Mən öz adımdan Krım Tatarlarının yanındayam
Stalinin Sovetlər birliyində yaşayan türklərə münasibəti hər kəsə aydındır. Təkcə Azərbaycanda aparılmış represiyaları qeyd etmək kifayətdir. 1944–cü ildə isə “növbə” Krım tatarlarına və Ahıska türkərinə çatdı. Əslində Krım tatarlarının dövlətçilik tarixi çox qədimdir. Qızıl Ordadan sonra qurulan Krım Xanlığının (1441-1783) və Krım Xalq Cumhuriyyətinin (1917-1918) tarixinə nəzər salmaq, deyilənləri sübut etmək üçün yetərlidir. Bu günkü yazımda sizlərə tarixdən söhbət açmaq fikrim yoxdur. Sadəcə bir neçə faktı qeyd etmək istəyirəm. Krım tatarları öz köklərinə — Türklüyə həmişə sadiq olublar. 1883–cü ildə məhs krım-tatar yazıçısı, icitmai xadimi İsmayıl Qaspıralı nəşr etdiyi “Tərcüman” qəzetində türk xalqlarının ə birləşməsi ideyaasını irəli sürmüşdür. Ismayıl bəy vahid Türk dilinin — tərkibində fars, ərəb mənşəli sözləri olmayan Türk dilinin olmasının vacibliyi önə çəkib və bu istiqamətdə işlər görüb. Sonralar isə bu fikirlər türklərin məskunlaşdığı hər yeri əhatə edib. Bəlkə də Krım tatarlarının şərəfli keçmişi, türklüyünə bağlılığı idi Stalini qorxudan. Yoxsa almanların Krımdan Sovet qoşunları tərəfindən çıxarılmasından (13 aprel 1944) dərhal sonra (10 may 1944) Beriya Krım tatarlarını “vətənə xəyanətdə” ittiham edərək, onların Orta Asiyaya sürgün olunmasının “vacibliyi” haqqında məktub yazmazdı.
Serov və Tabulovun hazırladığı plana görə 18-22 may tarixləri arasında Krım tatarları köçürülməli idi. 18 mayda səhər tezdən artıq sürgün planı həyata keçirilməyə başlandı. Mayın 22–də olan yekun hesabata görə 194 155 nəfər Krım tatarı sürgün olunmuşdu. Onlardan 151 083 nəfəri Orta Asiyaya, yerdə qalanı isə SSRİ–nin digər ərazilərinə sürgün olundu. İndi dünyanın müxtəlif yerlərində yaşayan Krım tatarları bu zülmləri unutmur, hər vaxt yad edirlər. Təəssüf ki, bu gün belə Krım tatarları öz vətənlərində layiq olduqları yeri tuta, haqlarını ala bilmirlər. Avropa Krım Tatar Dayanışma və Kültür Dərnəyininin təşkilatçılığı ilə 18 may 2013–cü ildə, illər öncə Krım tatarlarının deportasiyasını anmaq və Krım Muxtar Respublikasının rəhbəri Mogilyovun yeritdiyi siyasətə etiraz etmək üçün Ukraynanın Niderland, Almaniya, Fransa və Belçikada fəaliyyət göstərən səfirliklərinin önündə matəm mitinqləri keçrildi. Belə bir tədbir Niderlandda ilk dəfə idi keçrilirdi. Bu tədbirin məqsədlərindən biri də hazırkı Krım rəhbərliyinə, Mogilyov rejminə etiraz idi. Niderlanddakı tədbirə Hollandiya Müsəlman Platformu başqanı Ebubekir Öztürk, Avropalı Türk Demokratlar Birliyi Hollandiya Başqanı Veyis Güngör, Hollandiya Türk İslam Kültür Dərnəkləri Federasiyası başqanı Arif Yakışır, Hollandiya Türk Federasiyasının Gənclik Qolları başqanı Ahmet Çömlekçi, Mozaik Kültür və Sənət başqanı Ali İhsan Ünal, Kazan Tatarları təmsilçisi Gül Sultaneva da qatılaraq, Krım Türklərinin yanında olduqlarını bildirdilər. Avropa Parlamentinin Hollandiya millət vəkili Emine Bozkurt da Krım Tatar Milli Məclis başqanına Mogilov rejminin Krım Tatarlarına qarşı olan siyasətini pisləyən məktub ünvanlamışdı. Öncə 1944–cü il şəhidləri başqa olmaqla bütün şəhidlər anıldı, Quran oxundu, Krım Tatar Milli Marşı səsləndi və mitinq açıq elan olundu. İlk çıxış edən Krım Tatar Milli Məclis Hollandiya Təmsilçisi Dr. Mehmet Tütünçü ötən illərə nəzər saldı, Krım tatarlarının üzləşdiyi haqsızlıqlardan söhbət açdı və yuxarıda qeyd etdiyim faktları dilə gətirdi. Tütünçü sözlərini: “Biz şəhidlərimizi unutmadıq, unutmayacağıq” – sözləri ilə tamamladı. Tədbirin sonunda Mehmet Tütünçü və Hollandiya Krım Vakfı (dərnəyi) başqanı Mehmet Pekcan etiraz məktubunu səfirliyin poçt qutusuna atdılar.
Krım Tatar Məclisinin Hollandiya Təmsilçisi Məhmət Tütünçü ilə əlaqə (telefonla) saxlayan Ukraynanın Niderlanddakı Səfiri Aleksandr Horin Amerikada olduğu üçün tədbirə qatıla bilmədiyini, gələn il səfirliklə birlikdə bir tədbirin keçrilməsinin mümkünlüyünü bildirdi.
Təəssüflə qeyd etmək istəyirəm ki, Niderlandda fəaliyyət göstərən bir çox Türk kökənli insanları özündə birləşdirən təşkilatların əksəriyyətinin qatıldığı bu tədbirə, Azərbaycan adına kimsə qatılmamışdı. Bu, əlbəttə hər bir təşkilatın özünün verə biləcəyi bir qərardır. Ancaq özümüzü ətrafdan təcrid etməyi düzgün hesab etmirəm. Mənə verilən məlumata görə burda fəaliyyət göstərən əksər Azərbaycan təşkilatları tədbirə dəvət almışdılar. Mən bu yazını hazırlamaqla öz adımdan Krım tatarlarları ilə həmrəyliyimi bildirir və hər zaman, gücüm çatan qədər, yanlarında olduğumu bildirirəm.
Vüqar Abbasov. Niderland.
[email protected]