Muəllif:

Azərbaycan Avropadan irəlidədir

Azərbaycan irəlidədir. Dünyanın bir çox ölkələrindən irəlidədir Azərbaycanımız. Bunu kiməsə yarınmaq kimi dəyərləndirməyin. Nə olsun ki, ölkədə rüşvət var. Mən ki, «yoxdur» — demədim. Hətta bu məsələdə belə irəlidəyik. Nə olsun ki, ziyalı, ziyanlılardan fərqli olaraq acdır. Nə olsun ki, ölkədə ziyaNlılar at oynadır, ziyalıların isə cibində «siçanlar oynayır.» Nə olsun, hə?
Azərbaycan ticarətdə də o qədər irəlidədir ki, daha ölkə bazarlarına sığmır insanlarımız. Ona görə də, Rusiya bazarları azərbaycanlılarla doludur. Vaxtı ilə yetərincə ziyalısı olan millətimiz, indi alverçiləri ilə məşhurdur. Hələ yaxşı halda. Alver pis deyil ki. İnsanlar çörək pulunu qazanır. Dubay və digər bu kimi ölkələrdə etdiyimiz «alver»ə görə isə, utanır adam. Yazmağa belə utanırsan.
Bizlər tək Rusiyaya üz tutmuruq. İndi artıq dünyanın hər yerində həmyerlilərimizə rast gəlmək mümkündür. Bilmirəm buna şükür etməyinə dəyərmi? Müxtəlif səbəblərdən dünyaya səpələnmiş insanlarımız, elə müxtəlif işlərlə də məşğul olurlar. İnkişaf etməkdə hər kəsi geridə qoyan Azərbaycan vətəndaşları, «geridə qalmış» Avropa ölkələrində ən ağır fiziki işlər belə görüblər və bir çoxları bu gün də görməkdədir. Bu sətirlərin müəllifi də istisna deyil. Təzə gələndə ağır fiziki işlər görməkdən əməliyyat belə olundum. Baxmayaraq ki, Universitetə bir qəpik belə rüşvət vermədən daxil olub, sonra bitirib, ali təhsilli olduğumu təsdiq edən diplom almışam. Sağ olsun «geridə qalmış» Niderland hökuməti, məndə azacıq qabiliyyət görüb, ağır işlərdən çəkib çıxardı, əlavə təhsil almağa göndərdi. Ancaq qabiliyyətləri məndən artıq olanlar, bunu göstərə bilmədiklərindən, ağır fiziki işlər görməyə davam edirlər. Azərbaycanda isə, səndən başqa «qabiliyyət»lərin gözlənildiyini hər kəs bilir.
Baxmayın ki, çoxları çəkdikləri əziyyətləri demir. Söhbət xaricdə yaşayanlarımızdan, dəbdə olan sözlə desək, diasporumuzdan gedir. İnanın ki, təsəvvür edilən qədər də asan həyat keçirmirlər bu insanlar. Ancaq bütün bunlara baxmayaraq, «geridə» qalmış Avropada qalmağa üstünlük verir, deyilənlərə inansaq, inkişafın zirvəsində olan Azərbaycana qayıtmaq istəmirlər. Görəsən nədir bunun sirri?
Uzağa getmək lazım deyil. Elə bizim televiziyalarda, Bakıya baxırsan, mərkəzin mərkəzi işıq saçır. Kənara, Bakı ətrafına, rayonlara keçəndə problemlər açıq-aşkar görsənir. Bəzən isə kəndlərdə bağlı qapıları göstərir, kəndlərimizin boş olmasından danışılır, cavanların Rusiyaya üz tutduqlarını deyirlər.
Elə bu sətirləri yazarkən, tv — lərimizin birinin «Xəbərlər» proqramında Avropanı bürümüş işsizlikdən bəhs edən süjet verirlər. Doğrudur, Avropada, eləcə də mənim yaşadığım Niderlandda işsizliyin sayı durmadan artır. Ancaq bilin ki, burda işsizlər acından ölmür. Burdakı işsizlərin, mən də daxil, dövlətdən aldığı sosial yardım, Azərbaycanda bir nazirin əmək haqqına bərabərdir. Sadəcə, əvvəllər də yazdığım kimi, məndə bizim nazirlərdə olan, onların əmək haqqını bərəktli «edən,» «sehirli çubuq» yoxdur. Yoxsa, villalar alar, delfinlər saxlayardım. Bəli, Avropa iqtisadiyyatı geri gedir, hörmətli aparıcı. Sizin dediyinizə inansaq, Azərbaycan iqtisadiyyatı isə irəliləməkdədir. Getsin, istəməyən şərəfsiz, ləyaqətsizdir! Ancaq bilin ki, Azərbaycan bu sürətlə irəli, Avropa isə eyni sürətlə geri getməkdə davam etsə və mən Avropada, siz isə Azərbaycanda olsanız, ən azı 100 ildən sonra görüşərik…
Mətləbdən uzaqlaşmayım. Azərbaycan doğrudan da Avropadan irəlidədir. Bunu heç kim dana bilməz. Özü də nə az, nə də çox, düz 3 saat irəlidədir.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 164