Maslov nəzəriyyəsi və günümüzün gerçəkliyi
Niderland
Hər birimizin bu dünyada müəyyən ehtiyacları var. Təməl ehtiyac kimi misal olaraq qidalanmanı, istirahəti, hörməti göstərmək olar. Burda sizlərə uzun-uzadı Maslov nəzəriyyəsindən danışmaq fikrim yoxdur. Sadəcə, onu qeyd edim ki, Maslov insanın əsas ehtiyaclarını beş hissəyə bölüb ki, buna «Maslov piramidası» da deyirlər. Bu barədə bilənlər bilir, bilməyənlər isə internetdən məlumat ala bilərlər. Onun fikrinə görə, insanın birinci ehtiyacı fiziki ehtiyacdır ki, bura da yemək, istirahət, yatmaq, hərəkət və s. daxildir. Bax, sadəcə, bu ehtiyaclarımızı ödəmək üçün nələr etmirik! Zatən insan övladının bir-birinə etdiyi pisliklər, müharibələr və s. ehtiyaclarını ödəmək üçün deyilmi? Nə ediriksə, ehtiyaclarımızın təminatı üçün edirik, yaxud başqa sözlə desək, ehtiyacımız nəyədirsə, onu da əldə etməyə çalışırıq. Hansı birimiz yeməksiz, yuxusuz və s. qala bilərik? Qida ehtiyacımızı ödəmək üçün əlimizdən gələn, bəzən isə gəlməyən, gerçəkdən vicdanla çalışmaqdan başlamış yaltaqlığa qədər hər şeyi etməyə çalışırıq, daha doğrusu edirik. Sadəcə, kimin hansı yolu seçməsinə baxır…
Bir də var insanın mənəvi ehtiyacları (Maslov nəzəriyyəsindən kənar). Şəxsi anlamda mənəvi ehtiyaclarımızı da ödəməyə çalışırıq. Ancaq bəzi şeylər var ki, onlar barədə çox danışır, lazımi addımları isə atmırıq. Məsələn, Qarabağdan danışır, onu geri qaytarmaq üçün heç nə, demək olar ki, ümumiyyətlə heç nə etmirik. Demək ki, Qarabağ bizim ehtiyaclarımızın içərisində deyil, bizim ona ehtiyacımız yoxdur. Bizlərin, sadəcə, onun adından istifadə edərək oyun oynamağa ehtiyacımız var ki, bu ehtiyacımızı da təmin edirik. Demokratiyadan da çox danışırıq. Ancaq o da bizim əsas ehtiyaclarımıza daxil deyil. Nə etmişik ki, gerçək demokratiya əldə etmək üçün? Bunlar bizim ümumi ehtiyaclarımızdır. Bundan öncəki yazılarımın birində də qeyd etmişdim ki, o ki ümumi oldu, bizlik deyil. Əslində xalq özü ehtiyaclarını müəyyən etməli və onu əldə etməyə çalışmalıdır. Əks halda, kimsə gəlib onun bu ehtiyaclarını təmin etməyəcək. Bizlər Qarabağı Minsk Qrupundan, demokratiyanı Qərbdən gözləyirik. Bu ona bənzəyir ki, kimsə evində oturub, işləmədən yemək gözləyir. Düşünür ki, qonşulardan kimsə ona yemək verməyə borcludur. Kənardakı isə uzaqbaşı bir neçə dəfə sənə kömək edər. Özün çalışmayınca qarnın doymaz…
Artıq xeyli müddətdir Niderlandda yaşayıram. Bu müddət ərzində Azərbaycandan bura gəlib-gedən məmurlarımızın sayını itirmişəm. Kimsə ilə görüşməkdən ehtiyat etmədiyim üçün imkan dairəsində onlarla söhbətlərim də olub. Bir-iki hörmət etdiyim şəxsi çıxmaqla, bəziləri bura, sadəcə, gəzmək, bəziləri özünü kiməsə göstərmək və s. məqsədi ilə gəlmişdilər, mənə görə. Anlaşılan şəxsi ehtiyaclarını ödəmək idi məqsədləri. Ancaq sözü gedənlərin hər biri, hər vaxt olduğu kimi, özlərini Azərbaycan üçün çalışan kimi göstərməyə çalışıblar. Sadəcə, pafos…
Bir qədər diasporumuz barədə. Burda yaşadığım müddətdə bu işə məsul olan komitənin işindən ara-sıra yazmışam. Dostlardan eşitdiyimə görə, bunların ən uğurlularından biri ötən ilin sonlarında AYNA qəzetində çıxmış «Sahilə dirənmiş gəmi» (oxumayanlar üçün: http://www.ayna.az/2012/sahile-direnmis-gemi2/) yazım olub. Ancaq nə etsən də, nə qədər yazsan da, aidiyyəti komitə düzəlmir ki, düzəlmir. Sadəcə, ara-sıra sualtı qayıq kimi görünməz olur və bir müddət sonra yenə də sahilə yaxın yerdə görsənir. İnanan inansın, inanmayan da özü bilər, sözü gedən komitənin işini qiymətləndirməyə qalxsaq, mən Niderlanddan onlara sıfır belə vermərəm. Ən yaxşı halda «mənfi 1» verərdim. Bir şeyi anladım ki, komitənin məqsədi, daha doğrusu ehtiyacı real iş görmək deyil, şou göstərməkdir. Onsuz da bizim çox işimiz şoudur. Yeri gəlmişkən, pul da elə şou-biznesdədir…
Bir sözlə, nə vaxt ki, şoulardan qaçıb gerçək iş görmək ehtiyacını özümüzdə hiss edəcəyik, onda bu ehtiyacımızı mütləq ödəməyə çalışacağıq. Hələlik belə bir ehtiyacımız yoxdur, hər halda mən hiss etmirəm…
[email protected]
Aynanın yeni köşə rubrikasından.