Muəllif:

Bu bir niderlandlı iş adamının etdikləri…

Niderland
Niderlandda adətən siyasət adamlarından müsahibə almışam. Bu dəfəki müsahibim siyasətçi deyil, iş adamıdır. Həm də sıradan yox, bir çoxlarına örnək olacaq bir iş adamı. Bizi Niderlandın Rotterdam şəhərində yaşayan həmyerlimiz Elxan İsazədə tanış etdi. Yeri gəlmişkən, Avropada onun kimi yerlilərimizin sayı nə qədər çox olarsa, bir o qədər ölkəmizin xeyrinədir. Mətləbdən uzaqlaşmayım, ilk görüşdə məndə çox yüksək təəssürat oyatdı bu günkü müsahibim. Həm özü, həm də xanımı olduqca sadə, gülərüz və qərbi avropalıların bir çoxlarından fərqli olaraq istiqanlı idilər. Bir xeyli söhbətdən sonra bu cütlüyə məəttəl qalsam da, adətim üzrə ilk görüşdə bunu hiss etdirmədim. Bu yaxınlarda yenidən Elxanla zəngləşdik və bərabər bir guşədə kabab çəkməyi planlaşdırdıq. Həmyerlimiz mənim bu günkü müsahibimin də xanımı ilə gələcəyini dedi. Sevindim, bu maraqlı ailə ilə yenidən söhbət etmək imkanım olacaqdı. İkinci görüşümüz olmasına baxmayaraq o qədər səmimi görüşdük ki, elə bil neçə illərdir bir-birimizi tanıyırıq. Uzatmayım, bu dəfəki müsahibim iş adamı, xeyriyyəçi Keys Zəüdervəyikdir (Cees Zuiderwijk).
— Mən fəhlə ailəsində dünyaya gəlmişəm, — deyə Keys söhbətə başlayır. — Ailədəki beş uşağı dolandırmaq üçün həm atam, həm də anam çox işləməli olurdular. Onlar bizi həm də öyrədirdilər ki, nəyin varsa ona görə şükür etmən, uğur əldə etmən üçün də mütləq çalışman lazımdır. Mən bu gün əldə etdiklərimə çatmaq üçün gəncliyimdən bəri sözün əsl mənasında mübarizə aparmışam. Ancaq mənim valideyinlərim, xanımım İneke və ətarfımdakı insanların köməyi olmasa idi, mənə çox çətin olardı. Kömək deyən zaman heç də hərfi mənada anlaşılmasın. Bəzən düşüncələrini bölüşə bilmək, mənəvi dəstək və s. özü çox böyük köməkdir…
Keys danışır və danışdıqca, sanki, yenidən həmən anları yaşayırdı. Əslində bəlkə də mən onu lazım olduğu kimi tədqim etmədim. Keys yetərincə gəliri olan bir iş adamıdır. Dünyanın 75-dən artıq ölkəsində olub. Onun şirkətinin istehsal etdiyi məhsulları almaq üçün dünyanın bir çox ölkəsi növbəyə yazılaraq gözləməli olurlar. Bu qədər böyük bir iş adamının sadəliyi adamı təəccübləndirməyə bilmir. Niderlandlılar həqiqətən sadə olurlar. Keys isə xüsusilə fərqlidir. Elə ilk görüşümüzdəcə ona adı ilə və «sən» deyə müraciət deməyimi istədi. Əslində Niderlandda bu adi bir müraciət formasıdır.
— Övladlarımız artıq böyümüşdülər. Qızlarım ali məktəbi (universiteti) bitirib işləməyə başlayandan sonra xanımım İneke ilə birlikdə onlara dedik ki, bu günə qədər sizin üçün hər şey etdik, daha bəsdir. İndi daha sizin öz işiniz, öz gəliriniz var. Lazım olan vaxt yenə də sizin yanınızdayıq. Ancaq biz həm də imkanı olmayan insanlara kömək etmək istəyirik. Daha sonra İneke ilə düşündük ki, nə işlə məşğul ola, kimə yardım edə bilərik? Axı mənim gəlirim yetərincə yaxşıdır. Nə edəcəyəm ki, o pulları? (Bu yerdə istədim deyəm ki, nə edəcəksən, yığ otur üstündə. Bacarmırsansa, səni Azərbaycana, bir çoxlarının yanına təcrübəyə göndərim. Onlar bunu yaxşı bilirlər. Ancaq yenə də susdum — V.A). Beləliklə, biz bir qurum, xeyriyyə təşkilatı yaratdıq. Müntəzəm olaraq uşaq evləri ilə əlaqə saxlamağa başladıq və beləliklə 9 il öncə Polşanın şərqində bir uşaq evinə rast gəldik ki, ora olduqca pis gündə idi. O uşaq evinin hər şeyə ehtiyacı var idi və biz sponsorlarla birlikdə həmin uşaq evinə yataq dəstləri, soyuducular, velosipedlər, məktəb üçün avtobus, kompüterlər və s. lazım olanları aldıq. Mən bu proyektə rəhbərlik edir və maddi tərəfini təmin edirdim.
Daha sonra cənab Keys və xanımı İneke ayrıca olaraq uşaqlara diqqət verməyi, onlara şəxsi qayğı göstərməyi qərara alırlar. Onlar istəyirdilər ki, uşaqların bütün istədiklərini versinlər. Bu məqsədlə Keys və İneke Polşaya kəşfiyyat xarakterli səfərə çıxır və orda belə bir nəticəyə gəlirlər ki, uşaq evindəki uşaqların Niderlanda səfərini təşkil etsinlər.
— Biz belə də etdik. O uşaqlar hərəsi bir səbəbdən uşaq evlərində idilər: kimisi ailəsi tərəfindən döyülmüş, kimisi atılmış, kimisinin valideyinləri içkiyə qurşanmış, kimisininki narkotikə və s. Bu uşaqların hər şeydən çox sevgiyə, qayğıya ehtiyacının olduğunu anladıq. O zamandan bu günə kimi biz hər il bir qrup uşağın Niderlandda bir həftəlik istirahətini təşkil edirik. İlk qrup sentyabrda gəlmişdi. Sonradan mən İnekeden soruşdum ki, tətilə getməmiz üçün nəyə görə otel və s. lazım olanı (niderlandlılar adətən ən azı ildə bir dəfə istirahətə gedirlər) sifariş etməyib? O, mənə dedi ki, gəlsənə Polşaya gedək, uşaq axtarmağa, xüsusən ilk dəfə bizim evdə olmuş 14 yaşlı Eva və 13 yaşlı Madzianı ki, onlar hərəsi ayrı-ayrı uşaq evlərindən idilər. Öz avtomobilimizlə gedib qayıtmaq, Polşada gəzmək də daxil olmaqla 4000 km. yol qət etdik. Ümumilikdə 150 uşaq evini gəzdik, uşaqlarla yatıb, uşaqlarla durduq. Ona görə də uşaqlar bizi özlərinə doğma bilirlər. Nəhayət məhz Eva və Madzianı övladlığa götürmək qərarına gəldik. Ona görə onları seçdik ki, onlar bizdə olan ilk uşaqlar idi.
Keys və İneke bu qızların qarşısında şərt qoyurlar ki, onlar spirtli içkilər içməməli, siqaret çəkməməli, oğlanlarla görüşməməli, bütün pis işlərdən kənar durmalıdırlar. Belə olacağı halda onlara hər mənada, istər maddi, istərsə də mənəvi kömək edəcəklər. Qızlar sevinərək bütün şərtləri qəbul etdikdən sonra Keys sənədləşmə işlərini yoluna qoyur və beləliklə bu qızlar Keysin və İnekenin ögey övladları olurlar. İndi artıq qızlar böyüyüblər, Eva vizajist və saç ustası diplomunu alıb. Madzia isə Bialystok Pedoqoji Universitetinin ikinci kursunda təhsil alır.
— Biz onlara özlərinin gəliri, onlara yetəcək qədər gəliri olana kimi maddi kömək edəcəyik», — deyə Keys söhbətinə davam edir. Doğma övladlarımıza da belə etdik. İndi onlar hər il bizə gəlirlər. Hələlik bizim hesabımıza, gəlirləri olan kimi biz onlara yardımı saxlayacağıq. Ona görə ki, dünyada yardıma ehtiyacı olan çox insan var…
Bəli, bu bir niderlandlı iş adamının etdikləri… Adam neçə illərdir təmənnasız olaraq yardım edir, bu barədə isə kimsə bilmir, heç yerə danışmır, reklam etmir özünü. Elə mənə də müsahibəni asanlıqla vermədi. Əslində ondan müsahibə də almadım. Sadəcə, etdiyimiz söhbəti Azərbaycanda çıxan «Ayna» qəzetinə yazmaq istədiyimi dedim. Etiraz etdi, dedi ki, mən bunları kiminsə bilməyi üçün etmirəm. Mən çox israr etdim. Dedim ki, mən bunları yazmaqla bəlkə kiminsə yatmış vicdanını oyada bilərəm. Yaxud kimsə bir başqasına necə kömək edəcəyini bilmir, sizin etdiklərinizdən faydalana bilər. Çox düşünəndən sonra bu sətirləri yazmama razılıq verdi. Ancaq dəfələrlə xahiş etdi ki, çalışım onu çox tərifləməyim. Sadəcə, əsas vurğunu insanlara kömək etməyin vacibliyinə vurum. Edə bildimmi bunu? Bilmirəm. Bunu sizlər bilərsiz.
Bir də onu qeyd edim ki, Keys həqiqətən maraqlı adamdır. Saçını xanımı qırxır. Deyir ki, mən həmən pula başqa bir iş görərəm. Yuxarıda da qeyd etdiyim kimi, dünyanın bir çox ölkəsini gəzib, həm də Məşhəd şəhərində olub. Həmyerlimiz Elxan onu bəzən zarafatla «Məşədi» — deyə çağırır. Əlbəttə, o, «Məşədi» deyil. Ancaq insanlara yardım etməyi sevir. Bizim müasir hacılarımız necə, kiməsə kömək etdiklərini xatırlayırlarmı? Hələ bir düşünün, hacılar, görün son dəfə kimin əlindən tutmusuz. Təbii ki, bütün hacılarımıza aid deyil. Bizdə nə qədər desəniz Hacı var. Təbii ki, onların içərisində gerçək imanlı olanlar da az deyil. Yazıya heç bir aidiyyəti olmasa da, bu yerdə vaxtilə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində baş vermiş bir əhvalatı xatırladım (səhv etmirəmsə, rəhmətlik Eldar Baxışın kitabından oxumuşam). Radionun redaksiyalarının birində iki Hacı (adları Hacıymış) işləyir və ikisi də eyni otaqda otururlarmış. Onlardan biri cavan, digəri isə yaşlı imiş. Bir gün yaşlı Hacı tək oturur otaqda və bu vaxt qəşəng, gənc bir xanım qapını açıb soruşur:
— Bağışlayın, Hacını görməmisiz?
Yaşlı Hacı cavan adaşını qısqanır, düşünür ki, bu qəşəng xanım nə üçün onu yox, digərini soruşur və deyir:
— Nə Hacı, hansı Hacı? Bizdə Hacı çoxdu, bacı…
P.S. Bu yazını hazırlayarkən balaca İmranın Nabran istirahət mərkəzlərinin birində başına gələnləri oxudum və çox üzüldüm. Ardınca Emin Ağalarovun onun bütün müalicə xərclərini ödəyəcəyi xəbərini, daha sonra isə prezident İlham Əliyevin bütün xərclərin dövlət hesabına ödəniləcəyini deməsini oxudum. Şad oldum ki, istər cənab Ağalarov, istərsə də cənab prezident bu cür humanistlik göstəriblər. Ancaq qəzetlərin bunları bu qədər şişirtməsi, reklam etməsi sıxdı məni. Ölkə başçısı öz vətəndaşına diqqət göstərib və bir daha deyirəm ki, alqışlana bilər. Ancaq hər şeyin öz qaydası, öz ölçüsü var. Tərif və tənqid etməyin də yeri var.
Bu yerdə bir şeyi də qeyd etmək istəyirəm ki, bəziləri yazırdı ki, bilmirəm bu uşaq filan ölkədə olsa idi belə olardı, elə olardı və s. O mənada deyirdilər ki, guya bu əhvalat başqa bir ölkədə olsa idi dövlət, yaxud sığorta şirkəti ödəyəcəkdi bütün xərcləri. Həqiqət olan məqamlar çoxdur. Ancaq bu, həm də sənin sığortanın şərtlərindən aslıdır. Heç də bütün xərclər sığortanın bütün növlərində nəzərdə tutulmayıb. Sığortanın da öz şərtləri var. O ki, qaldı bizdə sığortanın olmamasına, təbii ki, olması yaxşı olardı. Ancaq unutmayaq ki, ABŞ — ın bir çox ştatlarında xəstəlik sığortası bir neçə il öncədən tətbiq olunmağa başlayıb. Bütün bunlar barədə növbəti yazıların birində…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 365