Nədir axı bu mentalitet?
Niderland
Mentalitet — nədir axı bu mentalitet? Bəzən etmək istəmədiyimiz bir işi «mentalitetimiz buna imkan vermir» və s. bu kimi bəhanələrlə özümüzdən uzaqlaşdırırıq. Təbii ki, adət-ənənəmizə qarşı çıxmaq fikrində deyiləm və hətta əksinə, bir çox baxımdan konservatoram. Ancaq bir çox halda özümüz üçün mentalitet adlı bir dairə cızır və o dairədən kənara çıxmamağa çalışırıq. Bu «mentalitet dairəsi»ndən kənarda olan bütün ikişafı görür, dairədən içəri isə buraxmırıq, «mentalitetimiz imkan vermir» — deyə. Ancaq rüşvət almağa, bir-birimizə paxıllıq etməyə, yeri-yurdu zibilləməyə, torpaqlarımızı satmağa və s. bu kimi neqativ hallara mentalitetimiz yol verirmi? Yoxsa onda unuduruq bu «dairəni»? Yoxsa elə bunlar bizim mentalitetə aiddir? Əlbəttə ki, deyil! Bəzi oxucularımız bu dediklərimi yanlış anlaya bilər. Ancaq təbiidir, hər kəs eyni düşünə bilməz.
Bu günlərdə hörmət etdiyim xanım jurnalistlərdən biri facebook sosial şəbəkəsində bir status paylaşmışdı. Status jurnalist xanımın çalışdığı televiziyada müəllifi olduğu verilişin mövzusu barədə idi. Belə anladım ki, mövzu belə imiş: «Təqaüdə çıxan insanların özlərini lazımsız hesab etməmələri üçün nələr edilməlidir?» Onu da anladım ki, qonaqlar, xüsusən bir hörmətli professor bu sahədə Qərb və Avropa təcrübəsindən bəhrələnməyə mentalitetimizin mane olduğunu qeyd edib. Mən onların bunu yaxşı, yoxsa pis hal kimi dəyərləndirdiyini bilmirəm. Heç onu müzakirə də etmək istəmirəm. İndi sizə Avropada, konkret olaraq Niderlandda təqaüdçülərin nə işlə məşğul olmasından, onlara yaradılmış şəraitdən yazım. Ancaq hamısını deyil. Onların hamısını yazmağa qalxsam, mənim özümün təqaüd vaxtım çatar…
Niderlandda minlərlə, bəlkə də ondan da artıq iş yerləri var ki, insanlar, xüsusən yaşlılar orada ictimai əsaslarla işləyirlər. Doğrudur, son vaxtlar işsizliyin artması səbəbindən bu kimi yerlərdə cavanların sayının da artdığını müşahidə etmək mümkündür. Ancaq budəfəki mövzumuz yaşlılardır.
Yaşlılar könüllü olaraq öz yaşadıqları yerə yaxın idarələrə ictimai əsaslarla işləmək üçün müraciət edir, qəbul olunduqları halda işləməyə başlayırlar. Evi ilə iş yeri arasındakı məsafədən asılı olaraq ora velosiped, şəxsi avtomobil, yaxud ictimai nəqliyyatla gedirlər. Əgər yola müəyyən qədər xərci çıxıbsa, bu məbləğ onun çalışdığı təşkilat tərəfindən ödənilir. İş yerindəki çay və qəhvə isə pulsuzdur, iç içə bildiyin qədər. Burda onlar özlərini cəmiyyətə yararlı hesab edir, həvəslə çalışırlar. Əslində onlar öz işləri ilə, doğrudan da, cəmiyyətə xeyir verirlər. Bir şəxs adətən həftədə bir gündən üç günə kimi ictimai işlərlə məşğul olur. Bundan başqa, kilsələrin fəaliyyətində də adi insanlar aktivlik göstərir, ictimai fəaliyyətdə olurlar. Ən balaca şəhərlərdə, qəsəbələrdə belə müxtəlif klublar və o klublarda dərnəklər fəaliyyət göstərir. Bura rəqs, musiqi, rəsm, fotoqrafiya və s. kimi dərnəkləri misal göstərmək olar. Bu sırada kitabxanaları unutmaq olmaz. Az qala bütün kəndlərdə fəaliyyət göstərən kitabxanalar yaşlı insanların zamanlarını keçirdikləri yerlər sırasına daxildir. Havalar yağıntısız, küləksiz olanda isə bəzi (əksər) yaşlılar velosipedləri ilə onlara yaxın yerlərə səyahət edir və bundan zövq alırlar. Əlil olan, yerimək, velosiped sürmək imkanı olmayanlar isə sığorta şirkəti, yaxud bələdiyyə (özləri alanlar da var) tərəfindən verilmiş motorlu əlil arabaları ilə gəzməyə çıxırlar. Burada əlillər də nəzərə alınıb. Bütün dükanlara, ümumiyyətlə, hər yerə əlil arabaları ilə daxil olmaq üçün xüsusi şərait yaradılıb. Hətta meşənin içində belə onlar üçün xüsusi asfalt zolaq çəkiblər ki, gəzmək imkanı məhdud olan insanlar da meşədə vaxt keçirmək ləzzətini qaçırmasınlar. Avropalı təqaüdçülərdən danışanda səyahəti unutmaq olmaz. Bu, onların ən çox sevdikləri hobbidir və bundan gerçəkdən zövq alırlar. Səbəb sadədir, avropalı təqaüd vaxtına kimi gerçəkdən işləyir. Sadəcə, ildə dörd həftə (bəzən bir qədər artıq) məzuniyyət imkanı olur hər bir niderlandlının. Odur ki, niderlandlılar təqaüd vaxtları çatan kimi könüllü təqaüdə çıxır və istirahətə başlayırlar, bizimkilərdən fərqli olaraq. Bizim təqaüdçülər bir dəfə bazara girsələr, çıxanda bir aylıq təqaüdləri bitəcək. Nə üçün çıxsın təqaüdə? Necə dolanacaq? Şərait olsa, hər kəs dincəlmək istər…
Bir niderlandlının aylıq təqaüdü, zamanında işləməyibsə, orta hesabla bir aya 1000 avroya yaxın, işləyib və pensiya hesabına (bizim dillə) pul ödəyibsə, onun məbləğindən asılı olaraq daha artıqdır. Bu qədər yazdığım bəsdir niderlandlı təqaüdçülərdən. Qeyd etdiyim kimi, onsuz da yazmaqla bitməz.
İndi sual edirəm, bütün bunları ölkəmizdə tətbiq etməyə nə imkan vermir, mentalitetimizmi? Bir daha sual edirəm ki, nədir bu mentalitet? Olmazmı özümüzü bu çərçivədən çıxardaq. Olmazmı ki, Avropanın yaxşısını götürək, pisini rədd edək? Ancaq bundan öncə müəyyən edək ki, «yaxşı» dediyimiz nədir, «pis» dediyimiz nə? Bunlar ümumi anlayışlardır. Bəzən hər kəsin içində pis dediyimizi arxada özümüz məmnuniyyətlə edirik. Bəlkə elə deyil? Mən demirəm abrımızı itirək. Mən demirəm ki, böyük-kiçik tanımayaq. Mən demirəm ki, valideynimizi saymayaq. Mən demirəm ki, günlərimizi diskotekalarda, barlarda keçirək. Əslində bunların da bir çoxu hər insanın özünün müəyyən edəcəyi məsələlər olmalıdır.
Bir qədər səmimi olsaq, görərik ki, bəzi yasaqlar, «mentalitetimiz imkan vermir» kimi bəhanələr, qeyd etdiyim kimi, sadəcə, bəhanələrdir…
[email protected]