Muəllif:

Məni düşündürən sualın cavabını tapdım

Niderland

Bu günlərdə neçə vaxtdan bəri məni düşündürən sualın cavabını tapdım. Həm də bu cavabı tapanda düşündüm ki, mən nə qədər diqqətsiz imişəm. Axı dəfələrlə…
Biz torpaqlarımızın qədrini bilmirik. Əslində bununla Amerika kəşf etmiş deyiləm. Belə olmasa idi nə Təbrizimizin İranda qalmasına, nə Dəmirqapı Dərbəndin əldən getməsinə biganə qalar, Göyçəni, Vedini, Zəngəzuru, Borçalını və s. kimlərəsə hədiyyə edərdik. Hədiyyə sözünü bilərəkdən dırnaqda yazmadım, axı doğrudan da hədiyyə vermişik. İndi də Dağlıq Qarabağ və ətraf rayonlar. Ümidimizi ALLAHa bağlamışıq. Bir də özümüzü inandırırıq ki, ATƏT Minsk Qrupu, ABŞ Qarabağı bizə qaytaracaq. Biz isə restoranlarda, ayrı-ayrı məclislərdə oraları yad edək, hər bayramda: «O gün olsun ki, bu bayramlarımızı Qarabağda keçirək», — deyə şit-şit danışaq. Düşünürəm ki, əgər adını çəkdiyim dövlətlərin, yaxud Rusiyanın köməyi ilə bir neçə rayonumuzu qaytarsalar, biz bunu böyük qələbə kimi qiymətləndirəcəyik. Nə Şuşa yada düşəcək, nə Xankəndi, nə də digərləri. Hətta ermənilərin bu «humanistliyindən» kövrələnlərimiz, onları bağrına basanlarımız belə ola bilər. Nə deyim, bütün bunları və bundan artığını məndən də yaxşı bilirsiz. Başqa planetdən gəlməmisiz ki. Hamımız bu millətin övladlarıyıq. Özümüzü yaxşı tanıyırıq. Bəlkə ayrı-ayrılıqda mən, sən, yaxud bir başqası elə deyil. Ancaq ümumilikdə beləyik…
Ölkəmizin iqtisadiyyatının əsasını neft təşkil edir, bu da bəllidir. Nə qədər ki, qara qızılımız var, üzümüz ağ olacaq (söz oynatmaq olmasın). Ancaq bu neftin də bir tükənəcəyi gün olacaq. Onda nə edəcəyik? Sənayenin inkişafından söhbət gedə bilməz. «Fabrik,» «zavod» sözü leksikonumuzdan çıxmaqdadır. Bəlkə də indiki gənclərimizin çoxu bilmir bu sözlərin mənasını. Neyləsinlər? Hardan bilsinlər? Ata, ana, qonum-qonşudan oralarda işləyən yoxdur axı. Biz restoranlar açır, çalıb-oxuyuruq. Bəs necə, «soğan olsun, nağd olsun» — budur bizim prinsipimiz. Kimdir zavod, fabrik açıb istehsalla məşğul olan. Sonra da bazar tap, istehsal etdiyin məhsulu bazara çıxar… Yox, uzun məsələdir. Yaxşısı, dediyim kimi, restoran və s. bu kimi obyektlərdir…
Kənd Təsərrüfatı Nazirliyimiz olsa da, kənddə təsərrüfatımız yoxdur. Kəndli ona ayrılan torpağı necə əkib-becərəcəyini bilmir. Texnika yox (yaxud yox dərəcəsində), keyfiyyətli toxum, gübrə, dərman və s. tapılmır. Öncələr MTS-lər (Maşın Traktor Stansiyaları) var idi. Heç olmasa pullu insanlarımız bu MTSləri bərpa edib, texnikanı kəndliyə saat hesabı icarəyə versinlər. Kənd təsərrüfatı inkişaf edərsə, həm ölkəmizdə bolluq olar, həm də kənddə iş yerləri tapar insanlarımız. Bu ki, 2×2=4 qədər sadə və məlum məsələdir. O qədər münbit torpaqlarımız hamısı qalıb istifadəsiz. Yuxarıda qeyd etdiyim kimi, torpağımızın qiymətini bilmirik, nə qoruyuruq, nə də əkib-becəririk. «Biz nə üçün beləyik?» — bax, bu sual düşündürürdü məni. Axır ki, tapdım cavabını. Bu günlərdə televiziyalarımızın birində növbəti dəfə «Dədə Qorqud» filmini izlədim və filmin sonunda məni narahat edən sualın cavabını tapdım. Bunu da hər kəsin bilməsinə baxmayaraq filmdən bir sitat gətirmək istəyirəm. Filmin sonunda Dədə Qorqud Beyrəyin oğluna deyir ki, oğul, torpağı qorumasan əkib becərməyinə, əkib-becərməsən qorumağına dəyməz… Biz isə millət olaraq hər vaxt ağsaqqal sözünü dinləmişik. Demək ki, bizlər torpağımızı qorumadığımız üçün əkib-becərmir, əkib-becərmədiyimiz üçün qorumuruq…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 418