«İşverən»
Niderland
Milləti çoxumuz tənqid edir. Ötən yazılarımın birində mən də bu barədə yazmışdım. Səmimi tənqidi, nə gizlədim, tərifi də, sevirəm. Ancaq yerində və qeyd etdiyim kimi, səmimi olsun. Səmimi tənqidin arxasında ancaq yaxşı məqsəd(lər) durur. Ona-buna iftira atmaq, şər-böhtan yağdırmaq, həyasızlıq, paxıllıq etmək və s. mənlik deyil. İmkan dairəsində bu kimi hallardan və böhtançı adamlardan uzaq qaçmağa çalışıram. Arxamca asıb-kəsməkləri (varsa) də vecimə deyil. Məsələni uzatmayım, gəlim mətləbə.
Hüquqlarımızın pozulmasından danışırıq. Ancaq təəssüf ki, tək dövlət təşkilatları (orda işləyənlər də bizdəndir) deyil, özümüz, adi insanlar da bir-birimizin hüququnu pozuruq. Yaxud da, deyək ki, qonşumuzun qanunu pozduğunu görür, ancaq səsimizi çıxartmırıq. Məsələn, Niderlandda qonşundan hər hansı bir məsələyə görə narazısansa, öncə özü ilə danışmalı, xeyri olmasa isə istər polisə, istərsə də digər aidiyyatı quruma müraciət edə bilərsən. Buna görə kimsə səni «işverən» adlandırmayacaq. Başqa bir misal, əgər qonşun öz övladına əziyyət verir, onu incidirsə, yenə də aidiyyatı təşkilatlara müraciət edirsən və yenə də sənə «işverən» deyilmir. Gəl görüm bunları bizdə etmək olar? Kimsə həmən adama salam belə verməz. Bu bizim qanımıza işləyib.
Niderlandda, hazırda yaşadığım yerdə, qonşularımın səs-küyündən otura bilmirdim. Üç ilə yaxın bu vəziyyətdə yaşadım, sadəcə qonşularımın özü ilə danışmaqla işimi bitmiş hesab edirdim. Qonşularımda isə abır yox, həya yox. Elə öz işlərində idilər. Digər qonşularımın:»nə üçün şikayət etmirsən?» — sualına, «bizdə bu ayıb sayılır» — deyirdim. İnanın, mənə dəliyə baxan kimi baxırdılar. Nəhayət dözmədim, evlər idarəsinə, polisə şikayət etdim və artıq mənə yeni ev ayırdılar. Hazırda təmir işləri getməkdədir. İnanıram ki, bu yazım «Ayna»nın saytına qoyulana kimi mən artıq təzə evimə daşınmış olacam!
Hörmətli oxucular deyə bilərlər ki, bura Niderland deyil, burda şikayətə baxan kimdir və s. Ancaq məsələ bunda deyil. Qanunlara da o vaxt əməl olunur ki, vətəndaş hər rastlaşdığı qanun pozuntusuna reaksiya versin. Bizim hər birimizin hüquqları var. Hətta çörək almağa gedəndə belə bizim alıcı, satıcının isə satıcı kimi hüquqları var. Bizim hüququmuz keyfiyyətli çörək almaqdırsa, satıcının hüququ da satdığı məhsulun pulunu bizdən almaqdır. Biz keyfiyyətli çörəklə təmin olunuruqmu? Bunlar əlbəttə ki, xırda misallardır. Bir başqa misal, burda, Niderlandda balaca uşaqlar belə hüquqlarını bilirlər. Bizlər, yəni gəlmələr Niderlanda gəldikdə, yerli qanunlara görə bizlərə ilk növbədə bizə aid olan və eləcə də gündəlik rastlaşacağımız məsələlərdən baş açmamız üçün gərəkən kurslar keçirilir və beləcə qanunları (eləcədə yerli dili!) öyrədirlər. Bu ölkədə qanun şahdır və hər kəsə aiddir və hər kəsə də qanunlar izah olunur, öyrədilir!
Bəs nədir bizim qanunlara biganəliyimizin səbəbi? Özümdən misal gətirim. Mən özümü biləni:»böyük danışanda sən sus,» «özündən böyüyə cavab qaytarma» — və s. bu kimi sözlər eşitdim. «Haqqı heç vaxt nahaqqa qurban vermə, düz bildiyini, düz olanı müdafiə et» — bu sözləri də dedilər valideyinlərim mənə. Ancaq bunları çox sonra, orta məktəb illərinin sonlarına yaxın eşitdim. Bizim ixtiyarımız nə idi, orta məktəbdə müəllimə bir söz deyək, etiraz edək. Susmalı idik, səhv, yaxud düz olmağımızdan asılı olmayaraq. Niderlandda isə uşaqlara balaca vaxtından danışmağı öyrədir:»haqqın olanı tələb et» — deyirlər. 5 yaşlı məktəbli belə bilir öz hüququnu bu ölkədə. Biz övladlarımıza «sus» deyərkən, bunlar «danış» deyirlər. Bəlkə bundan qaynaqlanır? Bəlkə də. Səbəblər çox da ola bilər və əslində çoxdur da. Deyim ki, burda insanlara o qədər sərbəstlik verilib ki, bəzən (hər vaxt deyil) bu sərbəstlik uşaqların tərbiyəsizliyinə belə gətirib çıxardır. Demək istədiyim odur ki, danışmağı da, susmağı da yerində etməliyik. Ancaq bu o demək deyil ki, Avropada hər şey ideal, insanlar qüsursuzdur. Yox, elə deyil. Bu barədə son bir misal, hələlik son. Niderlandda ikinci təhsil alıram. Tələbə yoldaşlarımın birinin fiziki qüsuru var və bu səbəbdən dərslərə gecikir, dərslərdən tez gedirdi. Həmçinin imtahana da gec gəlirdi, hərçənd başqa bir tələbə bir dəqiqə belə imtahana gec gələrsə buraxılmır imtahana. Tələbə yoldaşlarım yığışıb həmin tələbədən şikayət etdilər. Mən qoşulmadım. «Nə üçün belə edirsiz?» — deyə soruşdum. Dedilər ki, xəstədir gedib evində otursun. O, burda başqa bir tələbənin yerini tutur. Bir də ki, istəsə hamı kimi gəlib-gedə bilər dərsinə. Sadəcə fiziki qüsurundan sui-istifadə edir. Eyni zamanda, biz bunları onun xeyrinə edirik ki, anlasın ki, ona hər vaxt güzəşt olmayacaq. Doğrudan da həmən tələbə ondan sonra düzəldi, dərslərinə hər kəs kimi yanaşmağa başladı. Nəticəni özünüz çıxardın. Bilmənizi istərdim ki, burda güzəşt yoxdur, yaxud olsa da, azdır.
Hüquqlarımıza aidiyyatı olmasa da, indi niderlandlıların bəzi xüsusiyyətləri ilə bizim xüsusiyyətləri müqayisə etməyə, yaxud da bunların mədəniyyətindən az da olsa, söhbət açmağa çalışacam. Demək belə, bizlər adam içində nəinki gəyirmək, hətta hıçqırmamağa çalışırıq. Niderlandlılar isə hətta süfrə arxasında belə bərkdən, sərbəst, çəkinmədən gəyirə bilərlər, özlərini saxlamağa belə çalışmırlar (sonra bir kəlmə «sorry,» bağışla deyirlər). Bizlər adam arasında burnumuzu çox ehtiyatla silməyə çalışırıq, niderlandlılar isə hər kəsin yanında burunlarını rahatcana silir (özü də necə lazımdırsa). Bizlər ayaqyoluna (tualetə) getmək istəyəndə açıq demərik, neçə cür ad qoymuşuq ora, mədəni alınsın deyə (bizə görə), niderlandlılar isə hara getdiklərini və getmə səbəbini də adı ilə deyirlər. Bizlər, istədiyimiz zaman bir-birimizin evinə gedər, bunun üçün görüş təyin etmərik. Niderlandda isə az qala ata oğulun evinə belə öncədən görüş almadan getməz (məncə belə daha düzgündür). Bizlər evimizə gələnin qarşısına evimizdə olan hər şeyi düzərik, niderlandlılar isə hər kəsə bir tikə şirniyyat təklif edir, sonra isə qutunun qapağını örtüb mətbəxə aparırlar. Bu siyahını istənilən qədər uzada bilərəm. Mən hansımızın xüsusiyyətlərinin yaxşı, yaxud pis olduğunu demirəm. Özünüz müqayisə edin, hansı yaxşıdır. Özünüz düşünün avropalıların bu xüsusiyyətlərini götürməyinə dəyərmi?
Gəl ki, mən hələ Azərbaycanda olanda müşahidə etmişdim ki, bəziləri millətimizə uymayan hərəkətlər edir, adını da qoyurdular ki, Avropada belə edirlər. Bəlkə bu da bizim sorunlarımızdandır ki, özümüz kimi olmur, özümüzü kiməsə oxşatmağa çalışır və nəticədə ondan da oluruq, bundan da. Ortaya biabırçı görüntü çıxır. Deyim ki, tanıdığım sadə niderlandlıların bir çoxu bizim xüsusiyyətləri, ailəyə bağlılığımızı, qonaqpərvərliyimizi çox bəyənir və özlərində də bu xüsusiyyətlərin olmasını istədiklərini deyirlər. Ancaq bir şeyi də deyirlər ki, biz xaraktercə beləyik, dəyişməyimiz mümkün deyil, buna cəhd etmək də yersiz olar.
Burda son qoymaq istərdim bu yazıya. Ancaq yazmaq istədiklərim də çoxdur. Bir məqamı xüsusi qeyd etmək istəyirəm. Bizlər bir qədər kasıb, imkansız, geyimi yaxşı olmayan (millətimizdən) görəndə ona yuxarıdan aşağı baxırıq. Başqa milləti öz millətimizdən yuxarı tuturuq, hələ o avropalı, yaxud amerikalıdısa onu hədsiz dərəcədə ağıllı bilirik. Ancaq Avropa ölkələrindən birində, Niderlandda yaşayan biri kimi deyirəm ki, heç də elə deyil. Bunların da ağıllıları, ağılsızları, savadlıları, savadsızları və s. var. Bunlar da bizim kimi insandırlar. Sadəcə, bunlar öz mühitlərinə uyğun böyüyür, tərbiyə alır və düşünürlər. Bunların ən gözəl xüsusiyyətlərindən biri odur ki, özləri kimidirlər, millətlərinə, dillərinə, dinlərinə, qanunlarına hörmət edirlər. Bax bu xüsusiyyəti götürməyinə dəyər.
[email protected]
Aynanın yeni köşə rubrikasından.