Muəllif:

Avropada benzin, doğrudan da, bahadır

Niderland

Dekabrın ilk həftəsində iki şuranın, Tarif Şurası və Milli Şuranın qərarlarını eşitdik. Birincinin qəbul etdiyi qərarın xalqımıza təsiri, yaxşı mənada yox, olmamış deyil. İkincinin qəbul etdiyi qərar isə, özlərinin də dediyi kimi, daha çox hakimiyyəti narahat edirdi…
Başlayaq birincinin qəbul etdiyi qərardan. Bir müddət öncə mətbuat və sosial şəbəkələrə hər şeyin, həm də benzinin qiymətinin qalxacağı ilə bağlı məlumatlar ötürüldü və az müddət sonra rəsmilər bunun yanlış olduğunu açıqladılar ki, bunun da məntiqi nəticəsi olaraq daha nə mətbuatda, nə də ki, sosial şəbəkələrdə bu barədə yazılara rast gəlindi. Bu, bir növ, ictimaiyyətin gözlənilən qiymət artımına verəcəyi reaksiyanı yoxlamaq məqsədi daşıyırdı, hər halda mən belə düşünürəm. Biz də ki, elə gözlənilən reaksiyanı da verdik…
Yuxarıda da qeyd etdiyim, sizlərin də bildiyi kimi, dekabrın ilk həftəsində Tarif Şurası qərarını (2 dekabr, qərar N14) verdi, neft məhsullarının qiyməti artırıldı. Əslində benzinin qiymətinin qalxmasında təəccüblü heç nə yox idi və indi də yoxdur. Şəxsən mən heç təəccüblənmədim. Rəsmilərin bir-birinin ardınca Avropa və digər ölkələrdə benzinin qiymətinin yüksək olmasını deməsi də adi qarşılanmalıdır. Hətta bu qiymətləri çox görsənsin deyə Amerika valyutası ilə — dollarla, bizdəki benzinin qiymətini isə milli valyuta — manatla deyirdilər. Bu da adidir, həm də sözün bütün mənalarında…
Avropada benzin, doğrudan da, bahadır. Niderlandda bir litr benzinin qiyməti 1 avro 62 avrosentdən 1 avro 80 avrosent arasında dəyişir. Ancaq Niderlandı, yaxud Avropanın hər hansı bir ölkəsini Azərbaycanla müqayisə etmək nə dərəcədə düzgündür? Ən azından benzinin qiymətində. Niderlandda yaşayan biri kimi qeyd etmək istəyirəm ki, mənim aylıq gəlirim ən azından 1 200 avrodur. Bəs sənin, sevgili oxucu, sənin aylıq gəlirin nə qədərdir? Hərçənd ki, maaşı soruşmaq etikadan kənardır. Həm də utanırsansa, deməyə bilərsən. Zatən bəzən mən də niderlandlı dostlarımla söhbətdə ölkəmizdə minumum əmək haqqının 500 manatdan aşağı olmadığını deyirəm. Nə edim, düzünü necə deyim? Bir şeyi xüsusi qeyd edim ki, mənim aylıq gəlirim mənə avtomobilimin benzin çənini ayda bir dəfədən artıq doldurmağa imkan verməzdi (Rəqəm olaraq aylıq gəlirim çox görsənə bilər. Ancaq burda ev kirayəsi, kommunal xərclər və s. ödəndikdən sonra yerdə qalan məbləğ ərzaq xərclərinə güclə çatır). Mən isə bunu hər həftə etməliyəm və edirəm də. Başqa cür işə, dərsə gedə bilməzdim. «Bəs necə imkan edir, pulu hardan alıram?» — deyə sual yarana bilər. Yox, mənim nə bizim məmurlar kimi sehirli çubuğum, nə də «dol, küpəm, dol» deyəndə qızılla dolan küpəm var. Deməli belədir, burda bir çox işverənlər (çoxlarımızın anladığı mənada yox) işçinin yol xərcini ödəyirlər ki, bu da ikincinin maddi vəziyyətinə yaxşı mənada təsir edir. Mənim də yol xərclərim təxminən bu qaydada ödənilir. Etiraf edim ki, indi bir çox işverənlər yol xərcini ödəməməyə çalışırlar. Bunları sözgəlişi yazdım. Yazdım ki, məmurlar müqayisə edəndə ən azından bu məqamları «unutmasınlar.» Müqayisə edəndə tək qiymətləri deyil, həm də insanların alıcılıq qabiliyyətini müqayisə etsinlər…
İkinci, Şuranın qərarına gəlincə… Bunlar da qərara gəldilər ki, Rüstəm İbrahimbəyov daha sədr yox, fəxri sədr, hörmətli Cəmil müəllim isə Milli Şuranın (yaxşı səslənir) sədri olsun. Elmə yenilik etdilər bunlar, indi artıq belə anlaşılır ki, toplananların yeri dəyişəndə cəm dəyişəcəkmiş…
Müsavat başqanı İsa Qəmbərin Azadlıq radiosuna verdiyi müsahibəni izlədim və belə anladım ki, bunlar elə əvvəldən bilirmişlər ki, Rüstəm müəllimin Rusiya vətəndaşlığı var, onun namizədliyi qeydə alınmayacaq və s. Bir sözlə, İsa bəyin müsahibəsindən anladığım o oldu ki, onlar bu günü görür və bilirmişlər ki, Milli Şuranın yaranması əslində heç nəyi dəyişməyəcək, müxalifətin gücünə güc qatmayacaq. Sadəcə, müxalifət bu ad altında birləşibmiş və hamımızın da bildiyi, İsa bəyin də etiraf etdiyi kimi, heç bu birlik də səmimi deyilmiş. Görünən dağa bələdçilik etməyəcəm, son bir neçə ayın mətbuatını təkrar vərəqləmək və İsa bəyin sözünü etdiyim çıxışına baxmaq hər oyunu açıq görmək üçün kifayətdir…
Qaldı ki, Milli Şuranın qəbul etdiyi məlum qərardan (3 dekabr) hakimiyyətin narahatlığına, razıyam, hakimiyyət, doğrudan da, narahat idi ki, görəsən bir şuranın verdiyi qərar digər şuranın verdiyi qərarı unutdura biləcəkmi? Hər halda mən belə başa düşdüm. Ona görə ki, narahat olacaq başqa səbəb də yox idi. Ancaq heç bunun da narahatçılığına səbəb yox imiş, Tarif Şurasının qərarı barədə nə danışan, nə də yazan var. Bu, mətbuat və sosial şəbəkələrdə yalnız bir gün, qərar qəbul olunan gün müzakirə olundu. Növbəti gün Milli Şura məlum qərarını qəbul etdi. İndi cəmiyyətə Milli Şuranın qərarının müzakirəsi sırınmaqdadır, bunu görməmək mümkün deyil…
P.S. Milli Şuranın yerini növbəti seçkilərdə hansı «birlik» alacaq görəsən? Nə qədər «birliklər» gördü bu millət…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 273