Bir neçə dil bilsək də, biz Türkük və Türkcə düşünürük
Biz Türkcə düşünürük – bu sözləri Hollandiya Türk Federasiyasının (HTF) başqanı Murat Gedik HTF–nin yeni idarə heyətinin (yönətim qurulu) fəaliyyətinin bir illiyinə həsr olunmuş mətbuat konfransının sonunda dedi. Əslində sadəcə bu ifadəni yazmaq belə yetərli olar HTF-ni anlatmağa. Qeyd etdiyim kimi, bu sözlər mətbuat konfransının sonunda səsləndi. Odur ki, qayıdaq bir qədər əvvələ.
HTF tərəfindən mayın 8-nə Niderlandda fəaliyyət göstərən Türk media mənsublarə üçün mətbuat konfransına dəvəti sevə-sevə qəbul etdim. Mənim üçün bir fürsət idi ki, burda fəaliyyət göstərən jurnalistlərə 8 mayın bir vaxtlar alınmaz qala (!) hesab etdiyimiz, Şuşanın işğal günü olmasını çatdırım. Bu barədə bir qədər sonra.
Konfransa 20–dən artıq mətbuat işçisi qatılmışdı ki, Türkiyə əsilli Türklərdən və mətbuat mənsublarından başqa, digər Türk dövlətlərindən (eləcə də Azərbaycandan) qatılan ancaq mən idim. Konfransı HTF-nin başqanı Murat Gədik açaraq tədbirə qatılan hər kəsi salamladı və “xoş gəldiniz” – dedi. Daha sonra idarə heyətinin digər üzvləri ardıcıllıqla özlərini təqdim edərək mətbuatı salamladılar. Ardınca HTF başqanı Murat Gədik çıxış edərək ötən müddət ərzində görülmüş işlərdən, qarşıdakı planlardan söhbət açdı. “HTF–nin qapıları Türk kökənli bütün insanlara ve eləcə də təşkilatlara açıqdır. Ancaq bir şərt var ki, o da Türkün milli-mənəvi dəyərliyinə sadiqlikdir. Niderlandda yaşayan bütün Türk kökənli insanlara yönəlik fəaliyyət göstərməyə çalışırıq. Öncələr buraxılmış səhvləri bu gün bizlər təkrar etməmək üçün əlimizdən gələni edirik. Biz əlbəttə, güclü Türkiyənin olmasını istəyirik, bununla belə Hollandiyada yaşadığımızı da unutmuruq. Hazırda HTF idarə heyətində təmsil olunanların hamısı ən azından 3-4 dildə sərbəst danışa bilirlər. Bu ondan irəli gəlir ki, bu insanlar ya Hollandiyada dünyaya gəliblər, yaxud da kiçik yaşlarından burda yaşayırlar.”
Bu yerdə mən (V.A) hörmətli Murat bəyin yuxarıda gedən fikirlərinə münasibətimi siz oxucularla bölüşmək istəyirəm. HTF idarə heyətindəkilərin yerli dili bilmələri olduqca önəmli haldır. Yaşadığın öıkənin dilini bilməsən orda fəaliyyət göstərmənin heç bir anlamı, mənası yoxdur. Bir təşkilatın üzərinə orda yaşayan insanların problemlərinin həllində kömək etmək və digər bu kimi fəaliyyətlər düşürsə, yaşadığın ölkənin dövlət dilini bilmədən bunları necə edə bilərsən? Axı sən üzərinə düşən işləri görmək üçün vaxtaşırı yerli dövlət qrumları ilə ünsiyyətdə olmalısan. Bunu bizim bir çox Azərbaycan təşkilatları oxumasın, onlara heç aidiyyəti də yoxdur. Onlar öz problemlərini həll etməklə məşğuldurlar ki, bunun üçün ancaq Azərbaycan dövlət qrumları ilə əlaqə saxlamalı olurlar. Azərbaycanlı məmurlar isə ara-sıra, lazım gələndə Azərbaycan dilində danışa bilir və danışırlar.
“HTF özündə 50-yə yaxın təşkilatı birləşdirir ki, bunların da 20-nin oturma yeri, yəni ofisləri var. Zamanında bir çox sıxıntılar yaşadıq. Düşünürəm ki, HTF–nin yerinə bir başqası olsa idi, bu gün ayaqda dura bilməzdi, keçmişlərdə olanlardan dolayı. Ancaq biz ayaq üstə durmağı bacardıq. Biz bütün hər kəsə, eləcə də mətbuta, dolayısı ilə tənqidlərə də açığıq. Yanlış bir işimiz olarsa bilməmizi istərik ki, onu düzəldək. Şəffaflıq bizim üçün çox önəmlidir. Vaxtaşırı gördüyümüz işləri yazaraq mətbuat mənsublarına elektron poçtla göndəririk (mən də həmən emailləri alıram — V.A). Bütün bunlarla yanaşı, biz çox diqqətli olmağa, bütün atacağımız addımları dəfələrlə ölçüb-biçdikdən sonra atmağa çalışır və atırıq. Biz Hollandiyada Türklüyü təmsil edirik. Millətimizin, gənclərimizin oyunlara gəlməməsinə çalışırıq. Bir neçə dil bilsək də, biz Türkük və Türkcə düşünürük. HTF–nin birinci cizgisi Türk milliyətçiliyidir” – deyə daha sonra Murat bəy qeyd etdi. Çıxışı boyu HTF başqanı keçmiş vaxtlardakı fəaliyyətlərini mətbuata çox gözəl şəkildə anlatdı. Keçirtdikləri tədbirlərdən söz açdı və bunların önəmini izah etdi. Gələcəklə bağlı planlarına da toxunan Murat Gedik üzərlərinə çox böyük məsuliyyət düşdüyünün fərqində olduqlarını və bunun öhdəsindən gələcəklərinə əminliyini bildirdi. Murat bəy sözünü bitirdikdən sonra jurnalistəlrin çoxsaylı suallarını cavablandırdı. Həmkarlarımdan birinin: “HTF yeni təşkilatlar yaratmağı düşünürmü?” – sualına Murat bəy mənim ürəyimdən keçən və dəfələrlə yazılarımda toxunduğum bir cavab verdi: “Biz təşkilatların sayı çox olsun deyə təşkilat yaratmağın tərəfdarı deyilik. Təşkilat yaratmaq istəyən bu işin öhdəsindən gəlməlidir, biz isə bu işdə onlara əlimizdən gələn köməyi etməyə hazırıq.” Sual vermək növbəsi mənə gəlincə, ilk öncə may ayının 8–nin Azərbaycan üçün faciəvi bir gün olduğunu, Azərbaycanın ayrılmaz hissəsi olan Şuşanın ermənilər tərəfindən işğal olunduğunu qeyd etdim və bunu Niderlandda fəaliyyət göstərən Türk mətbuat mənsublarının da bilməsini istədiyimi vurğuladım. Murat bəyə ünvanladığım: ”Düzgün olaraq qeyd etdiniz ki, biz Niderlandda yaşayırıq. Onu da qeyd etdiniz ki, HTF idarə heyətində təmsil olunanlar yerli dili yüksək səviyyədə danışırlar. Bilmək istəyirəm ki, HTF Niderlandın siyasi həyatında necə iştirak edir və bu baxımdan gələcək planlarınız nədir? Mən 2014–cü il bələdiyyə və sonrakı illərdə keçriləcək parlament seçkilərini nəzərdə tuturam” – sualına HTF başqanı belə cavab verdi: “Əlbəttə ki, bu seçkilər bizim üçün önəmlidir. Sonunda, dediyim kimi, biz burda yaşayırıq. Ancaq biz heç vaxt kiməsə: ”sənə dəstək veririk”- demədik. Kiminsə adı Türkdür deyə ona dəstək vermək fikrimiz də yoxdur. Bilirsiz, bir Türk kökənli millət vəkilinin yapdığı yanlış üstümüzə dönür. Bir Türk kökənli insanın millət vəkili seçilib sonradan səs aldığı insanları unutması, yaxud həqarət etməsi bizləri üzür…”
Jurnalistlərin çoxsaylı suallarını cavablandırdıqdan sonra HTF başqanı Murat Gedik mətbuat mənsublarına tədbirə qatıldıqları üçün təşəkkür etdi. Qeyd edim ki, mətbuat konfransı Rotterdam şəhərindəki “İsgəndər” restoranında keçrilirdi. Mətbuat konfransından sonra süfrəyə yemək, ardınca isə şirniyyat gəldi. Necə deyərlər: ”Tatlı yeyib, tatlı danışdıq.”