Muəllif:

Buradan, Niderlanddan baxanda

Niderland

Seçkiyə az, həm də çox az bir vaxt qalıb. Buradan, Niderlanddan baxanda hər iki tərəf, istər iqtidar, istərsə də müxalifət tərəfi bu, yaxud digər formada təbliğatla məşğuldur. Ancaq burda imkanların bərabər olmadığını mütləq qeyd etmək lazımdır. Sözün bütün mənalarında iqtidar tərəfi daha geniş imkanlara malikdir. Elə namizəd seçimində də bunu əminliklə demək olar. İqtidarın namizədi bəllidir. Düzdür, bəziləri ölkə başçısının xanımının da adını prezidentliyə namizəd kimi hallandırmışdı. Ancaq prezident İlham Əliyevin əsas namizəd olacağı kimsəyə sirr deyil. İqtidar partiyası bu məsələdə həmrəydir. Hər halda kənardan baxanda gəlinən nəticə budur.
Gələk müxalifətə. Müxalifət barədə eyni fikirləri deyə bilməyəcəm. Öncə qeyd edim ki, özlərini müxalifət adlandıranların imkanları çox zəifdir. Bəzi partiyalar qərərgahsız qalmaları bir yana, görünən odur ki, həm də maddi problemləri var. Məndə belə təəssürat yaranıb ki, məhz bu səbəbdən, məhz bu problemlərini həll etmək üçün müxalifət gah qərbə, gah da şimala üz tutur. Gələk müxalifətin prezidentliyə namizəd irəli sürmək istədiyi şəxsə. Nə üçün Rüstəm İbrahimbəyovu vahid namizəd kimi görür müxalifət? İbrahimbəyovun şansı beləmi çoxdur? Deməzdim. Bəs onda nə üçün Rüstəm bəy? Mənə belə gəlir ki, Qərb dövlətləri dəfələrlə müxalifəti birgə mübarizə aparmağa səsləyib. Bunlar isə hansısa səbəbdən bir-birinə güzəştə getmək istəmədiklərindən Rüstəm bəyi vahid namizəd seçdilər. Təbii ki, bu səbəblərdən biri ola bilər. Ancaq onların seçimi doğrudurmu? Bunu görəcəyik. Mənə qalarsa, deyil. Ötən yazımda da qeyd etmişdim ki, İbrahimbəyovu Azərbaycanda heç də hamı tanımır. Rüstəm bəy ölkəmizin fəxr edə biləcəyi bir rejissor, ssenarist ola bilər, prezident deyil.
Bir ara sosial şəbəkələrdə Rafiq Əliyevin namizədliyini irəli sürməyi təklif edənlər də var idi. Nədi-nədi Rafiq müəllim hakimiyyətə etiraz etmiş və hakimiyyət tərəfindən işdən üzaqlaşdırılmışdı. Əla yanaşmadı, təbii ki, dırnaq içərisində. Belə olan halda, sabah iqtidar özünün ən yuxarı eşelonunda əyləşənlərdən birini razılaşma əsasında işdən çıxara və sıxışdıra bilər. Müxalifət də həmən şəxsi məmnuniyyətlə sırasına qata və hətta namizəd belə edə bilər. Hələ həmən şəxs hakimiyyətdə olarkən yığdığı pulun ucunu müxalifətə göstərsə, məsələ tam həll olunacaq. Bunu konkret faktlarla da göstərmək olar. Azmı olub bu kimi hallar? Yaddan çıxarmışıqmı müxalifətin dünənə qədər söydüyünü sonradan müdafiə etməsini? Yoxsa müxalifətimiz «siyasətdə daimi maraqlar var» — prinsipi ilə hərəkət edir? Bəlkə də! Ancaq onların maraqlarının nədə olması da mənim maraq etdiklərim sırasındadır.
Dünya təcrübəsində də buna oxşar hadisələr müşahidə olunub. Belə ki, bir partiya öz liderinin seçkidə qalib gələcəyinə inanmayanda, başqa nüfuzlu bir şəxsi namizəd kimi irəli sürüb. ABŞ-ın 34-cü prezidenti Eyzenhaueri misal gətirmək olar. Eyzenhauer də siyasət adamı deyil, ordu generalı idi. Ona görə də həm demokratlar, həm də respulikaçılar ona elçi düşmüşdülər ki, məhz onların partiyasından prezidentliyə namizəd olsun ordu generalı. Eyzenhauer uzun müddət hansı partiyanı seçəcəyini deməmiş və nəhayət: «Mən demokratdan daha çox respublikaçıyam» — demişdi. Ancaq bu generalın həmin dövrdə nüfuzu ABŞ-da çox yüksək olub. Adamın hərbiçi kimi uğurları qazandırmışdı bu nüfuzu ona. Elə bilirəm ki, təkcə NATO Birləşmiş Qüvvələrinin ilk baş komandanı (1950-1952) olmasını qeyd etsək, kifayət olar.
Bəs İbrahimbəyov? O nə edib? Qeyd etdiyim kimi, gözəl rejissor, ssenarist ola bilər. Ancaq bu prezidentliyə yetərlidirmi? Kim yazıb bu gün baş verənlərin ssenarisini? Axı P.Hüseynov da müsahibələrinin birində buna oxşar bir fikir (olduğu kimi xatirimdə qalmayıb) demişdi ki, ilk dəfədir ki, ssenarisi (bəlkə də rejissorluğu) bizə aid olmayan bir oyunda rol almışıq. Bəs kimdir bu «filmin» ssenari müəllifi, rejissoru? Rüstəm İbrahibəyovmu? Elədirsə, bu onun ən zəif ssenarisi və rejissor işi kimi düşəcək tarixə. Buna şübhə etmirəm. Hələ bu ssenarinin sonunda Rüstəm bəyin iqtidar namizədinin xeyrinə öz namizədliyini geri götürməsi, buna oxşar digər addımların atması yer alıbmı? Bu sualların da cavabını görəcəyik.
Müxalifət həmişə olduğu kimi (!) bu seçkidə də qalib gələcəyini deyir. Özünün belə inanmadığı bir şeyə xalqı inandırmağa çalışır. Hər dəfə seçkidən əvvəl, yaxud sonra yeni bir birlik yaratmağı, bəyanatlar verməyi bir iş hesab edir bizim müxalifət. Sual vermək istəyirəm ki, nəyə güvənərək qalib gələcəyini deyir müxalifət? Namizədinəmi? Mən öz fikrimi qeyd etdim ki, olduqca zəif bir seçim ediblər. Bəs nəyə görə belə «inamlı» danışır müxalifət? Ötən seçkilərdən bu dəfəki seçkiyə nə (nələr demirəm) dəyişib? Niderlandda seçkilərdə uğur əldə edə bilməyən partiyanın lideri istefa verir. Yeni gələn lider isə partiyanın növbəti seçkilərdə uğur qazanması üçün əlindən gələn hər şeyi edir və əsasən istəyinə də çatır. Deyə bilərsiz ki, ora demokratik bir ölkədir. Bəli, belədir. Bu xalq on illərdir demokratiyasını qurub, bizdən fərqli olaraq. Ona görə ki, burda müxalifət demokratiyanı tək iqtidardan tələb etmir, partiya daxilində də bunu edirlər. Qeyd etdiyim kimi, lazımi anda istefa verirlər. Bizdə hansı (Etibar Məmmədov istisna olmaqla) partiya lideri ötən müddətdə istefa verib? Bir daha soruşuram ki, nə dəyişib? Liderlər həmən, komanda həmən, sözlər həmən, atdıqları addımlar həmən… Dəyişən bir şey yoxdur. Dəyişən bir şey olmadığı kimi, nəticə də dəyişməyəcək. Mən belə düşünürəm.
Avropa və ABŞ-ın indiki iqtidara dəstək verməsini görməmək mümkün deyil. Əslində bu gün Kremlin də iqtidarımızla probleminin olması hiss olunmur, tam əksinə. Bir sözlə, oktyabr ayı üçün elektron təbrik məktubları hazırdır. Qalır təkcə «Enter» düyməsinə basmaq. Bunlar mənim fikirlərimdir. Siz başqa cür düşünürsüz? Haqqınızdır. Baxaq kim düzgün düşünür bu barədə.
P.S. Neçə vaxtdır ki, mətbuatdan oxuyuram: «İbrahimbəyov Azərbaycana gəlir» və konkret tarix də göstərirdilər. Bir müddət sonra isə: «İbrahimbəyovun gəlməsi təxirə salındı» — deyə yazırlar. Yaxud da İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinasını önə çəkirlər. İndi öz aləmlərində piyarla məşğuldurlar. Birdən İbrahimbəyov Bakıya gəlsə, onun vətəndaşlıqdan çıxma məsələsi həll olunsa (ehtimalla bunlardan ən azı biri olacaq) mütxalifət bunu qələbə kimi təqdim edəcək. Ancaq belə olacağı halda belə, bu, müxalifətin qarşıdakı seçkilər öncəsi son «qələbəsi» olacaq.
Digər variant isə İsa Qəmbərin nüfuzunun artmasına xidmət edəcək ki, növbəti beş ildə «güclü» müxalifəti olsun iqtidarın. Bu variant isə belədir ki, İbrahimbəyovu namizəd kimi irəli sürmək mümkün olmur. Səbəblər müxtəlif ola bilər ki, misal olaraq onun Rusiya vətəndaşlığından çıxma məsələsi öz həllini tapmaya bilər. Bu halda İsa bəyin də dəfələrlə qeyd etdiyi kimi, onun namizədliyi irəli sürülür. Sonra isə onun necə uzaq görən bir siyasətçi olmasını cəmiyyətə sübut etməyə çalışacaqlar. Bir sözlə, müxalifət öncəki seçki dönəmlərində olduğu kimi, hakimiyyətə gəlməyə deyil, növbəti dövrdə əsas müxalifətin kim olmasını müəyyən etməklə məşğuldur. Bunlar mənim düşüncələrimdir… Buradan baxanda.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 419