Muəllif:

Arada aynaya baxmağı unutmayaq…

İnternetdən izlədim ölkə prezidentinin çıxışını. Daha doğrusu, çıxışın bir hissəsini. Prezident bildirdi ki, bəzi (bəzimi?) məmur övladları qudurğanlıq edirlər. Onu da qeyd etdi ki, bu adamlar cəzalanacaqlar və ataları da işdən çıxarılacaqlar. Prezident haqlıdır. Onlar mütləq cəzalanmalıdırlar. Ancaq nə üçün ataları? Birdən bir məmur qadının oğlu harınlamış oldu? Məmur qadınlar, onların harınlamış övladları yoxdurmu? Əgər varsa, məndən olsa, onda həmən gədələrin analarını da…
Əslində mənə nə? Mənim işə təyin edib, işdən çıxarmaq kimi bir səlahiyyətim yoxdur ki, kiminsə ata-anasına tətbiq edəm. Sadəcə, bildirmək istədim ki, ölkədə yetərincə qadın məmurlarımız da var.
Ancaq məni düşündürən başqa bir şeydir. Bütün normal ölkələr kimi, bizim ölkənin də qanunları var. Olmazmı ki, ölkədə cəzalanmalı olan hər kəs qanunun əli ilə cəzalansın? Mütləqdirmi ki, prezident hər şeyə nəzarət etsin?
Hələ bir də görürsən məmurlarımız, məsələn, hansısa rayonun icra başçısı ekranda görsənir və «möhtəşəm» bir çıxış edir. Sözünün əvvəlində də, sonunda da qeyd edir ki, möhtərəm prezidentin göstərişi əsasında filan işi gördük, onu etdik, bunu etdik və s. Adama deyən yoxdur, sən daşıdığın vəzifəyə ona görə təyin olunmusan ki, bu işləri görəsən.. Hələ bir sənə göstəriş də vermək lazımdır?! Az qalırlar bütün gördükləri işlərə görə göstəriş gözləsinlər. Bəs rüşvət alanda nə üçün göstəriş gözləmirsiz? Bəs dəfələrlə sizlərə edilən xəbərdarlığa nə üçün baxmırsız? Bəlkə bunu göstəriş hesab etmirsiz ki, sizə deyirlər — həddinizi aşmayın, yoxsa sizi vəzifədən aşırarıq.
Burda bir şeyi qeyd etmək istəyirəm ki, bizim də bir millət olaraq səhvlərimiz yetərincədir. Biz (hamımız yox) bir vəzifəli, pullu şəxs görəndə az qalırıq qarşısında baş əyək. Mən bu barədə dəfələrlə yazmışam. Bir çox halda, onları bizlər başımıza çıxardırıq. Düzünü deyim ki, öncələr elə bilirdim, ekrandan hakimiyyətə tərif yağdıranlar öyrədilmiş adamlardır. Ancaq bir gün işdən (o vaxt AzTV-də işləyirdim) çıxıb evə getmək istəyəndə, televiziyanın qapısında yaşlı bir kişi kəsdi qarşımı və orda işləyib-işləmədiyimi soruşdu. Televiziyada işlədiyimi bilincə, cibindən hamının gözü önündəcə 50 Amerika dolları çıxardıb mənə uzatdı ki, məni çıxart televiziyaya (o, «telivizor» — dedi), o müxalifəti (söyüş söyərək) söyüm. Sözünə davam edərək həyatının yarısını da prezidentə (o vaxt rəhmətlik Heydər Əliyev sağ idi) qurban vermək istədiyini bildirdi. Dedim ki, sənə efirə çıxmağa kömək edəcəm. Ancaq mənə denən görüm, nə üçün bütün bunları etmək istəyirsən? Yaşlı kənd adamı idi deyə, hamısını etiraf etdi. Sən demə, onu hansısa (adını unutmuşam) rayonda balaca bir vəzifə tutan oğlu göndərib… Təbii ki, mən pulu almadım… Buna şərh də verməyəcəm. Siz nə deyə bilərsiz? Kimdir günahkar, atasına 50 dollar verib Bakıya göndərən oğulmu, həmən kişimi, hakimiyyətmi, onları efirə çıxardan, əmək haqları (o zaman) 50 dollara çatmayan, jurnalistlərmi?
Arada facebookda bizim tanınmış adamların, millət vəkillərinin səhifələrinə baxıram ki, görüm heç dəyişmişikmi? Görürəm ki, yox, deyəsən, biz heç dəyişmək fikrində belə deyilik. Adamın, deyək ki, bir millət vəkilinin təsadüfən əli klaviaturada bir düyməyə dəyibsə və bunun nəticəsində fb-da onun adından mənasız bir hərf paylanıbsa, həmən hərfin, «statusun» altında o «xoşbəxt» hərfə təriflər qoşulur, onun gözəl yazılışından söhbət açırlar. Elə şit sözlər yazır, yaltaqlıq edirlər ki, necə deyərlər, adamın əti tökülür. Rəhmətlik Əziz Nesin demiş, adamı zornan dəli edərlər. Çalışın məşhur fransız filmini, «Oyuncaq» filmini və ordakı məşhur epizodu yada salın, yaxud da növbəti dəfə həmən filmə diqqətlə baxın.
Mətləbdən uzaqlaşmayaq. Kimdir günahkar, bəlkə də əvvəli (əslində indi də) çox sadə olan həmən məmurmu, millət vəkilimi, yoxsa onlara yeri gəldi-gəlmədi tərif qoşub özümüzdən yuxarı qaldırıb, özümüzü onların ayaqları altına endirən bizlərmi? Arada aynaya baxmağı unutmayaq…
[email protected]
Niderland

Aynanın yeni köşə rubrikasından.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 280