Muəllif:

Kim sənə səs verər, özün kasıbsansa?

Niderland

Niderlandlı bir ailə qonağımız idi. Ordan-burdan danışdıqdan sonra söhbət dolanıb gəldi rüşvətin üstünə. «Rüşvət, korrupsiya hər yerdə var. Yəqin ki, bu yaxınlarda Vlissingendə olanları eşitdiniz?»,- deyə söhbətə davam edən qonağımız bir xeyli həmən hadisədən danışdı. O danışdıqca isə məni, həqiqətən, gülmək tutmuşdu, zorla saxlayırdım özümü…
Bəs nə idi bu «böyük» korrupsiya hadisəsi? Ona görə dırnaq işarəsindən istifadə etdim ki, bizimkilərlə müqayisədə sözü gedəcək məbləğ «dəryada bir damlaya» bənzəyir. Demək, Niderlandın Vlissingen bələdiyyəsinin başçısı dövlətə verdiyi deklarasiyada xərcləri içərisində 33 000 avro məbləğ göstərib ki, bunu da pensiya hesabı və yeni evə daşınması ilə əlaqələndirib. Bundan başqa o, 9 600 avro da işi ilə ilgili bir yerlərə getməsi üçün çəkdiyi xərci dövlətdən geri istəyib. Bütün bunlar normaldır Niderlandda, işlə bağlı xərclədiyin bütün vəsaiti işverəndən geri almaq hüququn var. Normal olmayan odur ki, bələdiyyə başçısının məbləğləri bir qədər şişirtdiyi iddia olunurdu və araşdırmanın nəticələrinə görə bu, öz təsdiqini tapdı. Bələdiyyə başçısı, doğrudan da, xərclədiyindən artıq göstəribmiş məbləği, özü də nə az, nə də çox, düz 4447 avro 88 sent. Artıq cənab Rene Vlissingen bələdiyyəsinin başçısı deyil, istefa verib və ora yeni bələdiyyə başçısı da təyin olunub. Baxmayaraq ki, keçmiş bələdiyyə başçısı sözügedən məbləği artıq geri ödəyib. Adı mətbuatda hallanan keçmiş başçı həmən vəzifədə qalmağı özünə rəva görməyib…
Gülürsüz. Ancaq bu, acı gülüşdür, bilirəm. Məni də məhz acı gülüş tutmuşdu. Bizimkilərin rüşvət alan yerdə videoları yayılır, yenə də «qaşın üstə gözün var» deyən tapılmır onlara. Heç tutduqları vəzifədən uzaqlaşdırılmaqlarını da görmürük. Özlərinin istefa vermək mədəniyyəti isə… Bu barədə danışmaq on qat artıq gülüş yaradar. Bizdə rüşvət almaq, korrupsiyaya bulaşmaq fəxr hesab olunur. Niyə? Ona görə ki, pulun çoxalır. Ona görə ki, pulun çoxaldıqca baş əyənlərin artır. Ona görə ki, pulun çoxaldıqca burnun dik durur. Ona görə ki… Nə qədər desəniz, uzatmaq olar bu siyahını. Bütün bunların günahı isə özümüzdədir. Həmən məmurlar da, deyək ki, icra başçıları bizim millətdən deyilmi? Onlar da öz millətlərini, bizi yaxşı tanıyırlar. Bilirlər ki, pulları çox olsa, onlar içəri girən yerdə hamı ayağa duracaq. Daha onun bu pulları hardan qazandığı kimsənin vecinə olmayacaq. Bax budur bizim ən böyük problemlərimizdən biri. Heç vaxt anlamamışam, bu gün də anlamaqda çətinlik çəkirəm ki, birinin pulunun çoxluğunun digərinə nə aidiyyəti var. Elə etmək olmazmı ki, həmən oğru məmurlar ictimaiyyət içinə çıxanda özlərini narahat hiss etsinlər? Hansısa bir vasitə ilə onları utandırmağa çalışmaq olmazmı? Məmurları qoy kənara, mədəniyyət sahəmizdə nələr baş verir. Bir balaca pulu olan müxtəlif adlar alır. Bəs pulu hardan qazanırlar? Əksəriyyəti gözəlliklərindən. Gör işin harasıdır ki, bişərəfin biri çıxıb qadını haqqında küçə sözləri deyir və sonra da deyir ki, barışmışıq və hətta bundan sonra onları toya aparanların sayı çoxalır, efirlərdən düşmürlər. Bunları kim edir? Nə deyəsən daha…
Bir həqiqəti bilməliyik ki, hər millət layiq olduğu səviyyədə yaşayır. Əgər bizdə rüşvət varsa, haqlarımızı ayaqlayırlarsa və biz bunu adi qarşılayırıqsa, günahı kimdə axtarmalıyıq? Hələ bildiyimiz halda ki, bizə çatacaq pullarla kimlərsə nəticəsinin belə gələcəyini maddi baxımdan təmin edib və biz də həmən «kimləri»sə görəndə ayağa durur, hörmət ediriksə, deyiləcək söz qalmır.
Qonağımızdan soruşdum ki, birdən Vlissingen bələdiyyəsinin başçısı istefa verməsə idi, nə olacaqdı? «Əvvəla, bu, mümkün deyildi. Sonrasına gəlincə, bu hərəkəti ilə etdiklərini bilməyərəkdən etmiş olduğunu sübut etməyə cəhd etdi və indi insanlar arasına rahat çıxa bilər», — deyə cavab verdi. Daha sonra əlavə etdi ki, «Vüqar, Niderlandda bələdiyyə başçıları da, nazirlər də, millət vəkilləri də, bir sözlə, hər bir vəzifə adamı niderlandlılardır (milli mənsubiyyət baxımından yox) və onlar da bizim istifadə etdiyimiz iaşə obyektlərinin xidmətlərindən bəhrələnir, gərəkəndə ictimai nəqliyyatdan istifadə edir, eyni havanı alır, eyni suyu içirik. Biz niderlandlılar isə belə öyrənmişik ki, hər kəs vicdanı ilə bütün bunlara haqq etməli və insanlar içərisinə alnıaçıq çıxmağı bacarmalıdır. Biz qarşılıqlı oturanda bir-birimizin cibinə deyil, üzünə-gözünə baxırıq. Adamın üzünə dik baxmaq üçün isə, necə deyərlər, adamda üz olmalıdır»…
Bütün bunlar ziyalı bir niderlandlının dedikləri idi. Gerisini özünüz düşünün. Bizdə nə qədər məmurun üzü olar üzümüzə baxmağa? Mən burda sözümü, yazımı bitirirəm. «Çox söz yalansız, çox pul haramsız olmaz» deyiblər. Səhv etmirəmsə, Ruminin sözüdür. Yazımı bitirirəm ki, yalana keçməyim. Harama gəlincə, pulum içində haram olacaq qədər çox deyil…
P.S Bununla bütün məmurlara «oğru», bütün imkanlı adamların pullarına «haram» demək fikrində deyiləm. Hər kəsin olanı sağlığına qismət olsun.
P.S.S 1999-cu ildə bələdiyyə, 2000-ci ildə isə parlament seçkilərində namizədliyimi irəli sürmüşdüm və seçki ilə bağlı verdiyim müsahibələrin birində demişdim ki, mən gündəlik xalqın içindəyəm. Yaxın bir adam bunu oxudu və mənə dedi ki, sən ki burda kasıb olduğunu demisən, kim sənə inanar, kim sənə səs verər özün kasıbsansa? «Mən harda kasıb olduğumu demişəm ki?» — sualına cavab olaraq: «Xalqın içində olmaq kasıb olmaq anlamında deyilmi? — deyə cavab aldım. Nə qədər ki, xalqın içində olmaq kasıb olmaq kimi başa düşüləcək, o qədər də bu xalq kasıb olacaq…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 388