Marit May: «İki xalq danışıqlar aparsın, razılığa gəlsin…»
Azərbaycanın müstəqilliyinin bərpasından elə də çox keçməyib, cəmi 22 il. Bu, tarix üçün olduqca qısa bir vaxtdır və bu müstəqillik bizə asan başa gəlmədi. Uğurlarımızdan danışmayacam. Mən ötən illərin ən böyük uğuru deyəndə elə müstəqilliyimizi görürəm. Rusiya bizləri əlindən buraxmamaq üçün hər şeyə əl atdı. 20 yanvar 1990-cı ildə bir gecədə yüzlərlə insanımızı qətlə yetirməsini, bizlərin başına ermənilərin əli ilə açdığı Qarabağ problemini demək yetərlidir. Digərlərini sadalamağa belə ehtiyac yoxdur. Yalnız Xocalı soyqrımını xatırlamamaq heç cür mümkün deyil. 1992-ci il 26 fevral… Ermənistan silahlı birləşmələri və Rusiya hərbiçiləri birlikdə Azərbaycanın Xocalı şəhərində bir gecənin içərisində 613 nəfəri (bu rəsmi rəqəmdir, qeyri rəsmi isə 1 000 dən çox) — uşaq, qoca demədən, qətl etdilər, yüzlərlə insan itkin düşdü. Biz isə bu günə kimi bunların heç birini dünyaya lazımi qaydada çatdıra bilməmişik. Ya dünya bunları görmür, bilmir, yaxud da görmək, bilmək istəmir.
Artıq bir neçə ildir Niderlandda yaşayıram. Deyim ki, bu ölkə dünyanın ən tolerant ölkələrindən biridir. Bu insanlara həqiqətlər olduğu kimi çatdırılsa, onlar da həqiqəti olduğu kimi qəbul edəcəklər. Mən bütün gücümlə həqiqətlərimizi burda yaşayan insanlara çatdırmağa çalışıram, sadə insanından tutmuş millət vəkillərinə kimi. Bu məqsədlə də müxtəlif səviyyələrdə görüşlər keçirtməyə çalışıram. Məqsədlərimdən biri də odur ki, ilk öncə öyrənim: niderlandlılarda ölkəmizlə bağlı nə kimi bilgi var. Bu və digər bu kimi suallara aydınlıq gətirmək məqsədi ilə Niderılandın ikinci ən böyük partiyası PvdA — dan (işçi partiyası) olan millət vəkili xanım Marit Maya (Marit Maij) bir neçə sual ünvanlamaq üçün Den Haaqa, Niderland parlamentinə getdim. Gözləmə zalında bir qədər gözlədikdən sonra, düz təyin olunmuş vaxtda, xanım Mayanın gülərüz köməkçi Anita Küyt (Anita Kuyt) məni millət vəkilinin iş otağına müşayiət etdi. Bu da millət vəkili xanım Mayit və xanım Mayitin də gülərüzlüyü, sadəliyi məndə olan azacıq gərginliyi aradan qaldırdı, söhbət zamanı onda gördüyüm səmimiyyət isə məni daha da ürəkləndirdi. Təbii ki, mənim Niderland dili səviyyəm 100 % deyil. Bütün bunlara baxmayaraq, xanim Mayit məni hövsələ ilə dinlədi, dilimlə bağlı hiss olunan çətinliyimi (xüsusən siyasi söhbətlərdə) üzümə vurmadı və mənə görə çox maraqlı müsahibə alındı. Müashibə verməyə razılıq verdiyi üçün xanım Mayitə təşəkkürdən sonra ilk sualı verdim: — Seçki öncəsi PvdA — nın şüarlarından biri təxminən bələ idi ki, qənaət etmək yox, iş yerlərinin sayını artırmaq lazımdır. PvdA — seçki öncəsi verdiyi vədlərə əməl edirmi?
— Bizim partiyanın şüarı belə idi: «Sosial və digər baxımlardan güclü Niderland.» PvdA hər vaxt tərəfdardır ki, atılmış hər bir addım iqtisadiyyatın möhkəmlənməsinə xidmət etsin. Biz iqtisadi böranın qarşısını tam almaq üçün əlimizdən gələni edir və bunun üzərində çalışırıq.
— Sizin ananız CDA-nın (Xristian Demokrat Partiyası) üzvü olub və əgər səhv etmirəmsə, siz də bir vaxtlar o partiyanın üzvü olmusuz. İndi isə PvdA-dan millət vəkilisiz. Seçiminizdə yanılmamısız? — Mən gənc vaxtlarımdan PvdA-ya rəgbət bəsləyirəm və üzvüyəm. Bu, mənə görə milli və beynəlxalq ədaləti seçməm deməkdir.
— Siyasetə gəlişiniz necə oldu? Ananızın da siyasətçi olmasının bunda rolu oldumu?
— Mən bir qədər idealistəm və dünyanı bir qədər fərqli, daha yaxşı görmək istəyirəm. Təbii ki, bunu hır yerdə, evinə daha yaxın yerdə də etməyə çalışa bilrəsən. Deyək ki, yaşadığın yerdə, məktəbdə, ictimai işlərdə. İndi insanlar özləri cəmiyyətin qarşılaşdıqları problemləri birgə həll etmək imkanındadır. Biz dünyada böyük sorunlarla üz-üzə gəlirik. Mən indi şadam ki, siyasətdəyəm, Niderlandın və dünyanın qarşılaşdığı problemlərin həllində mənim də qatqım var.
— Necə düşünürsüz, dünyada tam, 100 % demokratiya varmı? Niderlandı tam demokratik ölkə adlandırmaq olarmı?
— Dünyada elə ölkələr var ki, insanlar öz fikirlərini deyə bilmir, səsvermə hüquqları yoxdur, siyasi idarəetməyə təsir edə bilmirlər. Bu ölkələrdə demokratiya yoxdur. Niderlandda isə demokratiya var. Demokratiya elə bir prosesdir ki, hər vaxt ayrı-ayrı məqamlarda mütləq inkişaf olmalıdır. Yalnız seçkilərin və səsvermənin olması hələ demokratiya demək deyil.
— Bir vaxtlar həm də asiel və miqrantlar şöbəsində (afdeling) işləmisiz. Asiel axtaranların və miqrantların indiki durumu sizi qane edirmi?
— Ən önəmli olan odur ki, insanlar heç yerdə məcburən evlərini tərk etmək zorunda qalmasın. Beynəlxalq əməkdaşlıq çərçivəsində biz bütün dünyanın hər yerində sabitliyin əldə olunmasına çalışırıq. Əgər insanlar yenə də öz evlərini məcburən tərk etmək zorunda qalırlarsa, onların öz regionlarında, yaxud Niderlandda təhlükəsizliyinin təmin olunması, daha başlıca məqsəddir.
— Siz Xarici İşlər Nazirliyində işləmisiz və bu gün parlamentdə (Tweede Kamer) xarici siyasət komissiyasının üzvüsüz. Azərbaycanla bağlı nə kimi bilginiz var?
— Humanitar yardım şöbəsinin əməkdaşı kimi, ötən əsrin 90-cı illərində sizin ölkənizə, Güney Qafqaza, Ermənistana, Gürcüstana və Azərbaycana səfər etmişəm. O zaman Güney Qafqazda vəziyyət gərgin idi. İndi durum bir qədər sabitdir və ölkənizdə inkişaf var. On beş ildir ölkənizə səfər etmirəm. Ancaq hələ də insanlarınızın mehribanlığını, qonaqpərvərliyini məmnuniyyətlə xatırlayıram.
— Niderland parlamenti, tarixşilərin araşdırmalı olduğu, 1915-ci ildə olub-olmamasına bağlı dəqiq faktların olmadığı «erməni genosid»ini tanıyıb. Ancaq 1992-ci il 26 fevralda Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdikləri soyqrımı tanımır. Həmən gün 600-dən artıq insan ermənilər tərəfindən öldürüldü, yüzlərlə insan itkin düşdü. Bunu bilirsinizmi və bu olayı araşdırıb, komisiyanızın iclasında bu məsələni qaldırmaq istərdinizmi? Ümumiyyətlə, Sizcə Qarabağ kimə aiddir? Öncə qeyd edim ki, Qarabağ sözü təmiz bizim dilimizdədir (Qarabağ sözünü Niderland dilinə tərcümə edirəm).
— Siz bu barədə mənim kolleqamla, Desirey Bonis (Desiree Bonis) ilə danışsanız, daha düzgün olar. Ancaq iki xalq özü bir araya gəlməyi bacarmalıdır, deyə düşünürəm. Güney Qafqazda sülhün əldə edilməsi üçün mütləq xalqlar bir nəticəyə gəlməlidir. Dil və din fərqlərinin olmasına baxmayaraq, oxşar tərəfləriniz də var. İndi sakitlikdir və elə bilirəm ki, heç kim geriyə, müharibəyə qayıtmaq istəməz. Olar mən sizin sualınızla bağlı bir söz soruşum?
— Təbii ki…
— Siz erməni genosidi sözünü dirnaq içərində yazmısız, «olub, olmaması məlum deyil» deyirsiz. Bilirsiz ki, bu sözlərin deyilməsi Ermənistan və ermənilər üçün nə qədər çətindir? Orda bir neçə yüz deyil, bir neçə min insan həyatını itirib. Belə ki, ermənilər üçün bu barədə danışmaq o qədər də asan deyil…
— Mən bunu anlayıram və sizdən belə bir sualı eşitməyi də istəyirdim. Bizim həmən dövrə aid heç bir sənədimiz, video görüntülərimiz, fotolarımız yoxdur. Mən tərəfdarıyam ki, bu, tarixçilər tərəfindən araşdırılsın. Əgər belə bir fakt təsdiq olunarsa, Türkiyənin bunu etiraf etməsini istərdim. Ancaq bəs siz necə düşünürsüz, yalnız rəsmi sənədlərə əsasən 600-dən artıq insanın, qoca, cavan, uşaq, qadın, kişi demədən qətl edilməsi və dünyanın buna göz yumması bizi, Azərbaycan xalqını incitmirmi? Bayaq azərbaycanlılarla ermənilərin arasında din fərqi olduğunu dediniz. Necə bilirsiz, bu din fərqindən deyilmi ki, dünya, Avropa dövlətləri ermənilərə daha çox dəstək verir?
— Mən belə düşünmürəm. Mənim düşüncəm burda sizinkindən fərqlidir.
— Bu yaxınlarda PvdA internet səhifəsində Suriyada olanlarla, qaçqınların vəziyyəti ilə bağlı fikirlərinizi bölüşmüsüz. Əlbəttə, orda baş verənlər dəhşətdir. Ancaq 1988-ci ildən sonra 1 000 000 yaxın Azərbaycanlı Ermənistandan, və Azərbaycanın tarixi və hüquqi ərazisi olan Qarabağdan qaçqın düşüb və çox çətin durumda yaşayırlar. Dünya buna biganə qaldı və bu gün də bu davam edir. Sizcə nə üçün?
— Burda sizinlə eyni fikirdə deyiləm. Qeyd etdiyim kimi, ötən əsrin 90-cı illərində biz Niderlanddan sizin ölkənizə də yardım aparmışdıq. O zaman orda vəziyyət gərgin idi. İndi isə iki xalq öz aralarında danışıqlar aparmalı və razılığa gəlməli və problemi həll etməlidirər.
— Mən bu problemin Rusiya tərəfindən yaradıldığını düşünürəm. Tarixə baxanda görərik ki, nə zaman ki, Rusiyada siyasi vəziyyət gərgin olub, hər vaxt Azərbaycanla Ermənistan arasında konflikt yaradıb. Bu iki xalqın arasında ilk dəfə konflikt 1905-ci ildə yaradılıb. Mən də tərəfdarıyam ki, müharibə olmasın və biz yenə də əvvəlki vəziyyətimizdə yaşayaq. Mən bu iki xalqın düşmən kimi qalmasını istəmirəm…
— Bunun üçün bu iki xalqın bir araya gəlməsi, danışıqlar aparması lazımdır.
— Azərbaycan parlamenti ilə əlaqələriniz varmı? Azərbaycan kimi gənc ölkələr, tam demokratik cəmiyyət qurmaq üçün nə etməlidirlər?
— Demokratiyanı qısa vaxtda əldə etmək heç də asan deyil. Bu, uzun sürən bir prosesdir. Hər fikrə, fərqli düşüncələrə hörmət və diqqətlə yanaşmalısan. Bu işlərdə təkrarçılığa yol vermək olmaz. Bir ölkədə keçərli olanlar, digərində normal hesab olunmaya bilər. Azərbaycanlı parlamentarlara gəlincə, onlar hər vaxt Niderlanda gələ bilərlər. Necə deyərlər, hər vaxt ürəklə: «Xoş gəldiniz» — deməyə hazırıq. Elə düşünürəm ki, bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var.
— Demək istədiyiniz bir şey varsa, buyurun. Əgər yoxdursa, bir daha Sizə müsahibəyə razılıq verdiyiniz və mənə vaxt ayırdığınız üçün təşəkkür edirəm.