Biz hansı Avropaya doğru gedirik?
Niderland
Bu gün Avropanın əksər ölkələrində demokratiyadır, insanlar fikirlərini istədikləri kimi ifadə edir, seçki vaxtı səslərini istədikləri namizədə, yaxud da partiyaya verirlər. Nə üçün «Avropanın əksər ölkələri» yazdım? Ona görə ki, Avropa böyükdür. 1 yanvar 2007-ci ildən Avropa Birliyinə daxil olan dövlətlərin sayı 27-dir. Bura Almaniya, Niderland və s. kimi inkişaf etmiş, Yunanıstan, Bolqarıstan və s. kimi hələ də inkişafda olan dövlətlər daxildir. Odur ki, bizlər: «Avropaya doğru gedirik,» «Avropa modelini əsas götürməliyik» deyəndə bir qədər konkret danışsaq, daha yaxşı olar, deyə düşünürəm. Bir neçə dəfə bunu yazılarımda vurğulamışam. Mən sizə hazırda yaşadığım ölkədən, Niderlanddan yazacam. Niderland, həqiqətən, demokratik ölkədir. Burda istədiyini yaza, deyə bilərsən. Söz azadlığıdır. Sənin dediyin nə qədər nəzərə alınır, bax bu, başqa mövzunun söhbətidir. Seçkilər öncəsi partiya rəhbərləri, ayrı-ayrı namizədlər insanlarla görüşür, onları proqramları ilə tanış edir, bütün siyasətçilər kimi, çoxlu vədlər verirlər. Dediklərinə əməl edirlərmi, bu da başqa vaxta qalsın. Hər bir halda Niderland siyasətçisi növbəti seçkilərdə yenə də xalqın qarşısına çıxmalı və ondan dəstək istəməli olduğunu unutmur…
2013-cü il Azərbaycanda prezident seçkiləri ilidir. Seçki öncəsi aktivlik varmı Azərbaycanda? Bunu sizlər, yəni orda yaşayanlar, daha yaxşı bilərsiz. Mən burdan müşahidə edirəm ki, iqtidar hazırkı prezidentin, İlham Əliyevin namizədliyini bir daha irəli sürmək istəyir. İndiki Konstitusiyamıza görə, buna haqları da çatır. Müxalifət düşərgəsindən də ənənəvi namizədləri görürəm. Ölkəmizin əsas qanunlar toplusu onlara da bu haqqı verib. Nə qədər istəyirsən namizəd ol. Hətta ölkə qanunlarına görə, kimsə təzə doğulmuş körpəsinə belə Namizəd adı verə bilər ki, bu zaman o, anadangəlmə və tam sona kimi namizəd olacaq. Necə deyərlər, namizədlik alnına yazılmış olacaq. Digər namizədlər də ki, öz yerində. Bir balaca əhalisi olan ölkədən o qədər namizəd çıxır ki, bir azdan hər 1 000 nəfərə bir namizəd düşəcək. Müxalifət, ayrı-ayrı təşkilat və qüvvələr tərəfindən ara-sıra mitinq keçirmək cəhdləri və iqtidar tərəfindən həyata keçrilən həbsləri də nəzərə alandan sonra başqa bir aktivlik müşahidə etmirəm mən Azərbaycanda. Ancaq 2013-cü il Azərbaycanda seçki ilidir, həm də prezident seçkisi ili…
2014-cü ildə isə Niderlandda bələdiyyə seçkiləri ilidir və artıq partiyalarda seçki hazırlıqlarına başlanılıb. Gördüyünüz şəkildə mən Niderlandın ikinci böyük partiyasının, PvdA-nın (İşçi Partiyası) yaşadığım ərazi, Sxouven Dəüvland (Schouwen Duiveland) üzrə növbəti toplantısındayam. Ümumiyyətlə, mən bu partiyanın ərazimiz üzrə bütün toplantılarına qatılır və gələcəkdə də siyasi karyeramı bu partiyada davam etdirmək fikrindəyəm ki, bu da tam ayrı mövzudur. Keçirdiyimiz son iclas vaxtı 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində partiyamızın şanslarını da dəyərləndirdik və seçkilər vaxtı hansı partiyalarla əməkdaşlıq edəcəyimiz də əsas müzakirə mövzularından idi. Qeyd edim ki, Niderlandda partiyaların yerlərdə keçirilən iclaslarında əsasən həmən ərazinin bələdiyyəsinin məsələləri müzakirə olunur, cari məsələlərdən danışırlar. Ancaq parlament seçkiləri vaxtı yerlərdən də namizədlər irəli sürülə bilər və sürülür də.
Son iştirak etdiyim iclasda, yuxarıda qeyd etdiyim kimi, cari məsələlərlə bərabər, 2014-cü ildə bələdiyyələrə keçiriləcək seçkilər əsas müzakirə mövzularından biri idi. Qərara alındı ki, gələn iclaslarda da bu məsələ müzakirə olunsun, veriləcək namizədlər müəyyən edilsin və s.
Hazırda, demək olar ki, Niderlandın bütün bələdiyyələrinin ərazisində eyni məzmunlu iclaslar keçirilir, partiyalar harada, hansı ərazidə şanslarının nə qədər olduğunu müəyyənləşdirir, seçkilərə birgə gediləcək partiyalarla danışıqlar aparırlar. Niderland artıq bələdiyyə seçkilərinə hazırlaşır, 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə…
[email protected]