Muəllif:

Millət yorulmuş görsənir

Niderland

Azərbaycan bir seçkini də yola saldı. Burdan baxıram və görürəm ki, bir müddət sakitlik olacaq və 2015-ci ildə yenidən «aktiv»ləşmə başlayacaq, parlament seçkiləri üçün. Beləcə seçkiləri və onunla birlikdə də ömrümüzü-günümüzü yola salırıq. Hər şeyi, hətta özümüzü, əsəblərimizi də, necə deyərlər, yola veririk. Bilirik, nəyin düz, nəyin əyri, kimin kim olduğunu yaxşı bilirik. Ancaq biliyimizi, nəzəriyyəmizi praktikada istifadə etməyi bacarmırıq. Budur bizim problemlərdən biri…
Mən yeni müddətə seçilmiş prezidentdən dəyişikliklər gözləyirəm. Tək gözləmir, həm də istəyirəm. Bu, tək mənim istəyim deyil, deyə düşünürəm. Ölkədə rüşvət var, özü də, demək olar ki, hər sahədə. Bunu sübut etməyə belə ehtiyac yoxdur. Minimum əmək haqqı ilə nəinki bir ay, heç bir neçə gün belə dolanmaq mümkün deyil. Bunun da sirr olmadığı məlumdur. Monopoliya var ticarətdə. Quş belə dimdiyində ölkəyə bir çöp keçirdə bilməz, «quş qripi gətirir» — deyə quşu da cəzalandırarlar. Düz demirəm? O zaman monopoliyada olmayan bir sahənin adını deyin. Adicə arayış belə pulla verilir (çoxu satılır). Ancaq vətəndaşlarımız razıdır, hər halda debatlar vaxtı belə deyirdi bəzi namizədlər. Debatlardan isə heç danışmaq istəmirəm, sadəcə, biabırçılıq idi. Ordakıların əksəriyyəti nə üçün namizədliklərini irəli sürmüşdülər? Axı məntiqlə onların əsas rəqibi Cəmil Həsənli yox, İlham Əliyev olmalı idi. Təbii ki, bütün namizədlər bir-birinə rəqib olmalıdır və bütün normal cəmiyyətlərdə bu belədir. Ancaq təkrar edirəm, normal cəmiyyətlərdə. Bu Hafizdən hələ nə qədər istifadə edəcək hakimiyyət? Vaxtı bitmədimi? Başqa bir hafizmi yoxdur ölkədə? Ancaq yox, bu il bir neçəsini sınaqdan keçirdi hakimiyyət. Sınaqdan kimlər keçdi görəcəyik. Təbii ki, bu «olimpiada»nın da qalibləri oldu. Siyasət, həqiqətən də, çox çirkli bir oyundur, Azərbaycanda isə «çirkli» sözü belə təmiz görsənir adama, söhbət siyasətdən düşəndə.
Niderlandda son parlament seçkiləri ərəfəsində (2012) SP (Sosialist Partiyası) bütün sorğuların nəticəsinə görə yüksək yerlərin birində dururdu. Mən də, demək olar ki, hər saatda bir sorğunun dəyişən nəticələrini internet üzərindən izləyirdim. Sonuncu debatların birində SP liderinin (Emile Roemer) yüngülvari bir səhvi partiyasını bütün reytinqlərdə aşağı saldı. Budur demokratik ölkələrdə debatların əhəmiyyəti! Budur demokratiya!
Siyasətə və siyasətçilərə gəlincə, etiraf edim ki, burda da bu sahəyə və bu sahənin adamlarına elə bir sevgi yoxdur. Hər kəs də gözəl anlayır ki, siyasətçilər, sadəcə, seçkilər vaxtı vədlər verməklə məşğul olur, seçildikdən sonra isə öz bildiklərini edirlər. Misal üçün, PVDA (Fəhlə Partiyası) ötən seçki öncəsi vəd verdiklərinin bir hissəsinə belə əməl etmədi. Əslində bu mümkün də deyildi. Ona görə ki, hazırda bu partiya onun ideyaları ilə daban-dabana zidd olan başqa bir partiya ilə koalisiyadadır. Mənə görə, Niderlandda da bəziləri üçün parlamentə düşmək, sadəcə, yüksək əmək haqqı, hörmət, sayğı deməkdir. Öncələr olduğu kimi qalmağı bacarmır bəziləri. Qarşıda hələ çox seçkilərin olacağını da unudurlar. Bu barədə ayrıca yazacam…
«Biz böyük siyasətin kiçik peşkalarıyıq» — dahiyanə demişdi bunu Yaqub Məmmədov. Əgər siyasəti, doğrudan da, şahmat taxtasına bənzətsək, ortada mübarizə aparanların da, qurban gedənlərin də piyadalar (mən kimsəyə «peşka» demək fikrində deyiləm və belə bir düşüncəm də yoxdur) olduğunu görərik. Fiqurlar əsasən toxunulmaz olaraq qalır Azərbaycan siyasətində. Yaqub müəllimdən ona görə sitat gətirdim ki, dünyanın böyük siyasətində bizlər, doğrudan, piyadayıq, sözün bütün mənalarında. Böyük dövlətlər enerji resurslarının peşindədirlər, bunu belə bilməliyik. Onlara nə bizdəki seçkilərin necə keçməsi, nə də insanların dolanışıq vəziyyəti maraqlıdır. Heç Qarabağın kimdə olması da onlara fərq etmir. Onlara lazım olan neft kəməridir.
Prezident mütləq dəyişiklik etməlidir. Millət eyni sifətləri görməkdən, eyni danışıqları dinləməkdən yorulmuş görsənir. Əmək haqları lazım olan səviyyəyə (ən azından bir ay dolanışığa çatacaq qədər) qalxmalı, rüşvət alan cəzalanmalı, ən azından işdən azad olunmalıdır. Belə olan halda işini və beləliklə də əmək haqqını itirmək qorxusundan aşağı təbəqədə rüşvət olmayacaq. Bu, nazirlərə çatana kimi belə olacaq ki, sıravi vətəndaşların «işi» zatən ora qədər düşə bilər. Ondan yuxarı rüşvətin isə (olacağı halda belə) kimsə fərqində olmayacaq. İnsanların sosial problemləri həll olunmalıdır. Bütün bunlar olduğu üçün Avropanın inkişaf etmiş ölkələrinə «inkişaf etmiş» deyirlər. Bütün bunlar üçün lazımi qərarlar qəbul olunmalıdır, həm də tez bir zamanda olması daha yaxşı olar.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 315