Muəllif:

Nənəmin səyahətləri

Niderland
Nənəmi çox istəyirdik, o da bizi çox istəyirdi (indi istəməsin). Qohum-əqrabanın bütün işlərinə əl atırdı nənəm. Bir gün Rusiyada yaşayan bir qohumun övladı oldu və ailə gənc olduğundan, atamdan soruşdular ki, nənəm gedib orda onlara kömək edə bilərmi? Nənəm elə bil atamdan bu sözü gözləyirdi, həmən razılaşdı. Atam nənəmə təyyarə bileti aldı. Yola hazırlıq görürdük ki, Pribaltikada yaşayan başqa bir qohum bizi aradı və təxminən eyni xahişi etdi. Atam dedi ki, yox, o, indi Rusiyaya gedir, ordan da Pribaltikaya gələ bilməz, yorular. Nənəm tez dedi: «Yorulmaram, a bala. Pulu qazanan, yəni sən yorulursan. Mənə nə var ki, bir müddət sonra ora gedərəm. Yorulmaram narahat olma. Əksinə, həm də dünyanı gəzmiş olaram.» Nənəm çox sözlər dedi. Yadımda qalan və bizə də lazım olan elə bunlar idi ki, burda qeyd etdim. Hardan yadıma düşdü nənəmin səyahətləri? Hər il olduğu kimi, bu il də Xocalı soyqırımı ərəfəsində bəzilərinin dünya səyahətləri başlamışdı. Bir gündə ən azı iki ölkədən şəkillər paylaşırdılar sosial şəbəkələrdə. Dövlətin puludur da, nə var o baş, bu başa uçub, özümüzünküləri, bir də uzaqbaşı Türkiyə türklərini yığıb eyni sözləri danışmağa. Elə də vətənpərvər görkəm alırlar ki! Necə ki, hələ də anlamıram, nənəm qohumlarımıza kömək etmək məqsədilə oralara getməyə razılıq verirdi, yoxsa istirahət etmək məqsədi ilə? Eləcə bunları da anlamıram, dünyanı gəzirlər, yoxsa doğrudan faciəmizi dünyaya anlatmaq istəyirlər? Hələ o vaxt, arada qohumlar yığışanda nənəmin sağlığına badə də qaldırar, necə qohumcanlı olmasından söhbət açardılar. Bu da rəhmətliyə ləzzət edirdi. Nənəmin nə vecinə idi ki? Atam alırdı da bileti. Pul hardan gəlirdi, bu, nənəm üçün o qədər də maraqlı deyildi. İndi də bəzi qəzetlər, saytlar bizim səyahətçilərdən yazır, tərifləyirlər və onların da bundan ləzzət aldığı açıq görsənir. Nə gedir dövlətdən gedir, bunlardan nə gedir ki!
Yox, bunlar Xocalını, Qarabağı və s. anlatmırlar dünyaya. Özümüzünkülərin qarşısında eyni «mahnını» ifa edirlər. Yoxsa…
Hörmət etdiyim bir jurnalist xanım bu günlərdə facebookdakı statusunda Xocalıda bir vaxtlar ölmüş hesab edilən, meyitlərin arasında qalan və sonradan həyata qayıdan uşaqdan yazıb. İndi həmən uşaq artıq gənc bir qızdır. Ancaq öz fikrini heç kimə izah edə bilməyəcək qədər savadsız bir qız. Həmkarım qeyd edib ki, biz onu tribunalarda danışa biləcək qədər yetişdirə bilmədik. Haqsızmıdır bu jurnalist xanım? Yox, çox haqlıdır! Deməli, biz özünüreklamla məşğuluq, yaxud da kimlərsə həqiqətlərimizin dünyaya çatdırılmasında maraqlı deyillər. Sadəcə görüntü yaradırlar. Yoxsa dünyaya bu qızın özündən yaxşı kim anlada bilərdi onun çəkdiklərini?! Bu qızla psixoloqlar işləməli, onu hazırlamalı idilər. Etdilərmi?!
Həqiqətlərimizi dünyaya çatdırmağa maraqlı olmayan qüvvələr var. Sübut da edərəm. Yazdıqlarımın özü də sübutdur əslində. Ancaq bir də onu qeyd edim ki, dəfələrlə yazmışam ki, burda görüşdüyüm siyasilərə həqiqətlərimizi çatdırmam üçün əlimdə heç bir material yoxdur. Kimin nə vecinə! Bunlar iş görənin yalvarmasınımı gözləyirlər? Onda çox gözləyəcəksiz! Yox, mən yalvarmayacam, heç xahiş də etməyəcəm! Ancaq sizin gözləməyə zamanınız qalacaqmı? Onu bilmirəm.
Bu günlərdə Niderland Parlamentində aldığım müsahibəni AYNAda oxuyanlar verdiyim suallardan və verilən cavablardan məlumatlıdırlar. Oxumayanlara isə demək ki, bu mövzu maraqlı deyil. Çoxsaylı görüşlərimdən, söhbətlərdən bir nəticəyə gəlmişəm: bunlara Xocalıda nə baş verdiyini sübut etmək mümkündür. İndiyə qədər aldığım bütün müsahibələrdə bu barədə sual vermişəm. Hələ avropalı müsahiblərimdən biri belə deməyib ki, belə bir şey olmayıb. Düzdür, siyasi cavablarla sualdan yayınıblar, bunu da qeyd etməliyəm. Ancaq: «belə bir faciə olmayıb» — deyən də görmədim. Min bir əziyyətlə, şəxsi imkanlarım hesabına əldə etdiyim materialları onlara təqdim etmişəm və hər dəfə də Xocalı ilə bağlı şəkillərə baxa bilməyiblər. İnanın, bəziləri əlləri ilə gözlərini qapayıblar.
Son müsahibəmdən sonra, bəzi məni istəyən dostlar bir qədər ehtiyatlı olmağımı məsləhət gördülər. Onlar mənim niderlandlıların yanında şovinist kimi görünəcəyimdən ehtiyat edirlər. Suallarımda açıq-aşkar tərəf saxladığımı (ölkəmizə) dedilər. Anlayıram, dostlarımın narahatlığını anlayıram. Doğrudan dediklərindən də artığı ola bilər. Mən öz karyeramı zərbə altına qoyuram burda. Bunun fərqindəyəm! Bunu anlamayacaq qədər axmaq deyiləm! Türklər demiş, çizərlər adamı, həqiqətən çizərlər. Ancaq özüm bilirəm ki, mən düzəm! Ancaq özüm bilirəm ki, mən şovinist deyiləm. Mən sadəcə ölkəmi və dövlətimi sevirəm və bu sevgi saxta deyil! Bizi yaradan bilir ki, saxta deyil! Mən ki, işsizlikdən küçələrə səpələnmişlərin, əmək haqları artırılmalı olan müəllimlərin və digərlərinin kəsilmiş haqlarının hesabına etmirəm bunları. Mənim ki, kiminsə qarşısında öhdəliyim yoxdur bunları etmək üçün! Mən öhdəlik götürən biri deyiləm! İsti sobanın yanında oturub, isti çay içə-içə bayırdakı soyuq havanı seyr etməyə nə var ki! Dövlətin puluna dünyanı gəzib, eyni kağızdan eyni sözləri oxumağa nə var ki! Neçə illərdir dəyişilmədiyindən, kağız belə saralıb ciblərində. Bu kağızın artıq 21 yaşı var e! Bunu anlayırsız? Özü də bu kağız Azərbaycan Türkcəsində yazılıb. Necə deyərlər: «Özün çal, özün oyna».
Atam dünyasını dəyişəndən sonra (50 yaşında), nənəm düşdü, çox yaşamadı. Zarafat deyil, gözünün ağı-qarası bir oğlunu itirmişdi. Atamdan sonra, nənəm daha heç yerə gəzməyə gedə bilmədi. Kim alacaqdı bileti? Son vaxtlarında vaxtaşırı gözləri yol çəkər və deyərdi: «Bala, məni bağışlayın. Gəzməyə atanın pulları ilə gedirdim. Hədiyyələrin çoxunu isə sizə yox, qardaşım uşaqlarına gətirirdim…».
Bu gün millət pulları ilə dünyanı gəzib, millətə iş görməyib də, özlərini reklam edənlər də bir vaxt millətə deyəcəklər bu sözləri. Biz nənəmizi bağışladıq. Bəs millət necə, sizi bağışlayacaqmı? Siz ki, millətin nənəsi deyilsiz…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 261