Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin 20 yaşıdır
Bu il Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin 20 yaşı tamam olur. Dərnək bu illər ərzində bir çox layihələrə imza atıb. Bura Azərbaycanımızın çətin vaxtlarında təşkilat tərəfindən cəbhə bölgəsinə edilən yadımlar, müxtəlif vaxtlarda ölkəmizə qarşı edilən haqsızlıqlara etiraz olaraq mitinq və yürüşlərin keçrilməsi və s. aid etmək olar. Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin başqanı İlhan Aşqın: “Ancaq mən bütün bizim fəaliyyətimizin başında Niderlandın Den Haaq şəhərində Xocalı soyqrımına təşkilatımız tərəfindən ucaldılmış abidəni görürəm. Biz bu abidəni çox çətinliklə ucaltdıq. Nə ermənilərin bizə qarşı olan təpkiləri, nə də başqa səbəblər bizi çəkindirdi. Bundan sonrakı fəaliyyətimizdə niderlandlı söz sahiblərinin də abidənin ziyarət etmələrinə çalışacağıq. Ötən il buranın ən böyük partiyalarından birindən əski millət vəkilinin abidəni ziyarət etməsini və orda bu məsələlərə münasibətini açıqlaması mənə görə az iş deyildi.”
Təşkilat bir qayda olaraq hər il Novruz və digər milli bayramlarımızın burda keçrilməsini yüksək səviyyədə təşkil edir. Insanlarımız bu bayramlarda bir yerə yığışır, şənlənirlər. Bu, həm də həmyerlilərimiz arasında yeni ünsiyyətlərin yaranmasına səbəb olur. Təbii ki, təşkilatın bütün fəaliyyətini bir neçə sətirə sığışdırmaq olmaz. Buna görə də noyabın 1–də ötən müddətə nəzər salmaq və bir növ hesabat vermək məqsədi ilə təşkilat Den Haaq şəhərində geniş salonların birində yubiley tədbiri planlaşdırır. Tədbirdə təşkilatın rəhbəri İlhan Aşqın hesabat xarakterli çıxış edəcək. Eləcə də tədbir iştirakçıları təşkilatın rəqs qrupunun milli rəqslərimizi izləyə, milli yeməklərimizdən dada biləcəklər. Tədbirdə iştirak sərbəstdir və Niderlandda yaşayan bütün soydaşlarımız buyura bilərlər.