Muəllif:

Bizim bir şeyə ehtiyacımız var: tora

Niderland
Bir vaxtlar AzTV-də Qulu Məhərrəmli ilə bir yerdə, ayrı-ayrı redaksiyalarda olsa da, çalışmışam. Məndən öncə isə rəhmətlik atamla həmkar olublar (necə deyərlər, indi olmasınlar). Mənə hər vaxt «gənc» deyə müraciət edirdi, Qulu müəllim. Əslində onun özü də yaşlı deyil, sadəcə mən ona, o bir başqasına, biz hamımız isə dünyaya görə gəncik. Ancaq mən imkan daxilində, bu ustad qələm sahibinin yazdıqlarını oxumağa, televiziyadakı verilişlərini izləməyə və hər dəfə də ondan bir şey öyrənməyə çalışmışam (bacarmışammı?!). Ona isə heç vaxt bunu etiraf etməmişəm, başqa cür anlaşılacağından ehtiyat etmişəm. Bəlkə də bu bizim ən böyük problemlərimizdəndir ki, düşündüyümüzü deməyə ehtiyat edirik. Ətrafda o qədər iyrənc yaltaqlıq görürsən ki, düşündüyünü demək belə çətin gəlir sənə. Bilmirəm ki, onun məndən xoş sözlər eşitməyə ehtiyacı varmı? Hər halda, Qulu müəllim elə ustadlardan xoş sözlər eşidib ki, mənim sözlərim ona adi gələ bilər…
Uzatmayım. Bu ustad jurnalistin «Ayna»dakı yazısını, «Vətənpərvərlik, boşboğazlıq və Yapon fədakarlığı»nı, oxudum. Həqiqətən «vətənpərvər» sözünü elə ucuzlaşdırıblar ki, vətənə olan sevgini də deməyə qorxur, içində saxlayırsan. Bir çox mənəvi dəyərlərin ucuzlaşdığı kimi, bu hissi də ucuzlaşdırdılar, alver, qazanc mənbəyinə çevirdilər. Bu ad altında milyonlar qazananlar, lazım gələndə isə: «saxta vətənpərvər» deyə şantaj edərək, həqiqi vətən sevgisini içimizdə boğmağa məcbur etdilər bizləri. «Bizləri» dedim və özümü də gerçək vətən sevənlər içinə daxil etmiş oldum. Özümün səmimi olduğumu bilə-bilə, az qala özümə belə şübhə edirəm…
Vaxtaşırı Azərbaycan mətbuatına daxildəki problemlərimizlə bağlı yazılar yazıram, bunu da ölkəmi sevdiyim üçün, səmimi edirəm. Qulu müəllim yazısında çox gözəl qeyd edib: «Halbuki jurnalist vətənpərvərliyinin çox sadə formulu var: baş verən olayları dəqiq və qərəzsiz xəbərləmək, cəmiyyəti düzgün məlumatlandırmaq!». Mən də burdakı həyat tərzi və s. barədə insanlarımıza məlumat verməyə, onların da belə həyat yaşamağa haqları olduğunu deməyə çalışmışam, həmən yazılarla. Məsələn, yazmışam ki, mənim burdakı aylıq gəlirim, təxminən Azərbaycandakı bir nazirimizin aylıq əmək haqqına (gəlirinə yox!) bərabərdir. Mən milyonçu deyiləm. Ancaq onlar milyonçudurlar. Soruşmuşam ki, nədir bunun səbəbi? Haqsızammı, ustad? Bizdə isə düzünü deyənlərə çox vaxt yaxşı baxmırlar. Nədənsə Çingiz Aytmatovun «Cəmilə» povestindəki balaca oğlanın çəkdiyi ilk rəsmə görə «xain» adlandırılmasını xatırladım. Bilmirəm yerinə düşdümü?
Ustad jurnalist hörmətli Elçin Şıxlının yaponlarla bağlı yazmış olduğu yazıdan (təəssüf ki, o yazını oxumamışam) sitat gətirib. Doğrudan da gözəl bir örnəkdir. Ustad yazını bu cümlə ilə bitirib: «Və yapon jurnalistləri heç vaxt vətənpərvərlikdən danışmırlar». Ustad, onlar «vətənpərvərlikdən» «çörək pulu» çıxarmırlar axı. Niderlandda da eynilə ordakı kimi, heç kim vətənpərvərlikdən danışmır. Vətənin qeydinə qalmalı olanlar, bunu lazımınca edirlər. İnsanlar nə üçün bir-birini bu adla şantaj etməli, yaxud bu adla para qazanmalıdırlar ki? Elə həmən yaponlarda belə bir misal var: «Birinə kömək etmək istəyirsənsə, ona balıq yox, balıq tutmaq üçün tor ver». Bizi isə gündəlik «balığ»a öyrədiblər, ustad! Həmən «balıq» üçün nə desələr, onu da edəcəyik, saxta vətənpərvərlik də daxil. Həmən «balıq» verənlər də işlərinə gəlməyəndə, insanları «xain» adlandıracaq, «vətənpərvər» olmamaqda suçlayacaqlar. Bunlardan qurtarmaq üçün bizim bir şeyə ehtiyacımız var: tora. Ancaq millətimizin bir-birini salmağa çalışdığı tora yox, «balıq» tutmaq üçün lazım olan «tor»a.
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 219