Forumda Hacıyevin hərəkəti diqqətdən yayınmadı
Bu günlərdə İstanbulda “Türk Diasporası və Türk Dünyası Vizyonu 2023” mövzulu 2–ci Dünya Türk Forumu təəssüratlarımdan bu yeni yazımda bir daha xatırlıadıram ki, foruma dünyanın 60 dan çox ölkəsindən gələn təmsilçilər sırasında Niderland daha geniş heyətlə iştirak edirdi. Bu da təsadüfi deyildi, zatən bu ölkədə Türklər daha geniş tərkibdə təşkilatlanıblar: Hollandiya Türk Azərbaycan Kültür Dərnəyi, Avrasiya STK Forumu, Bolqarıstan Türkləri, Doğu Türküstan Uyğur Vakfı, Hollandiya Batı Trakya Türk Kültür Dərnəyi, Hollandiya Qazaxıstan Vakfı, Hollandiya Krım Vakfı, Hollandiya Nogay Vakfı,Hollandiya Türkmən Belh Vakfı, İrak Türkləri Gök Hilal Vakfı, Tatarıstan Türkləri və s. kimi qurumların başqanları və ayrıca olaraq jurnalistlər,
ayrı-ayrı şəxslər vardı. Mənim üçün xoş idi ki, bu tərkibdə Azərbaycan adına iki nəfər, jurnalist və bu sətirlərin müəllifi Vüqar Abbasov və Hollandiya Türk-Azərbaycan Kültür Dərnəyinin başqanı İlhan Aşqın da yer alırdıq.
Niderland heyəti bütün forum boyu aktivlik göstərir və imkan düşdükcə öz sözlərini deməyə çalışırdılar. Deyiləsi sözlər isə az deyildi: nə edirik, nələr etməliyik, işlərimizi necə görməliyik, bizi nələr gözləyir, missiyamız nədən ibarətdir…
“Türk Diasporaları 2023” mövzulu iclas zamanı da Niderland heyəti daha çox aktivlik göstərdi. Azərbaycan adından millət vəkili, Dr.Qənirə Paşayeva çıxış etdi. Qazaxstan heyəti də iclasda və ümumən forumda aktivlərdən idi. Avropa Qazax Dərnəkləri Federasiyasının Başqanı, Dr. Abdulkayyum Kesici, Medikulov fonu Başqanı, Prof.Dr. Gülnara Mendikulova, Avropalı Türk Demokratlar Birliyinin başqanı, Dr. Veyis Güngör, DEİK Baş Katibi Bahri Çalıcıoğlu da əsas çıxışçılardan idilər. Müzakirəçilər sırasında isə Dr. Yasemin Cakırer Özservet, jurnalist — Avrasiya STK Forumu Başqanı Burhanettin Carlak (Niderland), jurnalist Vüqar Abbasovun (bu sətirlərin müəllifi) adları var idi. Burhanettin Carlak çıxışı zamanı dünya türklərinin bir arada çalışmalarının vacibliyindən və bu işdə Niderlandda gördükləri işlərdən danışdı. Mən çıxışımda diqqəti Xocalı soyqrımına yönəldərək, dünya Türk diasporunun bu soyqrımı dünyaya çatdırmalı olduğunu qeyd etdim.
Forumun sonuncu günündə söz alan Hollandiya Türk-Azərbaycan Kültür Dərnəyinin Başqanı İlhan Aşkın konkret işlər görməli olduğumuzu dedi və diaspor təşkilatlarına aidiyyəti tapşırıqların verilməli olduğunu qeyd etdi.
Forumla bağlı əvvəlki yazılarımda qeyd etmişdim ki, Azərbaycan tərəfdən də nümayəndələr qatılmışdı. Onların arasında Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Komitənin sədr müavini Valeh Hacıyev də var idi. Lakin diaspor sorumlusu öz işini forumda çıxış etməklə bitmiş hesab etdi və bir daha orda görsənmədi. Bu isə öz növbəsində forumun təşkilatçılarının diqqətindən yayınmadı. Baxmayaraq ki, bütün Avropadan ora cəmi iki Azərbaycan Türkü; İlhan Aşkın və bu sətirlərin müəllifləri qatılmışdı, Valeh müəllim heç işlərin nə yerdə olduğunu soruşmaq belə istəmədi, heç olmasa etika xətrinə.
Yaxşı ki, Türkiyədən forumun iclasına həmyerlilərimiz Prof.Dr. Xanım Xəlilova və Dr. Toğrul İsmayıl da qatılmışdılar və forumun işində sona kimi iştirak etdilər. Hər ikisinin çıxışı forum iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Heç olmasa bununla özümüzə təskinlik verdik ki, Azərbaycanı sona kimi təmsil edənlər oldu.
Foruma Azərbaycan adına son nöqtəni isə Qazaxıstanın UNESCO daimi nümayəndəsi, yazıçı Olcas Süleymanov qoydu. O, çıxışında qeyd etdi ki, sovetlər dönəmində SSRİ–də olan Türk Respublikaları öz Türklüklərini deməyə ehtiyat edirdilər. “Azərbaycanı isə bu sıraya aid etmək olmaz. Azərbaycan hər vaxt öz Türklüyünü bilib” — deyə qeyd etdi. Bu sözləri bütün forum iştirakçıları içərisində, həm də Olcas Süleymanovdan duymaq çox xoş bir hiss idi.