Muəllif:

Bir xeyli dincəldim

Niderland
İki həftədən artıq dayanmadan (təbii ki, yatmaq vaxtını çıxmaq şərti ilə) fiziki işlə məşğul olduğuma rəğmən (yeni evə köçməyimlə əlaqədar), xeyli dincəldim. Bir müddət sosial şəbəkələrdən, mətbuatdan və s. kənar düşdüm. Bəlkə elə buna görə də dincəlmiş oldum. Sonradan mətbuata ötəri nəzər salıb Türkiyə olaylarından, Kərkükdə — Türkmən Elində baş verənlərdən və s. xəbər tutunca dincliyim getdi. Çox üzüldüm. Harda türk milləti varsa əzməyə çalışırlar. Nədir türkün bu taleyi? Hər bir sərvətimiz var. Sərvətimizdən çox isə düşmənlərimiz. Biz Turandan danışırıq, təəssüf ki, həm Kərkükdə, həm Uyğur diyarında və s. olanlara biganəyik. İşimizi gah Türkiyədə, gah Azərbaycanda, yaxud başqa ölkədə keçirilən forumlarla, tədbirlərlə bitmiş hesab edirik. Ad seçməyə gəlincə isə ən təmtəraqlısını seçirik. Danışıq, danışıq və yenə də danışıq. Üzeyir bəyin felyetonunu («Ordan burdan») xatırlamaya bilmirəm burda. Sonda pişik bizi yeyəcək…
Bir də bu müddətdə Milli Şura yaradılıb və hətta axır ki, müxalifət «vahid»i tapıb, vahid namizədi müəyyənləşdirib: bu, kinorejissor Rüstəm İbrahimbəyovdur. Burda bir «molodes» demək istəyirəm. Bu seçim, mənə görə bu başdan yanlış bir seçimdir. Seçkilərin demokratik keçiriləcəyi halda belə, İbrahimbəyovun qalib gələcəyi inandırıcı görsənmir. Sadəcə baxaq, regionlarda neçə faiz insan tanıyır müxalifətin namizədini? Nağıllarımızda söz açılan, bir vaxtlar insanların arzuladığı və şifahi xalq ədəbiyyatımızda əksini tapan bu arzuların bir çoxu bu gün real həyatımızda var. Məsələn, sehirli güzgü — televizor, uçan xalça — təyyarə, dol küpəm dol — rüşvət və s. Bir də oxuyurduq ki, div, yaxud simurq quşu tükündən nağıl qəhrəmanına verir ki, lazım olanda yandır, həmən gəlim. Bunu da müasir telefonla və telefon nömrəsi verməklə müqayisə etmək olar. Söyləmək istədiyim odur ki, hətta nağıllarımızdakı arzular belə reallaşıb. Ancaq mənə elə gəlir ki, müxalifətin bu arzusu heç reallaşana, həyata keçənə oxşamır. Hələ onu demirəm ki, İbrahimbəyov hansı xüsusiyyətlərinə görə YAP-ın namizədindən artıqdır? Nə üçün seçicilər İbrahimbəyova səs verməlidirlər? Mənə bir də o maraqlıdır ki, nə səbəbə bir-birinə güzəştə getməyən liderlər İbraimbəyovun namizədliyinə razılıq verdilər? Elə həmən Milli Şurada təmsil olunan Sabir Rüstəmxanlının «Yeni Musavat» qəzetində çıxmış böyük bir yazısında (yazının adını unutmuşam) İbrahimbəyovun məhz şəxsi maraqlarına görə iqtidardan narazı qaldığına işarə etmişdi. Yazını oxuyanda məndə belə bir hiss yaranmışdı ki, o boyda yazını yazmaqda Sabir bəyin məqsədi elə həmən məqama diqqət çəkmək idi. Bəlkə də səhv edirəm? Ola bilər. Suallar çoxdur. Mənimlə razılaşmayan, ittiham edənlər də ola bilər və mütləq olacaqdır. Ancaq fərq etməz. İqtidardan hesab sormaq hüququmuz olduğu kimi, müxalifətə də sual verə, etiraz edə bilərik…
Bu arada Misirdə ara qarışıb. Bu da «ərəb baharı»nın nəticələri…
Bir də ötəri oxudum ki, Putin də çıldırıb, hətta arvadından ayrılıb. O qədər çıldırıb ki, qollarını çirməyib və əllərini yenə də başqa ölkələrə uzadıb. Vaxtilə sovetlərdən ayrılmış respublikaları yenidən geri qaytarmağa iddialıdır, iraq Azərbaycandan. İndi XXI əsrin əvvəlidir. Ümid edək ki, XX əsrin əvvələrində olanlar təkrar olunmayacaq…
Sosial şəbəkələrdən məlumat aldım ki, Bakıda böyük bir tədbir keçirib diaspora məsul komitəmiz. Biz sonradan, ordan-burdan eşidirik bu barədə. Bir müddət öncə İstanbulda keçrilən «Türk Diasporası və Türk Dünyası Vizyonu 2023» adlı foruma dəvət alsam, hətta çıxış etmək imkanım olsa da, ölkəmdə keçrilən oxşar tədbir barədə kimdənsə eşidirəm. İnanın ki, məsələ məndə, ora dəvət alıb-almamağımda deyil, dəvətlilərin siyahısındadır. Bir vaxtlar metroların çıxışında səsləndirilən mahnılardan birinin sözləri yadıma düşdü: «Ey məni bəyənib sevməyən gözəl, məndən yaxşısını sevəydin (oxu seçəydin) barı». Mənə maraqlıdır ki, keçirilən tədbirdə nə kimi məsələlər müzkirə olundu, planlar nədən ibarət oldu və s. Bütün bunlar barədə gələcək yazılarımda yazmağa çalışacam, bir qədər araşdırım…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 267