Muəllif:

Cəzalandımı fırıldaqçı?

Niderland

Bir qədər gecikmiş yazıdır bu yazı. Yazmağa vaxt tapa bilmirdim. Dərs, ev tapşırıqları imkan vermir əlavə işlərlə məşğul olmağa. Burax boş-boş ora-bura gəzməyi, bəzən qaydasında yemək yeməyə belə vaxt tapmaq olmur.
Qaçqınlar idarəsindəki iş otağımda əyləşib işimlə məşğul idim. Arada, qəhvə pauzam vaxtı facebooka daxil oldum. Son zamanlar bu sosial şəbəkədə AYNAda çıxan yazılarımı paylaşmaqdan başqa fəaliyyətim olmur, yenə də zaman məsələsi.
İmkan tapan kimi bəzi dostların paylaşmalarını «like» edirəm, həm də fərqinə varmadan ki, həmən fb dostum mənim paylaşmalarıma diqqət edir, yoxsa yox. Belə cılız hisslər məndən çox uzaqdır. Keçim mətləbə, fasilə vaxtı daxil oldum fb-a. Paylaşmalar içində diqqətimi bir video çəkdi, baxdım ki, Sabirabad rayonunun kəndlərinin birində kimsə ələm «uçurur» və bu fırıldaqçıya nə etiraz edən var, nə də bir söz deyən. Əksinə, görüntülərdə hələ ona nəzir verənləri də görmək olurdu…
Dərin düşüncəyə dalmaqdan özümü saxlaya bilmədim. Əcəba biz indi hansı dövrdə yaşayırıq? Nə zamana kimi belə cəhalət baş alıb gedəcək? Ölkəmizdə bu qədər televiziyalar və s. varkən maarifləndirmə nə üçün yox səviyyəsindədir? Hara gedir millət bu cəhalətlə? Axı bu, bizim gerçək dinimiz deyil. Məəttəl qalmışdım. Yox, bunun əksini heç gözləmirdim də. Ancaq düşündüm ki, görəsən belə getsə, millətimizi digər geridə qalmış müsəlman ölkələrinin əhalisinin taleyi gözləmir ki? Elə bu düşüncələrdə idim ki, iş otağımın önündəki gözləmə zalından səslər eşitdim, «MaşAllah,» «İnşAllah» və s. Təbii ki, ALLAHın adının çəkilməsi gözəldir. Təbii ki, mən də müsəlmanam. Mənim demək istədiyim tam başqadır. Diqqət çəkmək istədiyim məqam odur ki, mənim işlədiyim 300 nəfərlik qaçqınlar düşərgəsinin əksər sakinləri müsəlmanlardır, bir neçə erməni ailəsini (onlar da az deyillər) və bir neçə nəfər də digər dinlərin mənsublarını çıxmaqla. Təkrar edirəm ki, qaçqınlar düşərgəsinin əksər insanları bizim dinə mənsub olanlardır. Gəlib, bəzən bəyənmədikləri xristian ölkəsindən sığınacaq istəyirlər. Artıq başqa söhbətin mövzusudur ki, onların ölkələrində problemləri yaradanlar kimlərdir. Mübarizədir, hər vaxt güclü gücsüzü əzməyə, onun var-dövlətini əldə etməyə çalışıb. Bunun həm adi insanlar, həm də dövlətlər səviyyəsində belə olduğunu bilməyən varmı? Var, olmasa idi öz dövlətlərini bu günlərə qoyub, insanlarını küçələrə salmazdılar. Baxırsan müsəlman ölkələrinə, adam söz tapmır deməyə. İraqın vəziyyəti məlum, Misir, Suriya və s. fərqli deyillər, əksinə, daha da pis durumdadırlar. Türkiyədə gedən oyunlara baxın, hicabla gəzib-gəzməmək Böyük Millət Məclisində illərdir müzakirə olunur, elə bil həll etməyə başqa problemləri yoxdur. Başları bunlara qatışdığından sonunda Bərzaniyə «sayın», İraqın şimalına isə «Kürdüstan» dedi Türkiyənin baş naziri. ALLAH bundan o tərəfindən qorusun. Ümid edək ki, kürdlərin planına daxil olan Türkiyə əraziləri bu «kürdüstan»ın sərhədlərinə daxil olmayacaq. Bir müddət öncə AYNAdakı yazılarımdan birində yazmışdım ki, artıq Avropada «Hardan gəlmisən?» sualına kimsə «Kürdüstandan» — deyəndə heç kim təəccüblənmir və «kürdüstan»ın hara olması ilə maraqlanmır. Artıq planlarının bir hissəsini həyata keçirdə biliblər…
Mənimlə görüşmək istəyənlərin birini iş otağıma dəvət edir və tərcümə mərkəzinə zəng edirəm. Qaydalara uyğun ilk olaraq əhvalını soruşuram, cavabında anladığım «əlhəmdüllah» kəlməsini eşidirəm. Telefonun digər tərəfindəki tərcüməçi isə mənim qarşımdakını anladığımın fərqində olmadığından, onun dediyini «yaxşıyam»- deyə tərcümə edir…
Bunu dinləyib yola salandan sonra digər ziyarətçimi içəri dəvət edirəm. Budəfəki mənim müsəlman olduğumu bilirdi, odur ki, içəri girən kimi «salaməleyküm» deyə məni salamlayır. Bununla ayrılanda isə mən ona ondan öyrəndiyim sözü, «tayyib?»- deyirəm. O da öz növbəsində gülə-gülə: «tayyib» — deyir. Ola bilsin ki, yazılışını düz yazmıram, səslənməsi isə belədir və mənası da «anlaşdıq» — deməkdir…
Bir neçəsini bu minvalla yola salandan sonra qapı yenidən döyüldü və başını içəri salan, «Zdravstvuyte. Mojno?» — deyincə həmən gün ilk dəfə ləzzətlə, həm də öz dilimdə: «Hə, gəl» — dedim. Gələn ermənilərdən, dilimizi bilən ermənilərdən idi. Diqqətli oxucular nədən ləzzət aldığımı fərq edəcəklər…
Burda bir məqamı qeyd etməsəm, olmaz. Deyək ki, xristian dininə mənsub kiminsə işi qaçqınlar yerində çətinləşəndə, aidiyyəti dövlət qurumundan oturma izni gələnə kimi o adam kilsələrə müraciət edir və əsasən də kömək alır, ermənilər isə həm də erməni kilsələrindən yardım istəyir və istəkləri də boşa çıxmır. Bu idarədə çalışdığım neçə illərdə eşitmədim ki, hansısa qaçqın müsəlman (qeyd etmişdim ki, onların sayı daha çoxdur) məscidə müraciət etsin, ordan yardım görsün. Niderlandda məscidmi yoxdur? Var, həm də yetərincə…
İş gününün sonunda gözüm yenə sözünü etdiyim videoya sataşdı. Başqa səhifələri açdığımdan fb-un açıq qaldığının fərqinə varmamışam. Getdikcə dahilərimizi, o cümlədən M.Ə. Sabiri daha yaxşı anlayıram. Sonradan heç həmən fırıldaqçının cəzalandırılması xəbərinə də rast gəlmədim. Bəlkə mənim diqqətimdən qaçıb. Cəzalandımı fırıldaqçı? Gəl ki, inanmağım gəlmir…
P.S. Yazını bitirmişdim ki, Space kanalının studiyasında, canlı yayımda kiminsə bədənindən cin çıxarılması ilə bağlı yazılan yazının başlığını gördüm. Var də, zor deyil ki, milləti gic yerinə qoymağa çalışaraq müxtəlif (əslində məlum) yollarla efirlərə yol tapan «cin» kimi oğlanlarımız var. Sonradan da oturub bunları müzakirə edib, bu cür verilişləri «reytinqli verilişlər» sırasına qaldırırıq. Görəsən ağıl duası yazan kimsə varmı…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 350