Biz isə hələ fevrala qədər tətildəyik
Niderland
Niderlandlıların ən sevdiyim adətlərindən biri də istirahətlərinə diqqət vermələridir. İldə dörd həftə məzuniyyət götürmək haqqı var hər bir niderlandlının. Bəziləri bu haqqını ildə iki dəfə və hər dəfə də iki həftə məzuniyyətə çıxmaqla istifadə edirlər. Demək olar ki, əksəriyyəti həmən vaxtı başqa ölkələrdə keçirtməyə üstünlük verirlər. Xüsusən yayda buralarda çox sakitlik olur. Kimsəni narahat etmək mümkün deyil bu fəsildə. Siyasilərə belə yazdığın məktublar cavabsız qalır və elektron poçtlarına göndərdiyin məktublara təxminən belə bir cavab gəlir ki, hazırda məzuniyyətdəyəm, filan vaxtdan sonra sizə cavab verə biləcəm (təbii ki, proqramlaşdırılmış cavabdır). Niderlandlılar kimi bizim diasporumuzun nümayəndələri də istirahət edirlər. Ancaq niderlandlıları anlayıram, onlar il ərzində işləyib yayda yorğunluqlarını çıxardırlar. Bizimkilərə gəlincə… Onlar da yorulurlar…
İndi də yay mövsümüdür və artıq bitmək üzrədir istirahət vaxtı. Qeyd etdiyim kimi, hamı istirahətdə idi, təkcə erməni diasporundan başqa. Əgər bu günlərdə abunəçisi olduğum jurnalı almasaydım, düşünərdim ki, onlar da istirahət edirlər. İşlədiyim qaçqınlar idarəsindən aylıq jurnala abunəyəm. Bu günlərdə jurnalın növbəti nömrəsini aldım və vərəqləməyə başladım. Diqqətimi bir şəkil və bir yazı çəkdi. Bu bir kitab haqqında balaca bir məlumat idi. Kitabın üz qabığının şəkli və kitabda nədən bəhs olunduğu barədə qısa məlumat da verilib jurnalda. Başlıq belədir: «Erməni diasporu». Kitab «Aramın gündəliyi» adlanır və Maria Angels Anglada adlı bir nəfər tərəfindən yazılıb. Yazılandan belə anladım ki, kitabda 15 yaşlı Aramın 1915-ci il «erməni genosidi» vaxtı anası və bacısı ilə birgə Yunanıstandan keçməklə Fransanın Marsel şəhərinə qaçmağından söhbət gedir. Aram kimdir? Olubmu belə bir adam? Bunları bilmirəm. Bildiyim odur ki, kitab yazılıb və yaxşı da təbliğ olunur. Abunəçisi olduğum jurnalın sonunda isə bir krossvord qoyulub ki, kim onu tez doldurub redaksiyaya göndərsə, bu kitabdan birini hədiyyə qazanacaq…
Erməni diasporu istirahət etmir, ilin bütün fəsillərində işləyir (Bəzən düşünürəm ki, onlar fəaliyyətləri ilə istirahət edirlər). Onlar fəaliyyət istiqamətini düzgün seçiblər. İstər-istəməz yadıma Niderlanda gələn və diaspor fəaliyyəti ilə maraqlanan şəxslərlə görüşlərimi saldım. «Rəqs qrupunuz varmı?», «Mitinq keçirtmək imkanların nə qədərdir? » və s. bu kimi sualları eşitmişəm hər vaxt. Cavabında: «Mənim nə rəqs qrupum, nə də mitinq keçirtmək imkanım var. Bütün bunlar gözəldir. Sadəcə, mənim imkanlarım daxilində deyil. Mənim yerli siyasətçilərlə, mətbuat nümayəndələri ilə münasibətlərim var. Bununla bağlı edə biləcəyim bir şey varsa deyin, yoxsa işimlə məşğul olum», — demişəm və bir qayda olaraq «öz işimlə məşğul» olmalı olmuşam. Təbii ki, ölkəmizin mədəniyyətini də təbliğ etmək, lazım gələrsə, mitinq keçirtmək də lazımdır. Ancaq bunlar hər şey demək deyil. Məsələn, məmnuniyyətlə bir yerli yazıçının Azərbaycana gəlməsini, Xocalı hadisələrinin şahidi ilə görüşməsini və onun danışıqlarını bədii bir dildə niderlandlı oxuculara çatdırmasını istərdim. Lazım gələrsə, bu istiqamətdə çalışmaq da olardı. Ancaq bu «lazım» heç vaxt lazım olanda gəlmir…
Bizim diaspor fəaliyyətimiz əsasən iki məsələnin üzərində qurulub: Xocalı faciəsi və Novruz şənlikləri. Bundan başqa, 31 Mart soyqırım günü və 28 May — Respublika günü də yüngülvari qeyd olunan günlərdir. Demək ki, bizim fəaliyyətimiz əsasən fevralda başlayır və mayın sonunda bitir. Budur bizim diaspor fəaliyyətimiz. Təbii ki, Xocalı faciəsini bir yerdə anmamız, Novruzda bir yerə yığışmamız, 31 Martı, 28 Mayı qeyd etməyimiz yaxşı haldır. Ancaq hər il eyni ssenari, eyni mətn. Bir sözlə, özün de, özün eşit. Erməni diasporu isə kitablar yazdırır, filmlər çəkdirir, süjetlər hazırlatdırır, sərgilər təşkil edir və s. Hər şey edirlər və ilin bütün fəsillərində. Hətta indidən 2015-ci ilə, «erməni genosidi»nin 100 illiyinə hazırlıq belə aparırlar. Nəinki indidən, bir neçə il öncədən başlayıblar bu hazırlığa. Biz hələ istirahət edək…
Bir qədər təvazökarlıqdan kənar səslənsə də, bəzi şeyləri qeyd etmək istəyirəm. Yerli mətbuatda dəfələrlə Azərbaycanla bağlı yazılarla çıxış etmişəm. Bu yazılarda müxtəlif mövzulardan, Xocalı faciəsindən, prezident seçkilərindən və s. yazmışam. Ancaq azdır. İnanıram ki, ayrı-ayrılıqda məndən də artığını etmək istəyən, ola bilsin, edən soydaşlarımız da var. Ancaq plansız, pərakəndə edirik bunları. Dəfələrlə yazdığım kimi, bəzi lazımlı görüşlərə gedəndə əlində aparmağa Azərbaycanla bağlı material belə tapa bilmirsən.
Nə başınızı ağrıdım, yalandan asıb-kəsməklə deyil. Olduqca az işlər görmüşük, hətta görünməyəcək qədər az. Bəlkə kimlərsə inciyə bilər, zəhmətlərini heçə endirdiyimi düşünər. Özləri bilər. Mən öz etdiyim hər şeyi də heç hesab edirəm. Nəticə yoxdursa, demək ki, heç nə etməmişik. Nəticəyə deyil, görüntüyə görə işləyəcəyiksə, nəticə olmayacaq. Buna əmin olun. Reklam üçün görülən işlərin elə reklam çarxlarının ömrü qədər qısa olur ömrü. Məqsədimizi, məramımızı dəqiqləşdirməliyik.
Yay bitdi. Niderlandlılar tətildən döndülər. Ermənilər zatən tətil etmirlər. Biz isə hələ fevrala qədər tətildəyik. Xoş istirahətlər…
P.S. Bu yazını kimsə öz üzərinə götürməsin. Tam səmimi deyirəm ki, ayrı-ayrılıqda heç kimi, heç bir təşkilatı nəzərdə tutmamışam. Bu yazı nə sənə aiddir, nə ona, nə də bir başqasına. Bu yazı bizə aiddir, bizim hamımıza…
[email protected]