəcə, onu qeyd edim ki, onun yanında bir də köməkçisi (nökəri), hərfi tərcümədə adı Qara Pit olan Zwarte Piet (mən elə bundan sonra Qara Pit yazacam) olur. Yeri gəlmişkən, bəzən düşünürük ki, yalnız biz lazımsız məsələləri müzakirə etməklə məşğuluq. Halbuki belə hadisələr dünyanın bütün ölkələrində baş verir. Məsələn, barəsində söz açdığım Qara Pit obrazını yığışdırmaq istəyirdilər Sinterklaas günündən. Bu hətta dövlət səviyyəsində müzakirəyə belə çıxarılmışdı. Səbəbi isə çox sadə idi, bir çoxları düşünürdülər ki, bu obrazla qaradərili insanlara qarşı diskriminasiya (ayrımçılıq) edilir. Ancaq sonradan, mənə görə, sərsəm olan bu fikirdən vaz keçdilər, Qara Pit gəlməkdə davam edəcək.
Mətləbdən uzaqlaşmayım, məqsədim nə Sinterklaasdan, nə də Qara Pitdən yazmaqdır. Uşaqlar hər il 5 dekabrı həvəslə gözləyirlər, bu gün onların günüdür. O gün onlar Sint-Klaasdan çoxlu hədiyyələr (əsasən konfet, peçenye və s.) alır, deyib-gülür, mahnı oxuyur, rəqs edir, şənlənirlər. Bu gün onların günü olur…
Bundan bir qədər sonra isə, dekabrın sonlarında yeni ili qarşılamağa hazırlaşırıq. Uzaq Niderlandda bu bayramın necə keçirilməsindən söhbət açmayacam. Sovetlərdən qalma adətimizə nəzər salsaq, yetər. Biz də uşaq olanda Şaxta Babanın gəlişini, daha çox isə onun gətirəcəyi hədiyyələri səbirsizliklə gözləyirdik. «Gətirəcəyi» sözünü bilərəkdən dırnaqda yazmadım, çox sonradan bilirdik ki, hədiyyələrin parasını valideynlərimiz ödəyib. Bunu yalnız Şaxta Babanın Saxta Baba olduğunu anlayanda başa düşürdük. Məsələ bunda da deyil. Diqqət versək, görərik ki, burda da hədiyyə vermir, hədiyyə alırdıq və bu gün də belədir…
Bir müddətdən sonra isə bizim milli bayramımız, hamımızın səbirsizliklə gözlədiyimiz Novruz gəlir. Bu bayramda da uşaqlı-böyüklü hamımız sevinirik. Tonqallar qalanır, şəkərbura, paxlava və digər şirniyyatlar bişirilir («sosyetelər» və bişirməyi bacarmayanlar alırlar). Evlərdə bişən ləzzətli yeməklərin ətri ətrafa yayılır. Uşaqlar yumurta boyayır, döyüşdürür, bir sözlə, əylənirlər. Bu bayramda da uşaqlar hədiyyəsiz qalmırlar, evlərə atdıqları papaqlar geri içi dolu qaytarılır, necə deyərlər, xalq özü bir-birini «dolandırır». Bizim bayramımızın da personajları var: Kosa və Keçəl. Bax məsələ də elə bundadır. Bizim personajlar hədiyyə gətirməzlər, əksinə, hədiyyə istəyirlər. Hədiyyə almaq üçün də həm oxuyur, həm də oynayırlar. Bir sözlə, şou göstərirlər. Yağlı dillərini də işə salırlar hədiyyə əldə etmək üçün. Bir də təəccüb etdiyim şeylərdən biri də budur ki, digərlərinin bayram personajları saçlı-saqqallı, bizimkilər isə keçəl və kosa…
Bayramlarımızı, milli adət-ənənələrimizi kiçiltmək istəmirəm. Novruz hamımız kimi mənim də ən çox gözlədiyim, sevdiyim bayramlardandır. Təbiətin oyanmasından kim zövq almaz ki, mən də almayım? Sadəcə, düşünürəm ki, bəlkə bəzi məsələlərə də bir qədər düzəliş etsək, heç pis olmaz. Məsələn, hədiyyə istəyən Kosa və Keçəli tədricən, hiss etdirmədən hədiyyə verən Keçəl və Kosaya çevirmək olmazmı? Demirəm ki, hədiyyə verməyək, yox, qoy biz də onlara hədiyyə verək, amma onlar da bizə hədiyyə versinlər. Yəni aldıqları kimi verməyə də öyrənsinlər. Bəlkə bu, həm də bizim milli özəlliklərimizdə bir dəyişiklik olar, tək almarıq, həm də verən əlimiz olar. Necə baxırsız, bunu parlamentdə müzakirəyə çıxarmağa dəyərmi? Avropaya doğru getmirikmi? Niderland Qara Pitin məsələsini həll etdi. Gəlin biz də Keçəllə Kosanın məsələsini həll edək…
[email protected]