Muəllif:

Mənim bir arzum var

Niderland

Əlbəttə, indi nə 1963-cü ildir, nə də 28 avqust. Seçki öncəsi və sonrası Azərbaycanda baş verənləri izlədikdən sonra bəzi arzular keçdi ürəyimdən, elə öncələr də bunları tez-tez xəyal edərdim. Əslində mənim arzum bir deyil, çox arzularım var…
Ölkədə prezident seçkiləri keçirildi və müxalifət seçkilərin nəticələrindən narazı qaldı. Azərbaycanda 125 Dairə və təxminən 5112 Məntəqə Seçki Komissiyası var. Bu rəqəmləri şərh etməyəcəm. Nəyi və necə şərh edim? Mənim arzum odur ki, biz siyasi, demokratik cəhətdən elə bir səviyyəyə yüksələk ki, məğlub tərəfin qalib tərəfi təbrik etməyə həm əsası, həm də gücü çatsın…
Hər şeyi, demokratiyanı, Qarabağı, pal-paltarı, ətriyyatı və s. Avropadan, Amerikadan gözləyirik. Hər dəfə xəyal qırıqlığına uğrasaq da (paltar və ətriyyatda deyil), onlara olan inamımız itmir, «bəlkə də qaytardılar» — deyə düşünürük. Bütün bunları, ən azından demokratiya və Qarabağı özümüzün əldə etməli olduğumuzu anlayacağımız günü və əldə etməyimizi görməyi arzu edirəm…
Seçkilər dönəmində xaricdəki bəzi diaspor təşkilatlarımız hər kəsin adından İlham Əliyevə, bəziləri isə Cəmil Həsənliyə dəstək verdiklərini bəyan etdilər. Təkrar edirəm, çoxusu da təmsil etdikləri ölkədə yaşayan bütövlükdə diaspor nümayəndələrinin adından. Niderlanddan da belə bəyanatlar verildi. Halbuki bu təşkilatların bəzilərinin, necə deyərlər, bir rəhbəri, bir də «papka»sı var. Düzdür, bəzilərinin yanında züy tutanları da əksik deyil. Ancaq kim onlara hamının adından danışmaq ixtiyarı verib? Arzu edirəm ki, bu təşkilatlar da hədlərini biləcək qədər abırlı olsunlar…
Ölkəmizdə işsizlərin sayı, rəsmi statistikaya görə, olduqca azdır. Mənim bu statistikaya şübhəm yoxdur. Ona görə ki, işsizlərin əksəriyyəti başqa ölkələrə, xüsusən Rusiyaya gedib iş dalınca. Rayonlara, kəndlərə getmək kifayətdir bunları görmək üçün. Arzu edirəm ki, insanlarımız öz ölkələrinə dönə, orda iş tapa, orda yaşaya bilsinlər…
Rayonlardakı işsizlikdən əhalinin bir hissəsi də Bakıya üz tutub. Kəndlərimizdə iş yerləri açılması, insanlarımızın kəndlərinə dönməsi də mənim arzularıma daxildir…
Azərbaycan insanı, kimin nə deməyindən asılı olmayaraq, sosial baxımdan təmin olunmayıb. İnsanların üzündə sevinc görmək müşkül məsələdir. Aylıq əmək haqqı (iş tapsa) bir həftəlik ərzağa çatmayan birinin üzü necə gülə bilər? İnsanlarımızın üzünün gülməsini istəyirəm…
Bakıya yağış yağanda şəhər az qalır Xəzərə qatışsın. Küçələrə çıxmaq belə olmur. İnsanlar nə edəcəklərini bilmirlər. Arzu edirəm ki, belə hallardan sonra, bütün normal ölkələrdə olduğu kimi, aidiyyəti şəxslərin bir daha millətin üzünə çıxmamaları üçün abırları olsun…
Təhsilimiz yarıtmaz haldadır. Televiziyalarımız küçədə adi bir sorğu aparanda çoxlarımız iki sözü ard-arda danışa da bilmirik. Ali məktəblərə qəbul imtahanlarından sonra görsənən vəziyyət heç də ürək açan olmur. Çoxlarımız ali məktəblərə, sadəcə, diplom almaq üçün gedirik. Təhsil aldığımız müddətdə valideynlərin zülmlə qazandığını asanlıqla «müəllim»lərə daşıyırıq. Arzu edirəm ki, bu kimi hallar aradan qalxsın…
Hər kəs ali məktəbə qəbul olunmaq və diplom (çoxları, sadəcə, diplom arzusundadır, ali təhsil yox) almaq istəyir. Ancaq ölkədə çox az adam ixtisası üzrə iş tapır. Bizdə nə qədər desəniz diplomu, ali məktəb diplomu olan fəhlələrə rast gələ bilərsiz. Özünə iş tapa bilməyənlərin nə qədəri jurnalistikaya üz tutub, həmkarlarım bunu təsdiq edə bilərlər. Bir çox sahələrimiz bu gündədir. Yaxud da əksinə, yüksək yerlərdə işləyən, ancaq əlinə kitab tozu dəyməyənlərimiz də yetərincədir. Arzu edirəm ki, itin qabağına ət, atın qabağına ot qoyaq…
Arzular çoxdur. Dahilərdən kimsə deyib ki, mən arzu etdiyim ən yüksək zirvəyə çatmaq istəmirəm. Onda o zirvə mənim üçün adiləşir və mən daha yüksək arzular uğrunda mübarizə aparmağı düşünürəm. Mən isə arzularıma çatmaq istəyirəm. Həm özüm, yaxınlarım, həm də ölkəmiz, millətimizlə bağlı arzularıma çatmaq istərdim. Bunlar həyata keçsə, digərlərini yazacam. «Arzudan arzu doğar» — deyiblər. Bütün xoş niyyətli arzularınıza çatasınız.
P.S. Yuxarıda da qeyd etdiyim kimi, Martin Lüter Kinq 1963-cü il 28 avqustda: «Mənim bir arzum var» — deyə məşhur çıxışına başlamışdı. O, Amerikada qara dərililərin hüquqlarının ağ dərililərlə bir olmasını arzu edir, bunun uğrunda mübarizə aparırdı. İndi isə Amerikaya qara dərili biri prezidentlik edir. Bəli, aradan xeyli keçəndən sonra onun arzuları gerçək oldu. Kim bilir, bəlkə bizim də arzularımız reallaşdı…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 1,00 из 10)
Oxunma sayı: 2758